Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-76/2024 09.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, borclunun məcburi gətirilməsi barədə təqdimat üzrə Quba Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli 8(027)-165/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nürəddin Əmrullayev təqdimatla məhkəməyə müraciət edərək, Quba rayonu, İ Nügədi kəndində yaşayan Borclu məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3(027)- 2567 nömrəli icra sənədi üzrə Quba rayonu, İ Nügədi kəndində yaşayan Borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun çağırışlarından və məhkəmə qərarlarının icrasından üzürsüz səbəbdən və bilərəkdən yayınır. Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3(027)-2567 nömrəli icra sənədinə əsasən Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 500 manat məbləğində cərimə edilmişdir. Ona həmin inzibati tənbehin tətbiq olunmasına səbəb isə Borclu ondan 50.000 ABŞ dolları məbləğində pulun alınıb tələbkar Pənah Məmmədova verilməsi barədə Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)-1084/2020 nömrəli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək indiyədək heç bir ödəniş etməməsi olmuşdur. Hal-hazırda Borclu icra məmurunun çağırışlarına gəlməkdən də boyun qaçırır və bununla barəsində olan icra sənədlərini icra etməkdən qərəzli surətdə yayınır. İcra sənədlərinin səmərəli icrasını təmin etmək məqsədi ilə Borclu Quba Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi məqsədə müvafiqdir. Bu barədə qərardad çıxarılması xahiş olunur. Quba Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli 8(027)-165/2024 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3(027)-2567 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Quba rayonu, İ Nügədi kəndində yaşayan Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu tərəfindən şikayət verilmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, qərardadda onun Quba Rayon Məhkəməsinin 3(027)-2567 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən inzibati xəta haqqında iş üzrə 500 manat cərimə ödəməli olması və həmin cəriməni ödəməkdən yayınmasının göstərilməsi həqiqətə uyğun deyil. 03 may tarixində keçirilmiş məhkəmə prosesi barədə məktub ona poçt vasitəsi ilə 05 may tarixində çatdırılmışdır və təbii ki, onun fiziki cəhətdən həmin məhkəmə iclasında iştirakı qeyri-mümkün olmuşdur. Həmçinin, icrası üçün icra sənədi verilmiş Quba Rayon Məhkəməsinin 3(027)-2567 saylı, xx.xx.2023cü il tarixli qərarı da məhkəmə tərəfindən ona çatdırılmamış və onun qərarın icraya yönəldilməsindən Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-165/2024 saylı hazırkı qərardadı ona çatdırıldıqdan sonra məlumatı olmuşdur. Qərarın icraya yönəldilməsini bildikdən sonra Elektron Məhkəmə Sistemi vasitəsi ilə Quba Rayon Məhkəməsinin 3(027)-2567 saylı, xx.xx.2023-cü il tarixli qərarını 23 may 2024-cü ildə əldə etmiş və həmin qərardan 26 may 2024-cü il tarixdə Quba Rayon Məhkəməsinə elektron sistem vasitəsi ilə şikayət təqdim etmişdir. Quba Rayon Məhkəməsinin 3(027)-2567 saylı, xx.xx.2023-cü il tarixli qərarı ona çatdırılmadan icraya yönəldilə bilməzdi və icra məmuru da həmin qərarın icrası ilə əlaqədar onun barəsində məcburi qaydada gətirilməsi tədbirini tətbiq edə bilməzdi. Hesab edir ki, şikayəti əsaslıdır və xahiş edir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-165/2024 nömrəli qərardadı ləğv olunaraq, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nurəddin Əmrullayevin onun məcburi qaydada həmin şöbəyə gətirilməsi barədə təqdimatı təmin olunmasın. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(027)-165/2024 nömrəli qərardadı ilə Borclu şikayəti təmin edilməmiş və şikayət baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə araşdıraraq bu nəticəyə gəlir ki, Borclu şikayəti təmin edilməməli və Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-165/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(027)-2567/2023 nömrəli qərarından görünür ki, bu qərarla Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 500 manat məbləğində cərimə edilmişdir. Borclu İXM-in 528.1-ci maddəsi ilə 500 manat məbləğində cərimə tənbehinin tətbiq olunmasına səbəb isə ondan 50.000 ABŞ dolları məbləğində pulun alınıb tələbkar Pənah Məmmədova verilməsi barədə Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)-1084/2020 nömrəli icra sənədinin icrası ilə əlaqədar onun icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək indiyədək heç bir ödəniş etməməsi olmuşdur. Qərardan həmçinin görünür ki, həmin inzibati xəta haqqında işə baxılmasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Borclu, zərərçəkmiş şəxs (tələbkar) Pənah Məmmədov və icra məmuru Nurəddin Əmrullayev iştirak etmişlər, məhkəmənin qərarı onların iştirak etdikləri məhkəmə iclasında elan edilmişdir. Göründüyü kimi, Borclu Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(027)- 2567/2023 nömrəli qərarından gec, yalnız həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 8(027)-165/2024 nömrəli qərardadı ona çatdırılanda xəbər tutması barədə iddiası əsassızdır. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(027)-2567/2023 nömrəli qərarı qəbul və elan olunduğu vaxtdan Borclu həmin qərardan məlumatı olmuşdur. Borclu sözügedən qərarla razılaşmayaraq ondan şikayət vermək niyyətində olduğu halda özü qısa müddətdə qərarı əldə edə və ondan şikayət verə bilərdi. İndi Borclu məhkəmə tərəfindən qərarın ona rəsmi qaydada çatdırılmalı olması barədə qanunvericiliyin formal tələbinə istinad etməsi özünümüdafiə xarakteri daşıyır. Digər tərəfdən, işdə olan sifarişli poçt xəbərnaməsinin surətindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(027)-2567/2023 nömrəli qərarı üzrə icra məmurunun “tələbin könüllü icrası haqqında” xx.xx.2024-cü il tarixli bildirişi Borclu xx.xx.2024-cü il tarixdə rəsmi qaydada verilmişdir. Lakin həmin bildirişi alandan sonra da Borclu nə icra orqanına getməmiş, nə də bildirişin verilməsinə əsas olmuş qərarı mübahisələndirməmişdir. Hal-hazırda da Borclu, Quba rayon İcra və Probasiya Şöbəsinə könüllü getmək və razılaşmadığı halları icra məmuruna bildirmək əvəzinə, məhkəmənin məcburi qaydada gətirmə haqqında qərardadından şikayət verməsi onun adı çəkilən şöbəyə getməkdən, bununla həm də məhkəmənin verdiyi icra sənədlərini (xüsusən də ondan 50.000 ABŞ dolları məbləğində pulun alınıb tələbkar P.Məmmədova verilməsi barədə xx.xx.2020-ci il tarixli, 2(027)-1084/2020 nömrəli icra sənədini) icra etməkdən yayınmasına dəlalət edir. Görünür, mövcud vəziyyətdə Borclu üçün Quba rayon İcra və Probasiya Şöbəsinə könüllü getməkdəncə, həmin şöbəyə məcburi qaydada aparılması (gətirilməsi) barədə məhkəmə qərardadından şikayət vermək sərfəlidir; bununla icra icraatı müddətinin süni şəkildə uzanmasına nail olur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Borclu barəsində məcburi qaydada gətirmə haqqında qərardadı əsaslıdır. Borclu verdiyi şikayətin dəlilləri həmin qərardadın ləğv edilməsinə əsas vermir. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. MPM-in 400 və 402-ci maddələrinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsinin hazırkı qəbildən olan qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 266-269, 395-400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli, 8(027)-165/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-76/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-76/2024
09.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver