Məhkəmə qərarları › İş №8(105)-76/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-76/2025

07.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-76/2025 07.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X9 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Borclu (ərizəçi) X3 Quba Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(027)- 66/2024 nömrəli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsinə dair iş üzrə Quba Rayon Məhkəməsinin 8(027)-28/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, baxaraq MÜƏYYƏNETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(027)-66/2024 nömrəli qətnaməsinin icrasına 06 ay möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi xx.xx.2024-ci il tarixi, 2(027)- 66/2024 nömrəli qətnaməsi ilə ondan 21953 manat məbləğində pulun alınaraq iddiaçı Tələbkar Səkər oğluna verilməsinə dair qətnamə qət etmişdir. Həmin qətnamə qüvvəyə minmiş və icra edilməsi üçün Quba rayon icra şöbəsinə icra vərəq göndərilmişdir. İş icraat qəbul edilmişdir. Hazırda həmin borcu ödəmək üçün maddi imkanı yoxdur. Ailəlidir, bir övladı var. Yoldaşı hazırda hamilədir. İİ övladı dünyaya gələcək. Hazırda heç yerdə işləmir. Bu səbəbdən Quba Rayon Məşğulluq Mərkəzinə işə düzəlmək üçün müraciət etmişdir. Məşğulluq mərkəzindən ona təkər təmiri üçün avadanlıq verilib. Həmin avadanlığı atasının həyətində quraşdıraraq sahibkar kimi fəaliyyətə başlamaq istəyir. Hazırda o, yuxarıda qeyd etdiyi təkər təmiri üçün avadanlığı atasının həyətində quraşdırıb işə başlamaq üçün əməli fəaliyyətdədir. Artıq adına VÖEN açdırmışdır. Yerdə qalan işləri həyata keçirib sahibkar kimi qazanc əldə etmək üçün ona vaxt lazımdır. Qeyd olunanlara əsasən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli 8(027)-28/2025 nömrəli qərardadı ilə (hakim Aydın Babayev) X4 Quba Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(027)-66/2024 nömrəli qətnaməsinin icrasına 06 (altı) ay müddətinə möhlət verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, məhkəmə qətnaməsinin icra edilməsi ilə tələbkarın ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi heç də borclu üçün ağır maddi məhrumiyyətlər yaratmamalıdır. Hər bir halda burada məhkəmə uduşundan yararlanmaqla, ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsində ifadə oln tələbkarın mənafeyi ilə əmlak vəziyyətinin ağırlığı halında məhkəmə qətnaməsinin tam icra edilməsinin onun üçün ağır maddi məhrumiyyətlər yaradacığında ifadə olunan borclunu mənafeyi arasında ədalətli tarazlıq mütləq qaydada gözlənilməlidir. Burada söhbət əmlak vəziyyətinin ağırlığı halında məhkəmə qətnaməsinin icrasıyla bağlı borclunu ağır məhrumiyyətlərə düçar etməmək, onu mənafeyi ilə tələbkarın mənafeyi arasında ədaətli tarazlığı təmin etməklə, yaranmış şəraitdə məhkəmə qətnaməsinin icrası üçün daha səmərəli, ən əsası daha real mexanizmin yaradılmasından gedir. Yəni bu yolla həm tələbkarın ədalətli məhkəmə araşdırması hüququ təmin edilir, həm də qətnamənin bu formada icrası borclu üçün ağır məhrumiyyətlər yaratmır. Tələbkar həmin qərardaddan xx.xx.2025-ci il tarixdə şikayət verərək, Quba Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli 8(027)-28/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi qeyd edir ki, ailə qurmuş, ikinci övladı olacaqdır, heç bir yerdə işləmir, məşğulluqla müqavilə bağlayıb təkər təmiri üçün avadanlıq almış, onu işlədib pul qazancaqdır. Bütün bunlar hamısı yalandır. Yeganə məqsəd pulu qaytarmamaqdır. Belə ki, ərizəçinin uşağının olması borcunun qaytarılması üçün heç bir manəe deyildir. Ondan pul aldığı müddətdə artıq ikinci uşağı dünyaya gələcəkdir. 2022-ci ilin avqust ayından pulu almağa başlamış, bu dövrdə onun birinci uşağı dünyaya gəlmişdir. Yəni borclu olduğunu bildiyi halda borcunu qaytarmaq üçün övladını bəhanə gətirməsi heç bir ataya yaraşmaz. Onun ərizəçinin şəxsi ailə həyatı ilə bağlı heç bir qarışacağı yoxdur, ərizəçi də şəxsi həyatını borca qarışdırmasın. Borcu olan insan övladına da baxmalıdır, borcunu da qaytarmalıdır. Bundan əlavə məhkəmə qərardadında da istinad edilmiş texnikalarla bağlı bildirmək istəyir ki, həmin texnikaların alınması ilə bağlı müqavilə xx.xx.2023-cü ildə bağlanılmışdır. Yəni texnikalar ərizəçiyə bir ildən çoxdur ki, verilmişdir. Həmin texnikalar veriləndən Quba Rayon Məhkəməsinin qətnaməsi hələ qəbul edilməmişdir. Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə işlərə baxılmışdır. Ərizəçi 1 ildən çoxdur ki, texnikaları hələ yerləşdirməyib, hələ qazanc əldə etməyib? Bundan əlavə ərizəçi qeyd edir ki, texnikaları Qələdüz kəndində atasının həyətində yerləşdirib qazanc əldə edəcək. Birincisi Qələdüz kəndi dağlıq bir ərazidi, orada kimdi maşını təkərini düzəldən? Bütün bunlar hamısı absurd məsələ olmaqla nağıldır. Necə yəni təkər düzəldəcək onun pulunu verəcək. Boş-boş bəhanələrdir. Təbii ki, bütün bunlar hamısı əsassız bəhanələr və yalanlardır. Ərizəçinin pulu da var, özü usta da işləyir, yaxşı da qazancı var, onun borcunu qaytarsın. 3 ildir gözləyir, daha nə qədər məhkəmələrin yollarına düşməli, gözləməlidir. Məhkəmə ərizəni təmin edərkən ərizəçinin əmlak vəziyyətinin ağırlığını göstərmişdir. Ərizəçinin əmlak vəziyyətinin ağırlığını məhkəmə necə müəyyən etməsi qaranlıqdır. Bəs hüquqlarının pozulmasını kim qoruyacaq. Bəs dövlətin adından çıxarılan məhkəmə qətnaməsini kim icra edəcək? Oxşar işlər üzrə işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadlarında qeyd edilmişdir ki, tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə qətnamənin icrasına möhlət verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Hazırkı halda mövcud qətnamənin icrasının daha bir neçə müddətə uzadılması 2022-ci ilindən pozulmuş hüquqlarının, 2 ildən sonra məhkəmə aktı ilə təsdiq edilən hüquqlarının bərpasını gecikdirir, həm də məhkəmənin gəldiyi nəticəni səmərəsiz etməklə hüquqların məhkəmə qaydasında müdafiəsinin həyata keçirilməsində qeyrimüəyyənlik yaradır. Halbuki, şəxsin pozulmuş hüququnun bərpasına yönəlmiş məhkəmə aktı həmin hüququn real və ağlabatan müddətdə bərpasının təmininə yönəldilməlidir. Ədalətli məhkəmə araşdırması yalnız iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini ehtiva etmir, həmçinin qəbul edilmiş yekun məhkəmə aktının icrasını da özündə birləşdirir. məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi hər bir kəs üçün icrası məcburidir. Lakin məhkəmə əmlak və digər halları ilə əlaqədar tərəfin ərizəsi əsasında məhkəmə qətnamənin icrasına möhlət qaydasını müəyyən edə bilər. Bu da yalnız o zaman mümkündür ki, qətnamənin icra edilməməsi üçün real əsaslar mövcud olsun və tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsin. Borclu məhkəmə aktının birdəfəyə ödəməyə maddi imkanın olmamasına dair tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmiş, həmçinin qətnamənin icrası üçün də real hərəkət etməmişdir. Nəzərə alınmalıdır ki, evi yaşamaq üçün, həmçinin Bakı şəhərində təhsil alan qızının kirayədə qalmamasını üçün almışdır. Pul göndərsə də ərizəçinin evini təmir etməməsi nəticəsində həm maddi ziyana düşmüş, həm də bu müddət ərzində evsiz qalmış, həm də mənəvi ziyana düşmüşdür. 3 ilə yaxındır ki, bütün instansiya məhkəmələrini keçəndən sonra yenidən məhkəmə qətnaməsinin icrasına 6 ay möhlət verilməsi məhkəmə qətnaməsini ica olunmayan bir sənədə çevirir. Ərizəçi vaxtında gəlib desəydi ki, səhv etmişdir, evi təmir etsin yenidən, və ya borcdan bu qədər güzəşt elə, həmçinin borcundan bir hissəni ödəsəydi, indi də onu başa düşərdi. Buna görə də şikayətinin təmin edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 8(027)-28/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli 8(027)- 28/2025 nömrəli qərardadı və həmin qərardadla bağlı 03 aprel 2025-ci il tarixli 8(027)- 28/2025 nömrəli qərardadı ləğv edilməli, ərizə təmin edilməməlidir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(027)- 66/2024 saylı qətnaməsindən görünür ki, 21953 manat məbləğində pulun alınaraq iddiaçı Tələbkar Səkər oğluna verilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İş materiallarında olan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı ilə X7 arasında müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı tərtib olunmuş və həmin akt əsasında X4 təkər təmiri üçün lazımi avadanlıqlar verilmişdir. İşə əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, X3 adına xx.xx.2023-cü il tarixdə ********* nömrəli VÖEN verilmiş, fəaliyyət istiqamətləri Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiridir, hazırda statusu fəaliyyətini müvəqqəti dayandırılmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, X3 mülkiyyətində 1990-cı il istehsalı “X12” markalı avtomobil vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli, 4 nömrəli qərarının 12-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafəisi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 6-cı bəndinin 5-ci abzasında qeyd olunur ki, «…. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi ilə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar……» Məhkəmə kollegiyası qeyd edir ki, Quba Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(027)-66/2024 saylı qətnaməsi ilə borcludan 21953 manat pul tutulmuş, xx.xx.2025-ci il tarixdə həmin məbləğin ödənilməsi üçün 6 ay möhlət verilməsini xahiş etmişdir. İş materialları ilə müəyyən edilir ki, “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2023-cü il tarixli müqavilə ilə X4 təkər təmiri üçün lazımi avadanlıqlar verilmiş, adına xx.xx.2023-cü il tarixdə VÖEN açılmış, hazırda fəaliyyəti müvəqqəti dayandırılmışdır. Bunadan başqa borclunun gəlirləri və tələbin yönəldilə biləcəyi əmlakların mövcud olub-olmaması da icra icraatı çərçivəsində müəyyən edilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ərizədə qeyd edilən hallar qanuni qüvvəsini minmiş məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli 8(027)- 28/2025 nömrəli qərardadı və həmin qərardadla bağlı 03 aprel 2025-ci il tarixli 8(027)- 28/2025 nömrəli qərardadı ləğv edilməli, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.3, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tələbkar şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli 8(027)-28/2025 nömrəli qərardadı və həmin qərardadla bağlı 03 aprel 2025-ci il tarixli 8(027)-28/2025 nömrəli qərardadı ləğv edilsin. Borclu (ərizəçi) X3 Quba Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(027)- 66/2024 nömrəli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar