Məhkəmə qərarları › İş №8(105)-77/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-77/2022

21.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-77/2022 21.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-107/2022 saylı qərardadından Borclu şikayətinə əsasən işə apellyasiya qaydasında yazılı icraatda baxaraq MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-107/2022 saylı qərardadı ilə (sədrlik edən, hakim Habil Əhmədov) Borclu Maraqlı şəxs icra məmurunun mütəxəssis dəvət edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-2985/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraatın bu şikayətə baxılana kimi dayandırılması barədə şikayəti təmin edilməmiş, borclu qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Borclu şikayətlə məhkəməyə müraciət edərək Maraqlı şəxs icra məmurunun mütəxəssis dəvət edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-2985/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraatın bu şikayətə baxılana kimi dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs icra məmuru tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-2985/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə X1 işdən çıxarıldığı gündən hazırki günədək orta əmək haqqı məbləğində pul vəsaitini hesablamaqla müvafiq rəy verilməsi üçün mütəxəssisin dəvət edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Qərarda qeyd olunmuşdur ki, icraat zamanı X3 ödəniləcək məbləği dəqiq müəyyənləşdirmək mümkün olmamışdır, bununla bağlı mütəxəssisin dəvət edilməsi zərurəti yaranmışdır. Maraqlı şəxs icra məmurunun xx.xx.2021-ci il tarixli qərarı əsassız və qanunsuzdur. Belə ki, icra məmurunun qərarında göstərilən xx.xx.2021-ci il tarixi, ümumiyyətlə, Abşeron Rayon Məhəməsinin 2(012)-2985/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində qeyd olunmamış və bu tarixi icra məmuru kimsəyə məlum olmayan üsulla müəyyən edərək və eləcə də bu tarixi öz qərarında göstərməklə qanunsuz və əsassız hərəkətə yol vermişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.4-cü maddəsinə görə icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə icra sənədi üzrə icraat dayandırıla bilər. Həmin Qanunun 21.2-ci maddəsinə görə bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Qanunda qeyd olunduğu tədbir əvəzinə, icra məmuru əsası olmayan xx.xx.2021-ci il tarixini (naməlum tarix) hansısa səhv mülahizələrə görə işə bərpa tarixi kimi müəyyən etməklə qanunun tələbini pozmaqla qərar qəbul etmişdir. Bundan başqa, Borclu MMC tərəfindən icra məmuruna icra sənədinin icrasını çətinləşdirən məqamların çözülməsi və bu məsələlərə müvafiq aydınlıqların gətirilməsinə dair verilmiş vəsatət və müraciətləri, ümumiyyətlə, cavabsız qalmaqda davam etmişdir. Belə ki, “İcra haqqında” qanunun 16.1-ci maddəsinə görə icra hərəkətlərinin həyata keçirilməsinə çətinlik yaradan hallar olduqda, icra məmuru tələbkarın və ya borclunun əsaslandırılmış müraciətinə əsasən icra hərəkətlərini 10 gündən çox olmayan müddətə təxirə salır. İcra məmurunun qərarında əmək haqqı üzrə dövrlər və məbləğlər, habelə Mehriban Tağıyevanın sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirləri göstərilməmişdir ki, bu da öz növbəsində məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının müəyyən edilməsi barədə sualın düzgün tərtib edilməməsinə səbəb olmaqla məcburi iş buraxma dövründə digər işəgötürənlərdən aldığı əmək haqqı fərqi, habelə bütün dövr üçün digər fəaliyyətlərdən (məsələn, məcburi iş buraxma zamanı sahibkarlıq fəaliyyəti ilə məşğul olma) əldə edilən gəlirin nəzərə alınmaması ilə nəticələnmişdir. İcra məmurunun qərarında göstərilən məsələni həll edə biləcək müvafiq sahə üzrə kifayət qədər ixtisaslı mütəxəssisin əmək müfəttişliyi tərəfindən müəyyən edilməsinə dair bənd göstərilməmişdir. “İnzibati icraat haqqında” qanunun 41.1-ci maddəsinə görə inzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər. Həmin Qanunun 41.6-1-ci maddəsinə görə mütəxəssis inzibati orqana zəruri kömək göstərilməsi üçün elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi bilik və bacarığa malik olmalıdır. Lakin mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini əvəz etmir. Göründüyü kimi, qanunun tələbinə görə mütəxəssis məhz iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün cəlb edilə bilər və məlum olduğu kimi də icra sənədində qeyd olunan işə bərpa tarixi müəyyən edilmədiyinə görə (faktiki baş verməyən hal) də bu müddət icra məmuru, mütəxəssis və ya ekspert tərəfindən müəyyən edilə bilməz və elə buna görə də qərarda göstərilmiş müvafiq dövr üçündə hesablamanın icrası da mümkünsüzdür. Həmçinin hazırki vəziyyətdə müvafiq müddət üçün orta əmək haqqı məbləğinin hesablanması da mümkün deyildir. İcra məmurunun mütəxəssis qismində dəvət etdiyi şəxs konkret fiziki şəxs olmalı, onun zəruri biliklərə, bacarıqlara malik olması, işdə şəxsi marağının olmaması, etiraz üçün digər əsasların olmaması qabaqcadan yoxlanılmalıdır. İcra məmuru bunların heç birini etməmişdir. İcra məmurunun qəbul etdiyi qərar yalnız məlumat üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə göndərilmişdir. Beləliklə, qərarda dəvət olunan mütəxəssisin adı, soyadı, atasının adı, təhsili, iş təcrübəsi haqqında heç bir məlumat yoxdur. İcra məmuru həmin qərarı borcluya göndərməmişdir. Qərarın özündə qeyd edildiyi kimi, yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə və Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Bununla da borclunun hüquqları pozulmuşdur. Borclunun sorğusundan sonra yalnız xx.xx.2022-ci il tarixdə həmin qərarın surəti borcluya təqdim edilmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Borclu şikayətini onunla əsaslandırmışdır ki, qərardad qanunsuz, əsassızdır və ləğv edilməlidir. Belə ki, qərardadda qeyd edilmişdir ki, icra sənədi üzrə borclu icra məmuru tərəfindən qəbul edilmiş qərarda hansı mütəxəssisin ayrılması, mütəxəssisin adı, soyadı və ata adı barədə qeydlərin aparılmamasının həmin qərarın qüsurlu tərtib edilməsinin göstəricisi olması ilə əsaslandırsa da, göstərilən hallar qərarın ləğv olunması üçün əsas deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə görə inzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər. Həmin Qanunun 41.6-1-ci maddəsinə görə mütəxəssis inzibati orqana zəruri kömək göstərilməsi üçün elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi bilik və bacarığa malik olmalıdır. Lakin mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini əvəz etmir. İcra məmuru qərarında hüquqi şəxsdən xahiş etmişdir ki, tələbkarın işdən çıxarıldığı tarixdən hazırki qərarın qəbul edildiyi tarixə kimi olan dövr üçün tələbkarın orta əmək haqqısını hesablasın. Qərarda tələbkarın işdən çıxarıldığı tarix qeyd olunmamışdır. Həmin tarixin müəyyən edilməsi isə mütəxəssisin deyil, icra məmurunun vəzifəsidir. Eyni zamanda, həmin tarixlə bağlı borclu icra məmurunu məlumatlandırıb ki, tələbkarın əmək müqaviləsinə ixtisarla bağlı xx.xx.2019-cu il tarixdə xitam vermişdir. Həmin əmr hazırda da qüvvədədir. Bu səbəblərdən icra məmurunun qərarında qoyduğu sualı cavablandırmaq mümkün deyildir. Qərardadda qeyd olunmuşdur ki, qanunun normasından məlum olduğu kimi, mütəxəssis işə cəlb edildikdən sonra icra məmuru tərəflərin iştirakı ilə mütəxəssis rəyi almalı və yaxud mütəxəssisə etiraz edilərsə, etiraz məsələsini həll etməlidir. “İcra haqqında” qanunun 40.1ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən icra məmuru, tərcüməçi və ya mütəxəssis tərəflərdən birinin və ya onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşdursa, yaxud icraatın nəticəsində maraqlıdırsa, yaxud onların obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsaslar vardırsa, onlar icraatda iştirak edə bilməzlər. Bu halda icra məmuru, tərcüməçi və mütəxəssis özü-özünə etiraz etməyə borcludur. İcraatda iştirak edən tələbkar və ya borclu da həmin əsaslar üzrə icra məmuruna, tərcüməçiyə və mütəxəssisə etiraz edə bilərlər. Həmin Qanunun 42.2-ci maddəsinə görə etiraz əsaslandırılmalı, yazılı formada ifadə olunmalı və icra hərəkətlərinin həyata keçirilməsinə başlanmazdan əvvəl bəyan edilməlidir. Qanunvericilik mütəxəssisin icra qurumu tərəfindən dəvət edilməsini, rəy verilərkən tərəflərinin iştirakının təmin edilməsi, o cümlədən mütəxəssisə tərəflərin etiraz edib-etməməsinin aydınlaşdırılmasını müəyyən etmişdir. Qanunvericiliyin həmin normalarından görünür ki, mütəxəssis dedikdə məhz konkret fiziki şəxs başa düşülür. Hüquqi şəxs mütəxəssis kimi cəlb edilə bilməz, çünki hüquqi şəxsin biliklərini, təcrübəsini, obyektivliyini yoxlamaq mümkün deyildir. İcra məmuru isə məhz hüquqi şəxsə mütəxəssis rəyinin verilməsini tapşırmışdır. Bundan başqa, Borclu MMC şikayətlə məhkəməyə müraciət edərək Maraqlı şəxs icra məmurunun mütəxəssisin dəvət edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin şikayət məhkəmə tərəfindən təmin edilmiş və 8(012)-176/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadda qeyd olunmuşdur ki, qərar mahiyyət etibarı ilə, mütəxəssisin dəvət edilməsi məqsədi daşımış olsa da, qərarın əsaslandırıcı hissəsində mütəxəssisin dəvət edilməsinin hansı zərurətdən irəli gəldiyi tam əsaslandırılmamış, nəticə hissəsində mütəxəssisin rəy verməsi üçün iştirakının təmin edilməsi əvəzinə, mütəxəssis rəyinin verilməsi müvafiq qurumun üzərinə öhdəlik kimi qoyulmuşdur. Qanunvericilik isə mütəxəssisin icra qurumu tərəfindən dəvət edilməsini, rəy verilərkən icra tərəflərinin iştirakının təmin edilməsi, o cümlədən mütəxəssisə tərəflərin etiraz edib-etməməsinin aydınlaşdırılmasını müəyyən etmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatından və mülki iş materiallarından göründüyü kimi, icra sənədi üzrə orta əmək haqqının hesablanmasına dair xüsusi bilik tələb edən mütəxəssisin, eyni zamanda icra sənədi üzrə tərəflərin iştirakı icra məmuru tərəfindən təmin edilməli olduğu halda, bu barədə zəruri sübutlar məhkəmə iclasında iştirak etmiş icra məmuru tərəfindən təmin edilməmişdi. Məhkəmə borclunun təqdim etdiyi şikayətdə göstərilmiş dəlillər ilə icra sənədində irəli sürülmüş tələbləri uyğunlaşdıraraq qeyd etmişdir ki, icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirilməsi prosesi zamanı mütəxəssis rəyinin verilməsindən öncə, ilkin olaraq, mütəxəssisə etirazın olub-olmamasına dair tələbə riayət edilməli, iş üzrə obyektiv rəy verməyə mane olan halların olub-olmaması araşdırılmalıdır. Beləliklə də, icra məmuru zəruri icra tədbirləri barədə sübutlarını məhkəmə iclasında təsdiq etməmişdir. Bu səbəbdən də, məhkəmə icra məmuru tərəfindən qəbul edilmiş mütəxəssisin dəvət edilməsi barədə qərarın qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edildiyindən ləğv edilməsi qənaətinə gəlmişdir. Göründüyü kimi, məhkəmənin analoji iş üzrə fərqli hüquqi yanaşmasının mövcud olması məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməməsi kimi qiymətləndirilməlidir. İcra məmurunun xx.xx.2021-ci il tarixli qərarında xx.xx.2022-ci il tarixli qərarı ilə eynilik təşkil edən qanun pozuntusuna yol verilmişdir. Həmin qərarda da icra məmuru X4 mütəxəssis rəyinin verilməsini xahiş etmişdir. Eyni məhkəmənin analoji iş üzrə qəbul etdiyi qərarında qeyd olunmuşdur ki, icra məmuru hüquqi şəxsdən mütəxəssis rəyinin verilməsini xahiş edə bilməz, mütəxəssisin dəvət edilməsini xahiş etməlidir, çünki qanunvericiliyin məzmununa görə mütəxəssis konkret fərd, fiziki şəxs olmalıdır. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilərək, Borclu Maraqlı şəxs icra məmurunun mütəxəssis dəvət edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin 2(012)-2985/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraatın bu şikayətə baxılanadək dayandırılması barədə yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli və iş üzrə icraata işə məhkəmədə baxılmalı olmadığına görə xitam verilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, borclunun şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla, işdə olan sənədlərə uyğun deyildir. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-2985/2019 saylı icra sənədinə əsasən Borclu xx.xx.2019-cu il tarixli, 12T/HR saylı X5 ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair əmr ləğv edilməli, X1 Borclundə Hüquq Departamentinin rəhbəri vəzifəsinə bərpa edilməli, Borclundən məcburi işburaxmaya görə X1 işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı məbləğində pul alınaraq, iddiaçı X3 verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi 25 oktyabr 2007-ci il tarixli qərarında hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan məhkəmə araşdırmasının tərkib hissəsi olduğunu qeyd etmiş, qətnamənin qanuni qüvvəyə minməsinə və icra prosesinə başlanılmasına baxmayaraq qətnamənin hələ də icra olunmamasını ərizəçinin Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan öz mülkiyyətindən maneəsiz istifadə hüququnun pozulması kimi qiymətləndirmişdir. Beləliklə, İnsan hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra edilməməsini Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin 1-ci bəndinin pozulması kimi qiymətləndirmişdir. İş materiallarında olan Maraqlı şəxs icra məmurunun xx.xx.2021-ci il tarixli mütəxəssisin dəvət edilməsi barədə qərarının surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2985/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə X1 işdən çıxarıldığı gündən hazırkı günədək (yəni mütəxəssisin dəvət edilməsi barədə qərarın tarixi xx.xx.2021-ci ilədək) orta əmək haqqı məbləğində pul vəsaitini hesablamaqla müvafiq rəyin verilməsi və qərarın surətinin icra olunmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə və məlumat üçün tərəflərə və aidiyyəti məhkəməyə göndərilməsi qərara alınmışdır. “İcra haqqında” qanunun 40-cı maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. Mütəxəssis icra məmurunun çağırışı üzrə gəlməyə, icra məmurunun və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, icra məmuruna texniki kömək göstərməyə borcludur. Mütəxəssis icraat zamanı gördüyü iş üçün haqq almaq hüququna malikdir. Mütəxəssisə ödənilən haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, “İcra haqqında” qanunda icra məmurunun hansı qərarlarından şikayət verilməsi konkret olaraq nəzərdə tutulmuşdur. Mütəxəssisin dəvət edilməsi barədə icra məmurunun qərarından şikayət verilməsi isə “İcra haqqında” qanunda nəzərdə tutulmamışdır. “İcra haqqında” qanunda nəzərdə tutulmasa da belə həmin qərardan şikayət verilməsi özlüyündə “İcra haqqında” qanuna görə icra sənədi üzrə icraatın dayandırılması üçün əsas deyildir. Məhkəmə kollegiyası hesab edir ki, mütəxəssisin dəvət edilməsi barədə icra məmurunun qərarından şikayət verilməsi “İcra haqqında” qanunda nəzərdə tutulmadığından borclunun hazırki şikayətinə məhkəmə qaydasında baxılmalı deyildir. Ona görə də Borclu şikayəti üzrə işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətdə göstərilən dəlillərə qiymət verib hesab edir ki, şikayət qismən təmin edilməli, məhkəmə qərardadı ləğv edilməli, şikayətə məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 365, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu şikayəti qismən təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-107/2022 saylı qərardadı ləğv edilsin. Borclu Maraqlı şəxs icra məmurunun mütəxəssis dəvət edilməsi barədə xx.xx.2021ci il tarixli qərarının ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-2985/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraatın bu şikayətə baxılana kimi dayandırılması barədə şikayəti üzrə işin icraatına işə məhkəmədə baxılmalı olmadığına görə xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar