Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-78/2021 05.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İcra sənədi üzrə Borclu vəkili və nümayəndəsi X1, İcra sənədi üzrə Tələbkar vəkili və nümayəndəsi X3 iştirakı ilə, İcra sənədi üzrə Borclu əmlaklarının üzərinə həbs qoyulması barədə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Zamiq İsayevin təqdimatına dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 8(067)-2/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Zamiq İsayev icra sənədi üzrə Borclu əmlaklarının üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. (hakim İ.Xəlilov) Xaçmaz Rayon Məhkəməsinin 8(067)-2/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. Qərardaddan icra sənədi üzrə Tələbkar şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-2/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə (hakim İ.Xəlilov) şikayət təmin edilmiş, həmin məhkəmənin 8(067)-2/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv edilmiş, təqdimat təmin olunmuş, borluya məxsus Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində və Şabran rayonu, Dəvəşi kəndində yerləşən 8 ədəd, ümumi sahəsi 2,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, habelə **-BT-*** dövlət qeydiyyat nişanlı, “Temsa Safari SD avtobus” markalı və DAF FT FX 105.460 yük markalı, ** BT *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitələri üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə Borclu şikayət verərək, Xaçmaz Rayon Məhkəməsinin 8(067)-2/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadının ləğv edilməsini, təqdimatın təmin olunmaması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-2/2021 saylı, xx xxxx 2021-ci il tarixli qərardadı ilə Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş, mülki iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında icra sənədi üzrə Borclu vəkili və nümayəndəsi X2 şikayəti müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Əlavə etdid ki, məhkəmə qərarının icrası ilə bağlı tələbkara müəyyən vəsait ödənilmişdir. Borclu nəqliyyat sektorunda sərnişin daşınması ilə məşğuldur. Hazırda karantin dövrüdür və nəqliyyat sektorunda gəlirlər kəskin azalmışdır. Biz qarşı tərəfə olan borcu hər ay 5000 ABŞ dolları olmaqla hissə-hissə ödəməyə hazırıq, lakin tələbkar bununla razılaşmamışdır. Qərar icraya yönəldiləndən sonra ümumilikdə 25000 ABŞ dolları ödəniş edilmişdir. Borclu “xxxx” MMC-nin rəhbəridir, 10 nəfərə yaxın çəxsin də bu MMC-yə külli miqdarda borcu var. Bu borc verilsə, Tələbkar borcu dərhal ödəniləcəkdir. Hazırda “xxxx” MMC-nin fəaliyyəti faktiki dayanmışdır. Üzərinə həbs qoyulmuş bəzi əmlaklarla borcun əvəzləşdirilməsinə də razıdırlar. Bundan başqa, məhkəmənin əvvəlki qərardadı ilə təqdimat rədd edilmiş, sonrakı qərardadı ilə təmin olunmuşdur. Lakin bu müddət ərzində heş bir dəyişiklik baş verməmişdir və bu mövqe qəbuledilməzdir. Borclunun əmlakına həbs o zaman qoyula bilər ki, icra məmurunun icra ilə bağlı alternativ seçimi olmasın. Lakin konkret bu işlə bağlı borcun ödənilməsi üçün digər zəruri icra tədbirləri görülməli, bunun nəticəsi olmazsa, əmlaklar üzərinə həbs qoyulmalıdır. Bu hallar kifayət qədər araşdırılmadığından qərardad ləğv edilməli, təqdimat isə təmin olunmamalıdır. İcra sənədi üzrə Tələbkar vəkili və nümayəndəsi X7 məhkəmə kollegiyasının iclasında şikayətə etiraz edib izahatında bildirdi ki, icra məmurunun təqdimat əsaslıdır. Borc tam ödənilmədiyindən borclunun əmlakları üzərinə həbs qoyulmalıdır. Buna görə də, şikayət təmin edilməməlidir. Apellyasiya baxışı zamanı Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. və 397.2. maddələrinə əsasən işə icra qurumunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 8(067)-2/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı qismən-DAF FT FX 105.460 yük markalı, ** BT *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması hissəsində ləğv edilməli, bu hissədə təqdimat rədd olunmalı, qalan hissələrdə isə qərardad dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə əsasən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqdimatdan görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-l1129 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi verilmişdir. Həmin icra sənədinə əsasən X4 113100 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Bundan sonra, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Zamiq İsayev xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. İcra mərhələsində borclu X5 adına Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində və Şabran rayonu, Dəvəşi kəndində yerləşən 8 ədəd, ümumi sahəsi 2,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, habelə **-BT-*** dövlət qeydiyyat nişanlı, “DAF FT FX 105.460 yük” markalı və **-BT- *** dövlət qeydiyyat nişanlı, “Temsa Safari SD avtobus” markalı avtonəqliyyat vasitələri qeydə alınmışdır. Bundan başqa, Ədliyyə Nazirliyinin elektron icra və informasiya sistemindən əldə edilən sorğuların nəticəsində borclu X5 adına tələbin məcburi icra edilməsi üçün borcunun yönəldilə biləcəyi bank hesabı müəyyən edilməmişdir. “İcra haqqında” Qanunun 45-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeyd aparılmalıdır. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. İş materiallarından görünür ki, icra sənədi üzrə borluya məxsus Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində və Şabran rayonu, Dəvəşi kəndində yerləşən 8 ədəd, ümumi sahəsi 2,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, habelə **-BT-*** dövlət qeydiyyat nişanlı, “Temsa Safari SD avtobus” markalı avtonəqliyyat vasitəsi qeydə alınmışdır. “İcra haqqında” Qanunun 50.2-ci maddəsinə əsasən Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Qeyd edildiyi kimi, qüvvədə olan qanunvericiliyə əsasən icra sənədindəki tələbin təmin edilməsi məqsədilə borcluya məxsus daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulmalıdır və bu barədə icra məmurunun təqdimatı qismən əsaslıdır. Lakin təqdimatda adı göstərilmiş **-BT-*** dövlət qeydiyyat nişanlı, “DAF FT FX 105.460 yük” markalı avtomobilin borcluya məxsus olması barədə işdə hər hansı məlumat olmadığından məhkəmə kollegiyası hesab edir ki, bu hissədə təqdimat əsassızdır. İşə baxan məhkəmə bu hala düzgün qiymət verməmiş, bu hissədə kifayət qədər əsaslandırılmamış təqdimatı təmin etməklə “İcra haqqında” Qanunun tələblərini pozmuşdur. Məhkəmə kollegiyası qalan əmlaklara dair şikayətin dəlillərini isə formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərardadının həmin hissələrdə ləğvi üçün əsas sayıla bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 8(067)- 2/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı **-BT-*** dövlət qeydiyyat nişanlı, “DAF FT FX 105.460 yük” markalı avtomobilə dair hissədə ləğv edilməli və təqdimat həmin hissədə rədd olunmalı, qalan hissədə isə qərardad dəyişdirilmədən saxlanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadı icra sənədi üzrə borcluya məxsus Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində və Şabran rayonu, Dəvəşi kəndində yerləşən 8 ədəd, ümumi sahəsi 2,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, habelə **-BT-*** dövlət qeydiyyat nişanlı, “Temsa Safari SD avtobus” markalı avtonəqliyyat vasitəsinə dair hissələrdə prosessual hüquq normalarının tələblərinə uyğundur və onun bu hissələrdə ləğvi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə görə apelyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İcra sənədi üzrə Borclu tərəfindən verimiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 8(067)-2/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı DAF FT FX 105.460 yük markalı, ** BT *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması hissəsində ləğv edilsin və təqdimat həmin hissədə təmin edilməsin. Qalan hissələrdə, yəni borluya məxsus Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində və Şabran rayonu, Dəvəşi kəndində yerləşən 8 ədəd, ümumi sahəsi 2,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, habelə **-BT-*** dövlət qeydiyyat nişanlı, “Temsa Safari SD avtobus” markalı avtonəqliyyat vasitəsi üzərinə həbsin qoyulması hissəsində qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №8(105)-78/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-78/2021
05.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver