Məhkəmə qərarları › İş №8(105)-79/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-79/2021

14.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-79/2021 14.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, Borclu iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 8(012)-32/2021 saylı qərardadından Borclu verdiyi şikayət üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 8(012)-32/2021 saylı qərardadı ilə (hakim H.Y.Əhmədov) icra vərəqəsində cavabdeh Borclu icarə hüququ iddiaçı Tələbkar adına 28.09.2011-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestrində 227 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonunun Ramana südçülük sovxozu ərazisində ehtiyat fondunun 0.06 ha torpaq sahəsindən çıxarılması, cavabdehin həmin torpaq sahəsində olan qanunsuz tikilidən çıxarılması kimi nəzərə alınaraq icra edilməsi qərara alınmışdır. Borclu şikayət verib, Abşeron Rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli, 8(012)-32/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 8(012)-32/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Abşeron Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(012)-2349/2019 saylı qətnaməsinə əsasən cavabdeh Borclu icarə hüququ iddiaçı Tələbkar adına 28.09.2011-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestrində 227 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonunun Ramana südçülük sovxozu ərazisində ehtiyat fondunun 0.06 ha torpaq sahəsindən çıxarılması qərara alınmışdır. Həmin qətnamə əsasında 17 iyul 2019-cu il tarixdə icra vərəqəsi verilmişdir. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X3 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 14.06.2019-cu il tarixli, 2(012)-2349/2019 saylı icra sənədinin məcburi qaydada icra olunması barədə əvvəlcədən iş üzrə tərəflərə və aidiyyatı orqanlara rəsmi qaydada məlumat verilməklə icra tədbirlərinin görülməsi nəzərdə tutulmuşdur. İcra sənədində qeyd edilən tələbin icrası zamanı mübahisə predmeti olan torpaq sahəsinin üzərində 1 ədəd 3 otaqdan ibarət fərdi yaşayış evinin mövcud olması, həmin evdə iş üzrə Borclu və onun uşaqları ilə birlikdə yaşaması müəyyən olunmuşdur. Həmin vaxt Azərbaycan Respublikası Əmlak Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən mübahisə predmeti olan Abşeron rayonunun Ramana südçülük sovxozu ərazisində yerləşən ehtiyat 0.06 ha torpaq sahəsinin dayaq nöqtələri müəyyən olunmuş və iş üzrə Borclu icra sənədində qeyd edilən torpaq sahəsindən çıxarılması tələb olunmuş, lakin iş üzrə borclu torpaq sahəsindən çıxarılmasına etiraz etməmişdir. Mübahisə edilən torpaq sahəsi təhvil verilən zaman, iş üzrə tələbkar mübahisə predmeti olan torpaq sahəsini götürməkdən imtina etmiş və tələb etmişdir ki, mübahisə predmeti olan torpağın üzərində yerləşən 1 ədəd fərdi yaşayış evini tam şəkildə boşaldıb həmin evdən çıxarıldıqdan sonra, torpaq sahəsini təhvil götürəcəyini bildirmişdir. Belə olan halda iş üzrə tələbkara izah olunmuşdur ki, icra sənədində fərdi yaşayış evinin boşaldılaraq tələbkara təhvil verilməsi bir tələb kimi göstərilmədiyindən sözü gedən icra sənədinin icra olunması bu səbəbdən mümkün olmamışdır. Ona görə də, Abşeron Rayon Məhkəməsinin 14 iyun 2019-cü il tarixli, 2(012)-2349/2019 saylı icra vərəqəsinin icrasının təmin edilməsi üçün icra sənədinə müəyyən aydınlıq gətirilməklə müvafiq izahın verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Borclu verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 25 yanvar 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Abşeron rayonunun Ramana südçülük sovxozu ərazisində yerləşən ehtiyat 0.06 ha torpaq sahəsi və qanunsuz tikilən evdə onun da əziyyətləri çox böyük olmuş və illər boyu əkib qazandığı halal pulları cəmləyib ev tikdirmişdir. Tələbkar sözügedən torpaq sahəsini 2011-ci il tarixdə onunla razılaşdıqdan sonra öz adına sənədləşdirmiş və torpaq sahəsinə çıxarış almışdır. Həmin vaxt ailə arasında razılığa gəlinmişdir ki, müəyyən bir vaxtdan sonra, yəni birlikdə qazanıb gəlirlərini cəmləşdirdikdən sonra tikdikləri evə də çıxarış alarlar. Tələbkar özü bilirdi ki, ürəyində ciddi problem var və həkimlər əməliyyat olmağının lazım olduğunu bildirmişlər. Övladları azyaşlı olduğu və imkanı yaxşı olmadığı üçün ürəyini əməliyyat etdirə bilməmişdir, yalnız dərmanlar vasitəsi ilə yaşayır. Son vaxtlar ürəyinin problemləri daha da şiddətli dərəcədə ağrıdığına görə, “mən xəstəyə baxa bilmərəm və mənim ürək əməliyyatı etdirməyə pulum yoxdur” deyərək, ailədə mübahisələr yaratmağa başlamışdır. Hər zaman evdə qalmaqal yaratmış və qısa bir müddətdə də nikahları ləğv edilmişdir. Ürəyim xəstə ola-ola evdə şirniyyatlar bişirib övladlarını saxlamış və evdə yarımçıq qalan nə varsa onları təmir etdirmişdir. Tələbkar özü yaxşı bilirdi ki, həmin evin tikilməsində onun zəhməti az olmuşdur. Özü həyətində əkib becərmiş, fəhlə kimi gedib Fatmayı bağlarında işləmiş və gecələr də şirniyyat bişirib yaxın mağazalar vasitəsi ilə satıb uşaqlarını saxlamış və evini tikmişdir. Lakin məhkəmə tələbkar Ə.lbrahimovun və icra məmurunun ərizələri əsasında öz tikdiyi yaşayış evndən çıxarır. Sözügedən yaşayış evində istifadə hüququ var. Tələbkar qeydiyyatda olduğu Şirvan şəhərində, yəni gəlin köçdüyü ünvana mənzilə köçürmə tələbi ilə müraciət edəndə, Tələbkar özü bildirdi və uşaqlarının yanında söz verdi ki, “mənzilə köçürmə barədə ərizəni məhkəməyə təqdim etmə, mən Ramana sovxozunda yerləşən torpağı sənin adına keçirəcəm”. Qeyd olunanlara əsasən məhkəmə onun mülkiyyət hüququnu kobud şəkildə pozaraq onun mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilib, qətnaməyə izah verilməsi barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Borclu şikayəti müdafiə edib, təmin edilməsini xahiş etdi. Tələbkar məhkəmə kollegiyasına teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclsında iştirak edə bilmədiyini və iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Abşeron rayon icra və probasiya şöbəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Abşeron rayon icra və probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qətnaməyə izah verilməsi barədə icra məmurunun ərizəsini təmin etdikdə göstərmişdir ki, icra sənədinin icra olunmasında yaranan çətinliklər həmin torpaq sahəsində olan qanunsuz tikilinin olması və borclunun orada yaşamasıdır. İcra sənədində cavabdehin torpaq sahəsindən çıxarılma onun üzərində tikilmiş qanunsuz hər hansı bir tikili varsa həmin tikililərə də aid edilməlidir. Belə ki, qanunsuz tikilidə yaşayan borclu bilavasitə torpağın üzərində olan tikilidə yaşayır və həmin torpaq vasitəsilə qanunsuz tikiliyə daxil olur və çıxır. Ona görə də məhkəmə qanunsuz tikili olduğu üçün cavabdehin tikilidən deyil torpaqdan çıxarılması barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.1 - 15.3-cü maddələrinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. Həmin Qanunun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Verilmiş şikayət əsasında işin hallarını araşdıran məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası MPM-nin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Məhkəmə kollegiyası nəzərə alır ki, qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(012)-2349/2019 saylı qətnaməsinə əsasən Tələbkar adına 28.09.2011ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestrində 227 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonunun Ramana südçülük sovxozu ərazisində ehtiyat fondunun 0.06 ha torpaq sahəsindən çıxarılması qətnamənin nəticəvi hissəsində göstərilmiş tələblər icra sənədində tam və aydın şəkildə öz əksini tapmışdır. Lakin qətnamənin icrası zamanı mübahisə predmeti olan torpaq sahəsinin üzərində 1 ədəd 3 otaqdan ibarət fərdi yaşayış evinin mövcud olması, həmin evdə iş üzrə Borclu və onun uşaqları ilə birlikdə yaşaması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Mübahisə ilə əlaqədar məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə emiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 157.4 və 164.1-ci maddələrinə əsasən iddiaçı əşya üzərində mülkiyyət və sahiblik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilər. Birinci instansiya məhkəməsinin qətnamənin nəticə hissəsində fərdi yaşayış evindən çıxarılma tələbi olmadığı halda məhkəmə tələbdən kənara çıxaraq icra məmurunun təqdimatına hüquqi münasibət bildirmişdr. Eyni zamanda qətnaməyə izah vermək mülki işin davamı olduğu halda Abşeron Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(012)-2349/2019 saylı qətnaməsinə izah verilməsi barədə təqdimata hüquqi qiymət verdikdə «8» indeksi altında baxmışdır. Azərbaycan Respublikası məhkəmələrində kargüzarlığın aparılması qaydalarına dair Təlimatın 147-ci bəndinə əsasən qətnamələrin icra qaydasında icraatı «8» indeksi altında siyahıya alınaraq baxılır. Göründüyü kimi qətnaməyə izah verilməsi həmin mülki işin davamı olub, mövcud qətnamənin icra mərhələsində aparılan icraatla bağlı deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2021ci il tarixli, 8(012)-32/2021 saylı qərardadı və şikayətin təmin edilmədən işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə məhkəmənin 03 mart 2021-ci il tarixli, 8(012)- 32/2021 saylı qərardadı qərardadı ləğv edilib, Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X2 Abşeron Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(012)-2349/2019 saylı qətnaməsinə izah verilməsi barədə ərizəsi yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398- 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Borclu verdiyi şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 8(012)-32/2021 saylı qərardadı və şikayətin təmin edilmədən işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə məhkəmənin 03 mart 2021-ci il tarixli, 8(012)-32/2021 saylı qərardadı qərardadı ləğv edilsin. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X2 Abşeron Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(012)-2349/2019 saylı qətnaməsinə izah verilməsi barədə ərizəsi yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar