Məhkəmə qərarları › İş №8(105)-79/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-79/2022

21.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-79/2022 21.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, tələbkar "xxxx" ASC-nin Maraqlı şəxs 04 aprel 2022- ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar icraya yönəldilməsi barədə ərizəsi üzrə çıxarılmış Xızı Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 8(068)-9/2022 saylı qərardadından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Xızı Rayon Məhkəməsinin 30 aprel 2020-ci il tarixli, 2(068)-69/2020 saylı qətnaməsinə əsasən cavabdeh Borclu iddiaçı "xxxx" ASC-nin xeyrinə cəmi 1031,98 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmiş və həmin məhkəmə aktı icra edilməsi üçün 11 iyun 2020ci il tarixində Maraqlı şəxsnə göndərilmişdir. Maraqlı şəxs rəisi Taleh Bayramovun 04 aprel 2022-ci il tarixli qərarı ilə bu icra sənədi “İcra Haqqında Azərbaycan Respublikası Qanununun” 23.1.3-cü maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. Tələbkar "xxxx" ASC ərizə (şikayət) ilə məhkəməyə müraciət edərək “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Xızı Rayon Məhkəməsinin 30 aprel 2020-ci il tarixli, 2(068)-69/2020 saylı icra vərəqəsi üzrə Maraqlı şəxs icra sənədinin məhkəməyə geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və icra işinin təkrar Maraqlı şəxsnə yönəldilməsini məhkəmədən xahiş etmişdir. Xızı Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 8(068)-9/2022 saylı qərardadı ilə Maraqlı şəxs 04 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar icraya yönəldilməsi barədə ərizəsi təmin edilməmişdir (hakim Emin Abdullayev). Tələbkar "xxxx" ASC Xızı Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 8(068)9/2022 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilərək, icra sənədinin təkrar Maraqlı şəxsnə göndərilməsini xahiş etmişdir. Xızı Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 8(068)-9/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Tələbkar "xxxx" ASC-nin şikayəti onunla əsaslandırılmışdır ki, geri qaytarılma zamanı tərtib edilmiş aktda ziddiyyət müəyyən edildiyi, xx.xx.2022-ci il tarixli borclunun yönəldilə biləcəyi əmlakın olmaması haqqında aktın 2-ci bəndində Borclu həmin ünvanda yaşamaması və tələbin yönəldilə biləcəyi əmlakın olmaması qeyd edilmiş, lakin aktı imzalayan şəxslərin imzası sırasında Borclu akta imza çəkməsi aktın doğruluğuna şübhə yaratdığı bildirilsə də, məhkəmə həmin sənədlərə münasibət bildirməmişdir. Odur ki, Xızı Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 8(068)9/2022 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilərək, icra sənədinin təkrar Maraqlı şəxsnə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə müəyyən etmişdir ki, icra məmuru icra sənədini məhkəmədən qəbul etmiş və icraata başlamış, bundan sonra, icra məmuru sözügedən icra sənədinin icrası üçün davamlı tədbirlər görmüş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadığından, eləcə də icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədiyindən icra sənədi icra sənədini vermiş məhkəməyə qaytarılmış, eyni zamanda, tələbkar sözügedən icra sənədinin yenidən icraya yönəldilməsinin xahiş etsə də, məhkəmə iclasında iştirak etməmiş və icra sənədinin geri qaytarılmasını nəzərdə tutan əsasların aradan qalxmasına dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tələbkarın ərizəsini təmin etməyərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarından görünür ki, icra sənədinin məhkəməyə geri qaytarılmasına əsas kimi borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilməsi, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlakın aşkar olunmaması və xx.xx.2022-ci il tarixdə akt tərtib edilməsi əsas olmuşdur. Qeyd edilən hal, eləcə də tərtib edilmiş akt tələbkar tərəfindən mübahisələndirilmiş, aktın imzalar bölməsindəki 3-cü qrafada borclu qarşısında Borclu yazılaraq imzalanmasının aktın doğruluğuna şübhə yaratdığı bildirilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qeyd edilən hala diqqət yetirməmiş, həmin halın aydınlaşdırılması üçün kifayət qədər araşdırma aparmamışdir. Belə ki, akta əsasən borclunun Xızı rayonu, Şuraabad qəsəbəsində yaşamaması və tələbin yönələ biləcəyi əmlakın olmaması barədə akta borcunun özü tərəfindən imza edilməsi aktın doğruluğunu şübhə altına alır. Eyni zamanda tələbkarın ərizəsinin araşdırılması üçün icra qurumundan icra işinin tələb edərək icra məmuru tərəfindən borcluynun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlərin görülüb-görülməməsini araşdırmamışdır. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra– Konstitusiya) 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 17 oktyabr 2017-ci il tarixli qərarında göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Məhz bu baxımdan qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir. İş materiallarından görünür ki, qəbul olunan müvafiq məhkəmə aktı xeyli müddətdir ki, icra olunmadan qalmışdır. Halbuki, İcra haqqında Qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Azərbaycan Respublikası İcra haqqında Qanunun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır: tələbkarın ərizəsi əsasında; borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Azərbaycan Respublikası İcra haqqında Qanunun 70.1-maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən bu Qanunun 70.1-ci və 70.2-ci maddələri ilə nəzərdə tutulmuş tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Eyni zamanda yuxarıda sadalanan halların araşdırılması apellyasiya instansiyası məhkəməsində qeyri-mümkün olduğundan məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Xızı Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 8(068)-9/2022 saylı qərardadı ləğv edilməli, tələbkarın ərizəsi yenidən müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tələbkar "xxxx" ASC-nin şikayəti qismən təmin edilsin. Xızı Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 8(068)-9/2022 saylı qərardadı qərardadı ləğv edilsin. Maraqlı şəxs 04 aprel 2022- ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar icraya yönəldilməsi barədə tələbkar "xxxx" ASC-nin ərizəsi yenidən müzakirə edilməsi üçün XızıRayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar