Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-79/2023 24.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Tələbin borclunun pensiyasına yönəldilməsi barədə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin təqdimatına dair Quba Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 8(027)-218/2023 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayev təqdimatla məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-2248/2018 nömrəli icra sənədi ilə Borclu ödəməli olduğu borcun onun pensiyasının 25%-nə yönəldilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(027)-2248/2018 nömrəli icra sənədinə əsasən Borclu cəmi 1200 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq Tələbkar-nin hesabına ödənilməlidir. Qeyd olunan icra vərəqəsi üzrə 80401/19 saylı icra işi açılaraq qanuna müvafiq qaydada icraata başlanılmışdır. Başlanılmış icraat zamanı borclu könüllü icra müddətində icra sənədini icra etməmişdir. Bu səbəbdən borclunun əmlak və gəlirlərinin müəyyən edilməsi istiqamətində müvafiq orqanlara sorğular verilmişdir. Axtarış zamanı məlum olunmuşdur ki, Borclu DSMF-nin Quba rayon şöbəsindən İ qrup əlilliyə görə pensiya alır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43, 63 və 65-ci maddələrini rəhbər tutaraq icra sənədi üzrə tələbin Borclu pensiyasının 25%-nə yönəldilməsi haqqında qərar qəbul olunması xahiş olunmuşdur. Quba Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 8(027)-218/2023 nömrəli qərardadı ilə təqdimat qismən təmin edilərək Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-2248/2018 nömrəli icra sənədi ilə Borclu ödəməli olduğu borcun onun pensiyasının 20%-nə yönəldilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Qərardaddan narazı olan Tələbkar şikayət verərək Quba Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 8(027)-218/2023 nömrəli qərardadının ləğv edilməsini və təqdimatın rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən borclunun barəsində məhkəmənin qətnaməsi 27 sentyabr 2018-ci il tarixdə qəbul edilmişdir. 5 ilə yaxın müddətdir ki, borclu borcunu ödəmir. Göstərilən müddətdə iş üzrə icra məmuru hər hansı icra tədbiri həyata keçirməmiş, həmçinin tələbi borclunun pensiyasına yönəltməmişdir. İşin faktiki hallarından göründüyü kimi, məhkəmə tələbkarın qanunla qorunan maraqlarını aşkar şəkildə pozaraq tələbi borclunun pensiyasına hər ay 20% yönəltməklə qətnamənin icrasını təxminən 2 il müddətinə uzatmışdır. 5 il əvvəl qət edilmiş məbləğin hər ay təxminən 80 manat ödənilməsinə yaradılmış şərait tələbkarın qanunla qorunan maraqlarına əhəmiyyətli dərəcədə təsir göstərir. İcra şöbəsi tərəfindən məhkəmə qətnaməsinin hissə-hissə ödənilməsinə şərait yaradılması özünə məxsus olan pulu uzun müddətdir ala bilməyən tələbkarın bundan sonra da həmin pullara dair mülkiyyət hüququnu həyata keçirməklə bağlı qeyri-müəyyən vəziyyətə salmış olur və tələbkarın Azərbaycan Respublikası Konstitusiyası və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası ilə təsbit olunmuş mülkiyyət hüququnun pozulması və öz hüquqlarını realizə etmək imkanından məhrum olunması ilə nəticələnir. İcra məmuru və məhkəmə nəzərə almamışdır ki, borclu tərəfindən əldə edilmiş pul vəsaitinin bundan sonra təxminən 2 il müddətə hissə-hissə qaytarılmasına şərait yaratmaqla onsuz da əlverişsiz vəziyyətə düşmüş tələbkarın vəziyyətini daha da ağırlaşdırmış olur. Quba Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 8(027)-218/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 8(027)-218/2023 nömrəli qərardadı ləğv edilməli, tələbin borclunun pensiyasına yönəldilməsi barədə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin təqdimatına yenidən baxılması üçün material Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılan zaman müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-2248/2018 nömrəli icra sənədinə əsasən Borclu cəmi 1200 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq Tələbkar-nin hesabına ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə Quba rayon İcra və probasiya şöbəsində icraata başlanılmış, borclu könüllü icra müddətində icra sənədini icra etməmişdir. Bu səbəbdən borclunun əmlak və gəlirlərinin müəyyən edilməsi üçün Quba rayon İcra və probasiya şöbəsi tərəfindən müvafiq orqanlara sorğular verilmiş və sorğular zamanı Borclu DSMF-nin Quba rayon şöbəsindən İ qrup əlilliyə görə pensiya aldığı müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayev təqdimatla məhkəməyə müraciət edərək, Borclu ödəməli olduğu borcun onun pensiyasının 25%-nə yönəldilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63.1, 63.1.1, 63.1.2 və 63.1.3cü maddələrinə görə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə, icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda və tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 68.1.3-cü maddəsinə əsasən tələb orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ödənilən pul məbləğinə yönəldilə bilməz. İş materiallarından görünür ki, Borclu İ qrup əlilliyə görə 412 manat məbləğində pensiya alır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Quba rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatına əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-2248/2018 nömrəli icra sənədi ilə Borclu ödəməli olduğu borc məbləğini tələbin yönəldilməsinə yol verilməyən pul məbləğinə yönəltmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericiliyin mənasından da göründüyü kimi tələbin borclunun əmlaklarına və pul gəlirlərinə yönəldilməsi məcburi icra tədbirləridir və “İcra haqqında” Azərbaycan Respublikası Qanunununda nəzərdə tutulmuş normalarla tənzimlənməklə məhkəmənin deyil, birbaşa icra məmurunun səlahiyyətlərinə aid olan məsələdir. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardad ləğv edilməklə tələbin borclunun pensiyasına yönəldilməsi barədə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin təqdimatına yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 8(027)-218/2023 nömrəli qərardadı ləğv edilsin. Tələbin borclunun pensiyasına yönəldilməsi barədə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin təqdimatına yenidən baxılması üçün iş Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-79/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-79/2023
24.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver