Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-79/2025 15.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu X2 Maraqlı şəxs1 böyük icra məmuru Rüfət Məmmədovun qanunsuz hərəkətlərindən şikayət ərizəsinə dair iş üzrə (Açar sözlər: xüsusi qərardad çıxarılma barədə, şikayətin qeyri-mümkün hesab edilməsi) X1 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Borclu X2, nümayəndəsi Nümayəndə1, Maraqlı şəxs1 böyük icra məmuru Nümayəndə2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-11/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından borclu X5 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Borclu X5 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 böyük icra məmuru Rüfət Məmmədov tərəfindən 07 və 10 noyabr tarixlərdə hər biri 50 faiz - 181.89 AZN olmaqla 100 faiz (362 AZN) tutulmuş əlillik pensiyasına münasibətdə icra məmurunun hərəkətlərinə hüquqi qiymət verilməsi və təqdim etdiyi korrupsiya cinayəti əsasında sözügedən icra məmuru barəsində xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, borclu qismində cəlb olunduğu Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(105) saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə, 2023-cü ilin fevral ayından etibarən dövlət tərəfindən ona təyin olunmuş əlillik pensiyasından mütəmadi qaydada pul tutulmaqdadır. Lakin, qoşmada əlavə etdiyi X6 sənədindən də göründüyü kimi, Maraqlı şəxs1 tərəfindən 2024-cü ilin noyabr ayı üzrə pensiyası 07 və 10 noyabr tarixlərində hər biri 50 faiz - 189.89 AZN olmaqla 100 faiz (362 AZN) tutulmuşdur. İcra sənədi üzrə icraçı böyük icra məmuru Rüfət Məmmədova bu barədə qanunsuz hərəkətinin səbəbini soruşduqda, cavabında “Mən dövlət məmuruyam, sən də borclusan. Dövlət də mənə bu səlahiyyəti verib. Pulu nə qədər tuturam, özüm bilərəm. Sənə nə?! Xoşun gəlmirsə, get ver məhkəməyə! ” Dövlətin verdiyi əlillik pensiyasından tam şəkildə onu məhrum edən icra məmuru, bu qanunuz hərəkəti azmış kimi, mütəmadi qaydada pensiyasından tutulmalar edilməsinə baxmayaraq, barəsində məhkəməyə “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” təqdimat vermişdir. Əlavə olaraq, icra məmuru Rüfət Məmmədov borclu Pərviz Şahhüseynovun xaricdən göndərdiyi və onun şəxsən icra məmuruna çatdırdığı pulları “tələbkara ödədiyini" dediyi halda, bu ötən illər ərzində tələbkara 1 qəpik belə ödəməmiş, külli miqdarda pulu rüşvət kimi mənimsəmiş, korrupsiya cinayəti törətmişdir! Həmin icra məmuru növbəti addım olaraq “barəsində axtarış verəcəyi” və onu “tutduracağı” ilə hədələyir. Odur ki, məcburən dövlətin ədalət məhkəməsinə sığınaraq, bu qanunsuzluğu və özbaşınalığı dayandırmağı xahiş edir. “İcra haqqında” AR Qanunun 65.1-ci maddəsinə əsasən (Borclunun əmək haqqından və digər gəlirlərlərindən tutulan məbləğin miqdarı) icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutulmaların məbləği 50 faizdən çox ola bilməz.” Həmin Qanunun 65.2-ci naddəsinə görə, “Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır.” Qanunun tələbinə məhəl qoymayan böyük icra məmuru Rüfət Məmmədovun qanunsuz əməlləri nəticəsində — yeganə gəlir mənbəyi olan əlillik pensiyasını 100 faiz tutduğuna görə — son bir aydır ki, ən zəruri maddi ehtiyaclarını (çörək, şəkər, çay... və s.) belə qarşılaya bilmir. Qeyd edilənlərə əsasən şikayət təmin edilməlidir.
3. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-11/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim G.Tanrıverdiyeva) şikayət qismən təmin edilərək, Maraqlı şəxs1 böyük icra məmuru Rüfət Məmmədovun Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-109/2019 saylı icra sənədinin icrası ilə bağlı borclu X2 təqaüdündən bir ay ərzində 100% tutulma aparılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi qərara alınmış, ərizə icra məmuru barəsində xüsusi qərardad çıxarılması hisssəsində təmin edilməmişdir.
4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırıb ki, şikayət verilən icra məmurunun hərəkətlərinin «İcra haqqında» Qanunun tələblərinə uyğun olub-olmamasının yoxlanılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-109/2019 saylı icra sənədi üzrə icra işinin məhkəməyə təqdim edilməsi üçün Maraqlı şəxs1nə, həmçinin X2 əmək pensiyasından xx.xx.2024-cü il tarixdən hal-hazırədək tutulmuş məbləğlər (tutulmaya əsas olmuş sənədlərlə birlikdə) barədə məlumatların məhkəməyə təqdim edilməsi üçün "xxxx" ASC-yə sorğular göndərilmişdir. Həmin sorğular əsasında məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, borclu X2 pensiyasına 2024-cü ilin oktyabr ayı üzrə xx.xx.2024-cü il tarixli, 145531/2019-47-21-021 nömrəli inkasso sərəncamı qoyulmuş, həmin sərəncam xx.xx.2024-cü il tarixdə bank tərəfindən icra edilmişdir. Buna baxmayaraq, icra məmuru tərəfindən eyni ay üzrə xx.xx.2024-cü il tarixdə borclunun pensiyasına ikinci dəfə 145531/2019-47-21-022 nömrəli inkasso sərəncamı, eyni zamanda xx.xx.2024-cü il tarixdə növbəti 145531/2019-47-21-025 nömrəli inkasso sərəncamı tətbiq edilmişdir.
5. Beləliklə xx.xx.2024-cü il tarixli, 145531/2019-47-21-022 nömrəli və xx.xx.2024-cü il tarixli 145531/2019-47-21-025 nömrəli inkasso sərəncamları noyabr ayında icra edildiyindən borclu 2024-cü ilin noyabr ayında pensiyasından tam məbləğdə məhrum olmuşdur. Göründüyü kimi icra haqqında qanunvericilik borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldilən tutulmaların məbləğinin 50 faizdən yuxarı olmasını qadağan etdiyi halda (alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi halları istisna olmaqla) hazırki iş üzrə borclunun pensiyasının 100 faiz məbləğinə icra məmuru tərəfindən tutulma yönəldilmişdir. Bu səbəbdən məhkəmə hesab edib ki, şikayət qismən təmin edilməli, Maraqlı şəxs1 böyük icra məmuru Rüfət Məmmədovun Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-109/2019 saylı icra sənədinin icrası ilə bağlı borclu X2 pensiyasından bir ay ərzində 100% tutulma aparılması ilə bağlı hərəkətləri qanunsuz hesab edilməlidir. Məhkəmə həmçinin hesab edib ki, hazırki iş üzrə icra məmuru barədə xüsusi qərardad çıxarılması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olmadığından bu barədə ərizə təmin edilməməlidir
6. Borclu Bayram Mahmudov sözügedən qərardadın “icra məmuru barəsində xüsusi qərardad çıxarılmasının təmin edilməməsi” hisssəsindən şikayət verərək, qərardadın bu hissədə ləğv edilərək, ərizənin həmin hissədə təmin olunmasını xahiş etmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-11/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63.1.1, 63.1.2, 63.1.3, 65-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2, 15.3, 263-264-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
9. Borclu şikayətini onunla əsaslandırıb ki, işə baxmış məhkəmə nə rüşvət alma barədə fakta, nə də faktla bağlı təqdim etdiyi sübutlara qətiyyən qiymət vermədən, icra məmurunun cinayət əməlini ört-basdır etməyə cəhd etmişdir. Məhkəməyə təqdim etdiyi CD diskdəki səs yazıları rüşvət alan icra məmuru Rüfət Məmmədovun rüşvəti aldığını, iş üzrə Borclu isə rüşvəti verdiyini, habelə oğlu Nümayəndə1 borclu tərəfindən göndərilmiş rüşvəti icra məmuruna (rüşvət kimi deyil, borcdan silinməli məbləğ olduğunu təxmin edərək) çatdırdığını, icra məmuru da öz növbəsində həmin rüşvəti qəbul etdiyini, lakin oğlundan qəbul etdiyi pulları borcun silinməsinə deyil, rüşvət kimi mənimsədiyini, və bunun müqabilində onun əleyhinə hərəkət və hərəkətsizlik etdiyini birmənalı təsdiq edir. Rüşvət alan və rüşvət verən şəxslər arasındakı dialoqu əks etdirən həmin səs yazılarında icra məmuru R. Məmmədov aydın ifadələrlə, aldığı rüşvət müqabilində 3 ilə yaxın icra sənədi üzrə borclu barəsində heç bir tədbir görmədiyini etiraf edir. Rüşvət verən isə, icra məmurunun bu hərəkətini təqdir edərək, həmin pulları məhz icra sənədi üzrə tədbir görmədiyi üçün icra məmuruna göndərdiyini (icra məmuruna jest etdiyini) bildirərək, aralarındakı sövdələşməyə uyğun olaraq hərəkət etdiyi üçün icra məmurundan razı qaldığını bildirir. Səs yazısında icra məmuru Rüfət Məmmədov rüşvət verən borcludan xahiş edir ki, rüşvəti ona çatdırmış Nümayəndə1 desin ki, o pulları başqa iş üçün ona göndəribdir. (Çünki oğlu həmin pulların əsas borcdan silinməsi üçün göndərildiyini təxmin edib, icra məmurundan ödəniş qəbzləri tələb edirdi). İcra məmuru, rüşvət verən borclu barəsində tədbir görməyərək, daha sonra bütün məcburi icra tədbirlərini icra sənədi üzrə zaminə -X3 tətbiq etmiş, qanunun tələblərinə zidd olaraq əvvəlcə əlillik pensiyasının 51-51 faizini, daha sonra hamısını – 100 faizini tutmuşdur. Məhkəməyə təqdim etdiyi səs yazıları onu da təsdiq edir ki, rüşvət məsələsi ilə bağlı səs yazılılarını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və prokurorluq orqanlarına təqdim edildikdən sonra, icra məmuru Rüfət Məmmədov xaricdə yaşayan rüşvət vermiş borcluya telefon edərək, ondan xahiş edir ki, ona telefonda guya o pulları rüşvət kimi verilmədiyini bildirsin. O, da öz növbəsində həmin səs yazıları müvafiq orqanlara təqdim edərək törətdiyi əməldən yayına bilsin. Rüşvət vermiş borclu isə belə bir saxtakarlığa getməyəcəyini icra məmuruna aydın şəkildə bildirir. İşə baxmış məhkəmə təkzibedilməz rüşvət alma faktına, məzmunu yuxarıda qeyd olunan səs yazılarına heç bir hüquqi qiymət vermədən, sadəcə icra məmurunun pensiyanı 100 faiz tutması faktına münasibət bildirmiş və bu əməli “qanunsuz” hesab etməklə kifayətlənmişdir. Ona görə də hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 11/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv olunmalı, icra məmuru Rüfət Məmmədovun rüşvət müqabilində etdiyi hərəkətsizliyə və qanunsuz əməllərinə tam və hərtərəfli hüquqi qiymət verilməli, onun törətdiyi cinayət əməli barədə prokurora xəbər verilməlidir.
b) Şikayətə qarşı etirazın dəlilləri
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İş üzrə borclu Bayram Mahmudov məhkəməyə yazılı vəsatətlə müraciət edərək hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-11/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından verilmiş şikayətə şifahi məhkəmə iclasında onun iştirakı ilə baxılmasını xahiş etmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 may 2025-ci il tarixli, 8(105)-79/2025 nömrəli qərardadı ilə vəsatət təmin edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-11/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından borclu X5 tərəfindən verilmiş şikayətə məhkəmə iclasında şifahi icraat qaydasında baxılması qərara alınmışdır.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən borclu X5 izahatında şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, hazırkı iş üzrə məhkəmə qərardadını icra məmuru barəsində xüsusi qərardadın çıxarılmasının rədd edilməsi hissəsində əsassız hesab edir. Belə ki, o icra sənədi üzrə borcun ödənilməsi məqsədi ilə icra məmuruna əlbəəl bir neçə dəfə pul ödəmişdir. Lakin həmin ödənişlər borcdan silinməmişdir. Bu barədə icra məmuruna aid səs yazıları iş materiallarına əlavə edilmişdir. Həmin hallar icra məmurunun rüşvət almasını təsdiq edir. Borclu sonda qeyd olunan halların araşdırılması üçün icra məmuru barədə xüsusi qərardad qəbul edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən borclunun nümayəndəsi Nümayəndə1 şikayəti müdafiə edərək bildirdi ki, hazırkı halda icra məmurunun əməllərinin araşdırılması məqsədi ilə onların müraciəti əsasında Sumqayıt Şəhər Prokurorluğunda və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində müvafiq araşdırma aparılır. İş üzrə birinci instansiya məhkəməsi icra məmurunun icra sənədinin icrası ilə bağlı X2 təqaüdündən bir ay ərzində 100% tutulma aparılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul etsə də, icra məmuru barəsində xüsusi qərardad çıxarılması hissəsində ərizəni təmin etməmişdir. Halbuki bu barədə məhkəmə qərardadının qəbul edilməsi icra məmurunun əməllərinə hüquqi qiymət verilməsi baxımından zəruridir. Ona görə də nümayəndə sonda şikayətin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs1 nümayəndəsi böyük icra məmuru Nümayəndə2 izahatında bildirdi ki, şikayət əsassızdır. Ümumiyyətlə Maraqlı şəxs1ndə hazırda elektron sistemə keçidlə bağlı texniki əməliyyatlar icra edildiyindən Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-11/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayət vermə imkanlarını itirmişlər. Halbuki həmin qərardadı tamamilə mübahisələndirir və əsassız hesab edirlər. Digər tərəfdən icra məmurunun barəsində hazırkı şikayətdə qeyd olunan hallarla əlaqədar həm Sumqayıt Şəhər Prokurorluğunda, həm də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində müvafiq araşdırma aparılır. Təbii ki, həmin araşdırmaların nəticəsindən asılı olaraq icra məmurunun əməlinə hüquqi qiymət veriləcəkdir. Hazırkı halda icra məmuru barəsində xüsusi qərardad çıxarılmasına heç bir əsas yoxdur. Ona görə də böyük icra məmuru Nümayəndə2 sonda şikayətin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
17. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 366.1 Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya baxışının hədləri
19. Verilmiş şikayətin dəlillərindən müəyyən edilir ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-11/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadını yalnız “icra məmuru barəsində xüsusi qərardad çıxarılmasının rədd edilməsi” hissəsində mübahisələndirmişdir.
20. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-11/2025 nömrəli qərardadını yalnız mübahisələndirilən hissədə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Şikayəti mülki işin materialları və tərəflərin izahatı ilə birlikdə əlaqəli şəkildə araşdıran məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-79/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli qərardadı (şikayətin mümkün hesab edilməsi) ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-11/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının mübahisələndirilən hissəndən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir.
22. Araşdırılan işdən görünür ki, ərizəçinin tələbi iki hissədən - 1) əlillik pensiyasına münasibətdə icra məmurunun hərəkətlərinə hüquqi qiymət verilməsi və 2) icra məmuru barəsində xüsusi qərardad qəbul edilməsi barədədir.
23. Göründüyü kimi ərizəçi tələbində icra məmurunun hərəkətlərinin qanunsuz olması ilə yanaşı, sonuncunun barəsində xüsusi qərardad qəbul edilməsini də xahiş etmişdir.
24. İşə baxan məhkəmə də ərizəni ilk hissədə təmin etmiş, yəni borclunun pensiya ödənişlərinə tutmanın yönəldilməsinə dair icra məmurunun hərəkətini qanunsuz hesab etmiş, icra məmurunun törətdiyi “cinayət” əməlinə görə barəsində xüsusi qərardad çıxarılması hissəsində isə ərizəni rədd etmişdir.
25. Kollegiya, birinci instansiya məhkəməsinin qərardadlnın ikinci hissəsinndən verilmiş şikayətlə razılaşmayaraq, mövqeyini aşağıdakılarla əsaslandırır.
26. Belə ki, baxılan işin hallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi icra məmuru barəsində xüsusi qərardad qəbul edilməsi ilə bağlı xahişə tələb kimi yanaşmış, həmin hissənin təmin edilməməsini qərardadın əsaslandırıcı və nəticə hissəsində göstərmişdir.
27. Məhkəmə kollegiyası izah edir ki, proses iştirakçılarının əməllərində cinayətin əlamətləri aşkar olunduğu halda məhkəmənin bu barədə qəbul etdiyi akt xüsusi qərardad formasında olur.
28. Belə ki, Mülki Prosessual Məcəllənin 265.4-ci maddəsinə görə məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.
29. Birinci instansiya məhkəməsinin mövqeyindən də belə görünür ki, ərizədə göstərilən bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, xüsusi qərardad işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər.
30. Qeyd edilir ki, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər.
31. Göründüyü kimi, birinci instansiya məhkəməsi icra məmuru barəsində xüsusi qərardad qəbul edilməsi barədə xahişə vəsatət kimi yanaşmalı olduğu halda, sanki müstəqil tələb kimi yanaşaraq, həmin xahişə qərardadın nəticə hissəsində hüquqi qiymət verməklə, sonda təmin edilməməsini göstərmiş, bununla da prosessual pozuntu etmişdir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
33. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir.
34. Yuxarıda sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir.
35. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir.
36. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər.
37. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən buraxılmış səhvin davam etdirilməsi mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipinə ziddir.
38. Ona görə də kollegiya belə qənaətə gəlir ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-11/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının nəticə hissəində ümumən şikayət verilməsi nəzərdə tutulsa da, bu hal yalnız tələbin birinci hissəsindən (ərizənin təmin edilən hissəsini) şikayət verilməli olmasını ehtiva edir. Konkret halda, kollegiya xüsusi qərardadla bağlı məsələyə vəsatət kimi yanaşır, bunu vəsatətin təmin edilməməsi kimi qiymətləndirir və hesab edir ki, bu hissədən şikayət verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.
39. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.
40. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-79/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli qərardadı (şikayətin mümkün hesab edilməsi) ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-11/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının mübahisələndirilən hissəndən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir.
41. Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 263-264, , 398.0.3, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı
Qərara aldı:
Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-79/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli (mümkünlük barədə qərardadı) qərardadı ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-11/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının mübahisələndirilən hissəsindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə).