Məhkəmə qərarları › İş №8(105)-8/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-8/2022

24.01.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-8/2022 24.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, Quba Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 8(027)-465/2021 saylı qərardadından borclu X1 tərəfindən verilmiş şikayətin yazılı icraat qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakim İ.Məmmədov) şikayət ərizəsinin təmin edilməsi, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 Quba rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2(027)-1044/2020 saylı icra sənədi üzrə 27 sentyabr 2021-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə qərarının ləğv edilməsi, Quba rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2(027)- 1044/2020 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilməsi qərara alınmışdır. Borclu X1 qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə Borclu Quba Rayon Məhkəməsinin 8(027)-465/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə verdiyi şikayət təmin olunmaması və şikayət baxılması üçün 8(027)-465/2021 nömrəli işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası borclu X1 tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, birinci instansiya məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qərardadı ilə icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmış, bununla razılaşmayan borclu X1 şikayətini elektron qaydada deyil, kağız daşıyıcıda vermiş, birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmiş, şikayəti geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (Mülki Prosessual Məcəllənin 363.1.5. maddəsi). Mülki Prosessual Məcəllənin 10-1.3. maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir (Mülki Prosessual Məcəllənin 364-cü maddəsi). Mülki Prosessual Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, şikayət verilərkən şikayətin forma məzmununa riayət edilməli olmasının ilkin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsi olsa da, birinci instansiya məhkəməsi qərardaddan şikayət verilərkən elektron qaydada verilməməsini nəzərə almamış, MPM-nin 361-ci maddəsinə uyğun olmayan şikayəti apellyasiya qaydasında baxılmasından ötrü Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, şikayət MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, borclu X1 tərəfindən verilmiş şikayətin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, borclu X1 tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qərardaddan verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 269, 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Borclu X1 tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayətin Azərbaycan Respublikası MPM-nin 360, 362- 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar