Məhkəmə qərarları › İş №8(105)-8/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-8/2024

29.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-8/2024 29.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İcra sənədi üzrə icraatın dayandırılması barədə qərardan verilən şikayətə dair iş üzrə (Açar sözlər: icra icraatın dayandırılması) X2 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iş üzrə Borclu1 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 252/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, "xxxx" QSC-nin iddia qismən təmin edilərək cavabdehlər Borclu1, Borclu2 oğlu və Borclu3 müştərək qaydada cəmi 97490, 74 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul "xxxx" QSC-nin xeyrinə tutulmuş, tutmanın ipoteka ilə yüklü edilmiş Borclu2 məxsus olan Quba rayonu, İkinci Nügədi kəndində olan 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 106.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və Borclu3, X4 və Borclu4 ümumi paylı mülkiyyətində olan Quba rayonu, İkinci Nügədi kəndində 0,015 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evlərin açıq hərracdan satılması qət edilmişdir.

2. Qətnamə ilə həmçinin ipoteka predmeti olan Quba rayonu İkinci Nügədi kəndində Borclu2 mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 106.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 110.180 (bir yüz on min yüz səksən) manat, digər ipoteka predmeti olan Quba rayonu, İkinci Nügədi kəndində cavabdehlərin ümumi paylı mülkiyyətində olan 0,015 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən Borclu3 mülkiyyətində olan 2 mərtəbəli 7 otaqlı 578,8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti isə 155.000 (bir yüz əlli beş min) manat qiymətləndirilmişdir.

3. Həmin qətnamənin təsviri-əsaslandırıcı hissəsindən müəyyən edilir ki, mülki iş üzrə məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadına əsasən ipoteka predmeti olan əmlakların qiymətləndirilməsi ekspertizası təyin edilmiş və həmin əmlakların yalnız bazar qiymətlərinin müəyyən edilməsinə dair sual qoyulmuşdur. Yəni ipoteka predmeti olan həmin əmlakların likvid dəyərinin müəyyən edilməsi məhkəmə tərəfindən araşdırılmamışdır.

4. Bundan başqa, qətnamədən görünür ki, "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli hesabatına əsasən Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli 7 otaqlı 578,8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar qiyməti 155.000 (bir yüz əlli beş min) manat qiymətləndirilməsinə baxmayaraq, digər əmlakın qiymətləndirilməsi üçün lazımı şərait yaradılmadığından tədqiqatın keçirilməsi mümkün olmamışdır.

5. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)- 579/2022 saylı qərardadından müəyyən edilir ki, iddiaçılar Borclu4, X6, Borclu1, X1 cavabdehlər Quba rayon İcra və probasiya şöbəsi, "xxxx" MMC, "xxxx" MMC və maraqlı şəxs "xxxx" QSC-yə qarşı “ipoteka predmeti olan həmin əmlakların likvid dəyərinin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

6. Quba rayon İcra şöbəsinin icra məmuru Vahid Məmmədovun xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-252/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır.

7. "xxxx" QSC-nin “icra sənədi üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməsi” barədə şikayətlə məhkəməyə müraciət edərək, icra məmurunun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 252/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Quba rayon İcra şöbəsinin icra məmuru Vahid Məmmədovun xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-252/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi, icra hərəkətlərinin davam etdirilməsi üçün Quba rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir.

9. Həmin qərardaddan Borclu1 şikayət verərək, Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadının ləğv edilməsi və "xxxx" QSC-nin icra sənədi üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməsinə dair şikayətinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir

10. Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, yuxarıda qeyd olunmuş “İcra haqqında” Azərbaycan Respublikası Qanununda iş üzrə icraatın hansı hallarda dayandırılması konkret olaraq göstərilmişdir. Hazırki halda icra sənədi üzrə icraatın dayandırılması üçün heç bir hüquqi əsas yoxdur. Borclunun müraciəti əsasında hazırki iş üzrə icra icraatının dayandırılması tamamilə əsassızdır. Borclunun məqsədi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını icrasını suni şəkildə uzatmaq, bank qarşısında kredit öhdəliklərinin icrasından yayınmaqdan ibarətdir. İpoteka predmeti olan əmlakların ilkin satış qiyməti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş və həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Belə olan halda, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 252/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması üçün heç bir əsas yoxdur. Odur ki, qeyd olunanlara əsasən "xxxx" QSC-nin “icra sənədi üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməsi” barədə şikayət təmin edilməli, icra məmurunun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməli və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-252/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Quba rayon İcra və Probasiya Şöbəsinə göndərilməlidir

12. Birinci instansiya məhkəməsi öz mövqeyini "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 17, 18, 21, 87-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2, 232.2, 231.4, 231.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Şikayətin dəlilləri

13. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi qanunsuz və əsassızdır. Məhkəmə öz qərardadında qeyd edir ki, “İcra haqqında Azərbaycan Respublikası Qanununda iş üzrə icraatın hansı hallarda dayandırılması konkret olaraq göstərilmişdir. Hazırkı halda icra sənədi üzrə icraatın dayandırılması üçün heç bir hüquqi əsas yoxdur. Borclunun müraciəti əsasında hazırki iş üzrə icra icraatının dayandırılması tamamilə əsassızdır. Borclunun məqsədi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını icrasını suni şəkildə uzatmaq, bank qarşısında kredit öhdəliklərinin icrasından yayınmaqdan ibarətdir. İpoteka predmeti olan əmlakların ilkin satış qiyməti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş və həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Belə olan halda, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-252/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması üçün heç bir əsas yoxdur”. Lakin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Hal-hazırda da həmin likvid qiymətin müəyyən olunmasına dair iddia ərizəsi üzrə mülki iş məhkəmə icraatındadır. O cümlədən nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə, eləcə də birinci instansiya məhkəməsinin qətnaməsi qəbul olunduğu vaxtdan hal-hazıradək uzun müddət keçməsi nəzərə alındıqda ipoteka predmetlərinin dəyərinin dəyişməsi mümkündür. Bu səbəbdən ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət və ya həmin vaxt müstəqil qiymətləndirici tərəfindən müəyyən edilmiş qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Belə olan halda məhkəmənin icra üzrə icraatın dayandırılması haqqında icra məmurunun əsaslı qərarını ləğv etməsi əsaslı mövqey hesab edilə bilməz. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

14. Şikayətə qarşı yazılı etiraz verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: 17.1.4. icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır.

17. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin: 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmə iş üzrə icraatı dayandırnalıdır. 256.0.3. bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. 372.7. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

18. Şikayətdən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

19. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməlidir.

21. Araşdırılan işdən müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-252/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən "xxxx" QSC-nin iddiası qismən təmin edilərək cavabdehlər Borclu1, Borclu2 oğlu və Borclu3 müştərək qaydada cəmi 97490, 74 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul "xxxx" QSC-nin xeyrinə tutulmuş, tutmanın ipoteka ilə yüklü edilmiş Borclu2 məxsus olan Quba rayonu, İkinci Nügədi kəndində olan 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 106.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və Borclu3, X4 və Borclu4 ümumi paylı mülkiyyətində olan Quba rayonu, İkinci Nügədi kəndində 0,015 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evlərin açıq hərracdan satılması qət edilmişdir.

22. Qətnamə ilə həmçinin ipoteka predmeti olan Quba rayonu İkinci Nügədi kəndində Borclu2 mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 106.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 110.180 (bir yüz on min yüz səksən) manat, digər ipoteka predmeti olan Quba rayonu, İkinci Nügədi kəndində cavabdehlərin ümumi paylı mülkiyyətində olan 0,015 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən Borclu3 mülkiyyətində olan 2 mərtəbəli 7 otaqlı 578,8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti isə 155.000 (bir yüz əlli beş min) manat qiymətləndirilmişdir. Bu qətnamədən cavabdeh tərəfindən uyğun olaraq apellyasiya və kassasiya şikayəti verilmiş, şikayətlər təmin edilməmiş, son nəticədə qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Bundan sonra Quba rayon İcra şöbəsinin icra məmuru Vahid Məmmədovun xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-252/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır. İcra sənədi üzrə icraatın dayandırılmasına əsas isə icra sənədi üzrə tələbin yönəldilməli olduğu əmlakların likvid dəyərinin müəyyən edilməsi barədə iddia ərizəsi üzrə Quba Rayon Məhkəməsinin icraatında mülki iş üzrə yekun məhkəmə aktının qəbul edilməsi göstərilmişdir.

23. İcra sənədi üzrə icraatın dayandırılması haqqında qərarı ləğv edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya kollegiyası qeyd edir ki, hazırkı iş üzrə qanuni qüvvəsini almış icra sənədi üzrə icraatın dayandırılması üçün faktiki və hüquqi əsas yoxdur.

24. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələblərindən göründüyü kim icra sənədi üzrə icraatın dayandırılmasının iki növü mövcuddur. Birinci, icra üzrə icraatın dayandırılmasının məcburu olduğu hallar (İHQ-n 17-ci maddəsi), ikincisi icraatın dayandırılmasının mümkün olduğu hallar (İHQ-n 18-ci maddəsi)

25. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: 17.1.4. icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. 21.1-ci maddəsinin tələbinə görə bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. 21.2-ci maddəsinin tələbinə görə bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir.

26. Göründüyü kimi mövcud qanunvericilikdə nəzərdə tutulan maddi hüquq normaları icra sənədi üzrə icraatın dayandırılması qaydasını və hallarını tənzimləyir.

27. İşin faktiki hallarından göründüyü kimi icra üzrə icraatı mübahisələndirilən tələb Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-252/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən yaranmışdır ki, bu qətnamə cavabdehin verdiyi şikayətlərə əsasən bütün instansiyalar üzrə dəyişdirilmədən saxlanılmışdır. Qətnamənin qəbulundan xeyli müddət keçmiş, son halda qətnamə qanuni qüvvəsini aldıqdan və icraya yönəldikdən sonra cavabdeh yuxarıda qeyd olunan iddia ilə (mübahisə predmeti olan əmlakın likvid dəyərinin müəyyən edilməsi barədə) məhkəməyə müraciət etmiş, eyni zamanda həmin iş üzrə qanuni qüvvəsini almış məhkəmə aktı əldə edilənədək icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir.

28. Kollegiya hesab edir ki, hazırkı halda yuxarıda qeyd olunan hallar icra sənədinin dayandırılması üçün əsas hesab edilə bilməz. Çünki bu kimi hallar yeni və qeyri-müəyyən məhkəmə presedentinin yaranmasına səbəb olmaqla yanaşı, həm də kredit verənin mənafeyinə zərər vurmaqla, dövlətin adından çıxarılmış məhkəmə qərarlarının uzun müddət ərzində tam icra olunmamasına görə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirə bilər.

29. Bu səbəbdən kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Borclu1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar