Məhkəmə qərarları › İş №8(105)-8/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-8/2025

27.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-8/2025 27.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Maraqlı şəxs hərəkətsizliyinin qanunsuz hesab edilməsi ilə bağlı tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə dair iş üzrə (Açar sözlər: şikayətin geri qaytarılması - forma və məzmun tələbərinə riayət edilməməsi, tələbin qeyri-müəyyən olması) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-839/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Tələbkar "xxxx" ASC tərəfindən Maraqlı şəxs hərəkətsizliyinin qanunsuz hesab edilməsi ilə bağlı şikayət verilərək, 8İ-14751 saylı, xx.xx.2021-ci il tarixli, 8İ-7689 saylı, xx.xx.2019-cu il tarixli, 8İ-10257 saylı, xx.xx.2021-ci il tarixli, 8İ-5329 saylı, xx.xx.2021-ci il tarixli, 8İ-297 saylı, xx.xx.2020-ci il tarixli, 8İ-10832 saylı, xx.xx.2020-ci il tarixli, 8İ-5424 saylı, xx.xx.2022-ci il tarixli, 8İ-19430 saylı, xx.xx.2022-ci il tarixli, 8İ-6068 saylı, xx.xx.2020-ci il tarixli icra qeydlərinin yenidən icraya yönəldilməsinə münasibətdə Maraqlı şəxs hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-839/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Ş.Həxiyeva) tələbkar "xxxx" ASC tərəfindən Maraqlı şəxs hərəkətsizliyinin qanunsuz hesab edilməsi ilə bağlı verilmiş şikayət və ona əlavə edilmiş sənədlər tələbkara geri qaytarılmışdır.

3. Tələbkar "xxxx" ASC Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-839/2024 saylı, 29 noyabr 2024-cü il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması və şikayət üzrə məhkəmə icraatının mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-839/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şikayət tərtib edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilməmiş, şikayətdə tələblərin nədən ibarət olduğu konkret və aydın göstərilməmişdir. Bu səbəbdən tələblər məhkəmə üçün qeyri-müəyyən qalmışdır. Həmçinin tələbkar öz tələblərini əsaslandıracaq kifayət qədər sübutu ərizəsinə də əlavə etməmişdir.

6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki- Prosessual Məcələsinin 149, 150.1.1, 152.1.1, 152.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

7. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin şikayətin geri qaytarılması barədə gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, bankın tələbkar tərəf olduğu və Maraqlı şəxs icraatında olan icra qeydləri müxtəlif vaxtlarda “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən icra edilmədən geri qaytarılmışdır. Bank tərəfindən ərizə ilə həmin icra qeydlərinin yenidən icraya yönəldilməsi xahiş edilmiş, lakin Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixli, 9849 №li məktubla tələbin icrasından imtina olunmuşdur. İcra qurumunun qeyd olunan hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)- 839/2024 №li qərardadı ilə icraata qəbul edilmədən geri qaytarılmışdır. Məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən edilən formata uyğun olmadan verilmiş və şikayətdə tələb aydın göstərilməmiş və tələbin əsaslandırıldığı sübutlar şikayətə əlavə edilməmişdir. Məhkəmə qərardadında qeyd olunan hallar qəbul edilməzdir. Məhkəmə işə aidiyyəti olmayan maddi və prosessual hüquq normalarını tətbiq etmiş və qərardadda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qərardadda göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Qərardadda istinad olunan maddə iddia icraatı çərçivəsində təqdim edilən ərizələrə aid hüquqi rejimi tənzimləyir. Hazırkı ərizə isə icra qurumunun hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair tələblə əlaqədar olduğundan mövcud münasibətlərə prosessual qanunvericiliyin icra icraatını tənzimləyən normaları tətbiq edilməli və şikayətə mahiyyəti üzrə baxılmalıdır. Bundan əlavə, şikayətdə tələb aşkar şəkildə icra qurumunun hərəkətsizliyinin mübahisələndirilməyindən ibarət olmuşdur. MPM-in 149-cu maddəsi ərizənin forma tələbi olaraq yalnız işə əlavə edilən sübutların siyahısının göstərilməsini müəyyən etmişdir. Sübutların mümkünlüyü və mötəbərliliyi, o cümlədən tələbi kifayət qədər əsaslandırıb-əsaslandırmadığı ərizənin mümkünlüyünü şərtləndirməməklə məhkəmə araşdırmasının predmetini təşkil edir ki, bu hallar da yalnız baxış iclası zamanı qiymətləndirilə bilər. Göründüyü kimi, məhkəmənin istinad etdiyi hallar əsaslandırılan qanun normasının dispozisiya şərtini ifadə etməmişdir. İş materiallarına icra qurumunun hərəkətsizliyini əsaslandırdığı məktub əlavə edilmişdir. Həmin məktubun məzmunundan görünür ki, icra qurumu öz mövqeyini icra sənədlərinin mahiyyətinə görə deyil, icra haqqında qanunvericiliyin normalarına istinadən əsaslandırmışdır. Belə olduğu təqdirdə, yaranmış fikir ayrılığına hüquqi qiymətin verilməsi, eyni zamanda qanun normasının mahiyyəti üzrə tətbiqini zəruri edir ki, yaranmış situasiya bilavasitə məhkəmə nəzarətinin predmetinə daxil olmuş olur. Məhkəmənin mübahisələndirilən qərardadında qeyd olunan hallar onun nəzarət funksiyasının icrasından kənar mövqeyini ifadə etdiyindən yekun nəticə mülahizə xarakterli olmuşdur.Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayətə qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.

11. İcra haqqında Azərbaycan Respublikası Qanununun

23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

13. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 839/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

14. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-839/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-839/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı tam, onunla əlaqəli Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-839/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı qismən şikayətin təmin edilməyən hissəsində ləğv edilməli və şikayət yenidən baxılması üçün işlə birlikdə həmin məhkəməyə qaytarılmalıdır.

16. Qeyd olunmalıdır ki, şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur və bu hüquq da qanunvericilikdə təsbit olunmuşdur. Lakin o da nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər də müəyyən olunmuşdur.

17. Hazırkı işdə tələbkar "xxxx" ASC notariusun icra qeydləri üzrə Maraqlı şəxs hərəkətsizliyindən şikayət vermiş, işə baxan məhkəmə yuxarıda qeyd olunan əsaslarla şikayəti geri qaytarmışdır. Narazı qalan tələbkar bank həmin qərardaddan şikayət vermişdir.

18. Kollegiya iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq mövqeyini aşağıdakı şəkildə əsaslandırır.

19. Belə ki, iş materiallarında (i/m səh.6) olan Maraqlı şəxs tərəfindən tələbkar "xxxx" ASC-yə ünvanlanmış məktubda qeyd olunur ki, 8İ-14751 saylı, xx.xx.2021-ci il tarixli, 8İ-7689 saylı, xx.xx.2019-cu il tarixli, 8İ-10257 saylı, xx.xx.2021-ci il tarixli, 8İ-5329 saylı, xx.xx.2021-ci il tarixli, 8İ-297 saylı, xx.xx.2020-ci il tarixli, 8İ-10832 saylı, xx.xx.2020ci il tarixli, 8İ-5424 saylı, xx.xx.2022-ci il tarixli, 8İ-19430 saylı, xx.xx.2022-ci il tarixli, 8İ- 6068 saylı, xx.xx.2020-ci il tarixli icra qeydlərinin yenidən icraya yönəldilməsi barədə müraciət üzrə elektron icra informasiya sisteminə baxış keçirilmiş və borclular barədə tələbin yönəldilə biləcəyi hər hansı əmlak müəyyən edilməmişdir. Bu səbəbdən icra qeydləri icraata qəbul edilmədən geri qaytarılmışdır.

20. Başqa sözlə hazırkı icra sənədinin geri qaytarılması üçün qanuni əsas olan İcra haqqında Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələbi (borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə) aradan qalxmadığından həmin icra sənədləri geri qaytarılmışdır.

21. Tələbkar bank bundan sonra hazırkı şikayətlə məhkəməyə müraciət edərək, doqquz nəfər ayr-ayrı şəxs barəsində icra qeydinin yenidən icraya yönəldilməsinə münasibətdə Maraqlı şəxs hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

22. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun; 23-cü maddəsində tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin geri, yəni icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılmasının əsasları konkret göstərilmişdir. 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.

23. Maddənin dispozitiv şərtindən göründüyü kimi icra sənədi icra məmuru tərəfindən geri qaytarıldığı halda, həmin qərarın icra qrumunun rəhbəri tərəfindən yoxlanılması, tərəflərin də 30 gün müddətində həmin qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur.

24. 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir.

25. İşdən də göründüyü kimi tələbkar "xxxx" ASC aidiyyəti üzrə İcra idaraəsinə müraciət etmiş, lakin sözügedən qrum tərəfindən bu qərarın 19-cu bəndində qeyd olunan məzmunda cavab verilmişdir.

26. İşə baxan məhkəmə isə şikayətdə tələbin aydın olmaması əsası ilə şikayəti geri qaytarmış, hüquqi mövqeyini isə MPM-in 149-cu maddəsi ilə əsaslandırmışdır.

27. Kollegiya yuxarıda qeyd edilən hallardan çıxış edərək bildirir ki, hazırkı halda bankın şikayət üzrə tələbi istinad olunan icra sənədlərinin yenidən icraya yönəldilməsi barədə ərizələr üzrə icra sənədlərinin icraata qəbul edilməsindən İcra İdarəsi tərəfindən imtina edilməsinin qanunsuz hesab edilməsi təşkil edir ki, tələb aydın olmaqla, şikayətin dəlilləri dəqiq və əsaslandırılmışdır. Belə olan halda şikayətin geri qaytarılması barədə məhkəmənin mövqeyi yanlış olmuşdur.

28. Göründüyü kimi işə baxan məhkəmə yuxarıda qeyd edilən prosessual tələbləri nəzərə almamış, şikayətdə qeyd edilən məlumatlarla işin faktiki hallarını uzlaşdırmamış və şikayəti geri qaytarmaqla, sonuncunun məhkəməyə müraciət hüququnu məhdudlaşdırmışdır.

29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-839/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı tam, onunla əlaqəli Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-839/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı qismən “şikayətin təmin edilməyən” hissəsində ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-839/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı tam, həmin qərardadla bağlı 8(060)-839/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı isə qismən şikayətin təmin edilməyən hissəsində ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar