Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-80/2022 20.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, Borclu iştirakı ilə, Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barədə Abşeron Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 8(012)-182/2022 nömrəli qərardadından icra sənədi üzrə Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-502/2021 saylı icra sənədinə əsasən Borclu və X1 müştərək qaydada cəmi 13980 manat pul tutularaq Tələbkar, 50 manat pul isə Məhkəmə Ekspertizası Mərkəzinə verilməlidir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatla Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-502/2021 saylı icra sənədinə əsasən Borclu məxsus «Mercedes Benz C180» markalı, ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(103)502/2021 saylı icra sənədi Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, borclunun ünvanına çağırış vərəqəsi və bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, lakin tələbin könüllü icrası təmin edilməmişdir. Borclu şöbəyə dəvət edilmiş, lakin tələbi icra etməkdən yayınmışdır. Belə olan halda borclunun əmlakı üzərinə həbs qoyulması zərurəti yaranmışdır. Abşeron Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 8(012)-182/2022 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-502/2021 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus «Mercedes Benz C180» markalı, ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 8(012)-182/2022 nömrəli qərardadından Borclu şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, üzərinə həbs qoyulmuş “Mersedes Benz C180” markalı, ** RA *** dövlət qeydiyyat nişanlı avtomobil onun adına olsa da, həmin avtomobil ona məxsus deyil. “Mersedes Benz C180” markalı, ** RA *** dövlət qeydiyyat nişanlı avtomobil yaxın qohumu olan Ruslan Əlixanova məxsusdur. Bunu sübut etmək üçün şikayət ərizəsinə Ruslan Əlixanovun adına gələn cərimə məbləğləri barədə məlumatı əlavə edir. Rəsmi olaraq 500 manat məbləğində əmək haqqı alır. Tələbkar olan borcu əmək haqqına yönəldilmiş və hər ay əmək haqqından 250 manat məbləğində pul Südabə İbadovanın xeyrinə tutulur. Həmin pulu ödəməkdən boyun qaçırmır və artıq Südabə İbadovaya ödənişlər olunur. Buna görə də sadəcə formal olaraq adına olan “Mersedes Benz C180” markalı, 10. RA 126 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması düzgün deyil. Tələbkar olan borcunu ödəməsəydi, o zaman adına olan əmlaklara həbs qoyulardı. Qeyd edilənlərə əsasən və borcunu hər ay vaxtı-vaxtında ödədiyinə görə sadəcə formal olaraq adında olan və başqa şəxsə, yəni Ruslan Əlixanova məxsus “Mersedes Benz C180” markalı, ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulan həbs götürülməlidir. Abşeron Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 8(012)-182/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. (hakim Məlahət abbasova) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tələbkar məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tələbkarın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Kollegiya iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirinin növlərindən biridir. Belə ki,«İcra haqqında» Azərbaycan Respublikası Qanunun 43.1.3-cü maddəsinə görə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildikdə və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsindən görünür ki, məcburi icra tədbirinin tətbiqi üçün aşağıda göstərilən 3 əsas birlikdə mövcud olmalıdır: 1) icra sənədi icra məmuruna təqdim olunmalıdır; 2) icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmalıdır; 3) könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçməlidir. Hazırkı işdə hər 3 əsas mövcuddur. “İcra haqqında” qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin qanunun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İcra işinin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-502/2021 saylı icra sənədinə əsasən Borclu və X1 müştərək qaydada cəmi 13980 manat pul Tələbkar, 50 manat pul isə Məhkəmə Ekspertizası Mərkəzinə verilməlidir. Borclu icra sənədi üzrə borcunu qanunla nəzərdə tutulmuş müddətdə ödəməkdən yayınmışdır. Həmin icra işi üzrə icra məmuru tərəfindən borclunun əmlak vəziyyətinin yoxlanılması ilə əlaqədar verilmiş sorğuya əsasən Borclu mülkiyyətində «Mercedes Benz C180» markalı, ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin tələblərinə istinad etməklə, təqdimatın təmin edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraalır: Borclu şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 8(012)-182/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-80/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-80/2022
20.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver