Məhkəmə qərarları › İş №8(105)-80/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-80/2025

08.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-80/2025 08.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – hakimlər X3 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin “aliment məbləğinin indeksasiya edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, 8(060)-251/2025 nömrəli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş aliment məbləğinin indeksasiya edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(060)-3104/2021 saylı qətnaməsi ilə onun xeyrinə cavabdeh (borclu) Cavabdeh 19 may 2018-ci il təvəllüdlü X14 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin indeksasiya edilməsi və aliment məbləğinin minimum əmək haqqının (400 manatın) 0,74 misli həddində (296 manat) müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 12 iyul 2021 -ci il tarixli, 2(060)-3104/2021 saylı qətnaməsi ilə borclu Cavabdeh 19 may 2018-ci il təvəllüdlü X13 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması qət edilmişdir. Qətnamədən sonra Respublika üzrə uşaqlar üçün minimum yaşayış (saxlanılma) xərclərində artımlar olmuşdur. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment uşağın maddi təlabatlarını qətiyyən ödəmir, o, uşağın maddi təminatında əziyyət çəkir. Ona görə də alimentin məbləğinin artırılmasını, yəni indeksasiya edilməsini istəyir... Qeyd edilənlərə əsasən tələbkar ərizəsinin təmin olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-251/2025 nömrəli qərardadı ilə ərizəçi (tələbkar) X4 ərizəsi qismən təmin edilmiş, həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(060)-3104/2021 nömrəli qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X13 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Cavabdeh hər ay tutulan 175 manat sabit pul məbləğində alimentin indeksasiya edilməsi və borclu Cavabdeh X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır (hakim Günel Tanrıverdiyeva). Borclu Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)- 251/2025 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətini belə əsaslandırmışdır ki, qəradadla razı deyil, onu qanunsuz hesab edir. Məhkəmə istinad etdiyi qanun normalarını düzgün tətbiq və düzgün tövsif etməmişdir. Belə ki, Ailə Məcəlləsinin 112-ci maddəsində qeyd olunur ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər... Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş hallara istinadla tələbkar müstəqil iddia qaldıra və məhkəmə araşdırması ilə müəyyən oluna bilərdi ki, onun (borclunun) artımla aliment ödəməyə maddi imkanı yoxdur. Bundan əlavə, indeksikasiya barədə ərizə verilməsi o demək deyildir ki, alimentin məbləği hökmən indeksasiya olunmalıdır. Əgər borclunun maddi şəraitində heç bir dəyişiklik yoxsa və maddi imkan artıma əsas vermirsə, onda aliment məbləğinin indeksasiya yolu ilə və yaxud iddia icraatı qaydasında artırılması qanunsuzdur. O, uşağının tələbatını ödəməyə çalışır, mütəmadi olaraq uşaq üçün geyim əşyaları və s. alır. Onun atası, anası və bacısı heç bir yerdə işləmir, onlar da onun himayəsindədirlər, onları da saxlamalı olur. Bundan başqa, məhkəmə nəzərə almalıdır ki, uşağı saxlamaq vəzifəsi hər iki valideynə aiddir və bu, onların birgə borcudur. Bu baxımdan uşağın saxlanılma xərcini minimum əmək haqqı məbləği, minimum yaşayış həddi ilə ölçərək valideynin birinin üzərinə yükləmək düzgün deyildir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-251/2025 nömrəli qərardadı ilə borclu Cavabdeh şikayəti təmin edilməmiş və şikayət baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə araşdıraraq bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-251/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadında gəldiyi nəticəni MPMin 232-ci və Ailə Məcəlləsinin 110-cu maddələrinə, Ali Məhkəmə Plenumunun müvafiq Qərarına istinad etməklə əsaslandırmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafıq indeksasiyasını həyata keçirə bilər. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.4-1-ci bəndində deyilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinin tələbi baxımından məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci bəndində qeyd olunur ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Qərarın 8.4-3-cü bəndində göstərilir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. X1 alimentin miqdarının artırılması (indeksasiya edilməsi) barədə müraciəti minimum əmək haqqı məbləğinin artımına əsaslandığından o, düzgün olaraq məhkəməyə iddia icraatı qaydasında (alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə) deyil, icra icraatı qaydasında (alimentin müəyyən olunmuş məbləğinin indeksasiya edilməsi barədə ərizə ilə) müraciət etmişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3104/2021 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X9 arasında 03 avqust 2017-ci il tarixdə bağlanmış 1991 saylı nikah qeydinın pozulması, nikah pozulduqdan sonra xx.xx.2018-ci il təvəllüdlü X13 oğlunun anası X5 yanında qalması, xx.xx.2021-ci il tarixdən başlayaraq iddiaçı Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X13 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq cavabdeh X6 ödənilməsi qət edilmişdir. Tələbkar ərizəsində 2020-ci il üzrə minimum əmək haqqının 190 manat məbləğində olduğunu və müəyyən edilmiş alimentin miqdarının həmin məbləğə uyğun olaraq indeksasiya edilməsini xahiş etsə də, lakin Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqı məbləğinin 2019cu il sentyabrın 1-dən 250 manat müəyyən edildiyi nəzərə alınaraq, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3104/2021 nömrəli qətnaməsi ilə xx.xx.2018ci il təvəllüdlü X13 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 175 manat sabit pul məbləğində alimentin miqdarı həmin (2021-ci) il üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqına nisbətdə (175/250) indeksasiya edilmiş, nəticədə alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə minimum əmək haqqının 0,7 misli həddində müəyyən edilmişdir. Beləliklə, X1 alimentin müəyyən olunmuş məbləğinin indeksasiya edilməsi barədə ərizə verdiyi xx.xx.2025-ci il tarixdən başlayaraq onun xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X13 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Cavabdeh hər ay 280 manat (400 manat x 0,7) sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbi baxımından xx.xx.2018-ci il təvəllüdlü X13 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Cavabdeh X1 xeyrinə tutulmalı olan alimentin miqdarını düzgün müəyyən etmişdir. Aliment indeksasiya edildikdən sonra borclu yalnız Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulmuş hallara istinad etməklə alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi (azaldılması) barədə məhkəmədə iddia qaldıra və məhkəmə zəruri və ya məqsədəuyğun hesab edərsə alimentin miqdarını dəyişə bilər. Hazırda məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız və qəbulolunmaz hesab edir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin aliment məbləğinin indeksasiya edilməsi barədə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. MPM-in 400 və 402-ci maddələrinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsinin bu qəbildən olan qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 266-269, 395-400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin “aliment məbləğinin indeksasiya edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, 8(060)-251/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar