Məhkəmə qərarları › İş №8(105)-81/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-81/2023

27.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-81/2023 27.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu məxsus daşınmaz əmlakların üzərinə həbs qoyulmasına dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Borclu məxsus daşınmaz əmlakların üzərinə həbs qoyulmasına dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-497/2023 saylı qərardadından Tələbkar QSC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmov məhkəməyə təqdimatla müraciət edərək Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 383/2021 saylı, 26 yanvar 2021-ci il tarixli icra sənədi üzrə Borclu məxsus daşınmaz əmlakların üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 383/2021 saylı, 26 yanvar 2021-ci il tarixli icra sənədinə əsasən, Borclu və X1 30 oktyabr 2014-cü il tarixli, 764/182/2014 sayılı müqavilə üzrə cəmi 8801,89 manat məbləğində pul müştərək qaydada tutularaq iddiaçı Tələbkar QSC-yə ödənilməlidir. Cavabdeh Borclu 1 ədəd “X3”, binocular 45, “Led light Source” markalı avadanlıq işlək vəziyyətdə geri alınaraq Tələbkar QSC-yə qaytarılmalıdır. İcra zamanı tələbin təmin edilməsi üçün Borclu məxsus pul vəsaitləri və hər hansı qiymətli əşya tərəflərindən aşkar olunmamışdır. Elektron portaldan əldə edilmiş məlumata əsasən Borclu məxsus qeyri-yaşayış sahəsi və mənzilin olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən Borclu məxsus **********71- 05101-083002 reyestr nömrəli qeyri-yaşayış sahəsi və **********92-05101-093031 reyestr nömrəli mənzilin üzərinə həbs qoyularaq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-497/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-383/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun təqdimatının təmin edilməməsi qərara alınmışdır.

4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, icra məmuru tərəfindən borclunun bank hesablarında pul vəsaitlərinin olub-olmaması araşdırılmadan əmlakın üzərinə həbs qoyulması barədə təqdimat verilmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2021-ci il tarixli, 14193/16 saylı məktubuna əsasən Borclu məxsus “BMW-116İ” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icra məmuru borclunun daşınmaz əmlaklarına həbs qoyulması barədə təqdimat ilə məhkəməyə müraciət etsə də, həmin əmlakların həqiqətən də Borclu sahibliyində olmasına (eyni zamanda, mülkiyyətinə birgə nikah dövründə keçməsi, yaxud onun həmin əmlakı hansı qaydada əldə etməsinə) dair hər hansı sənədi məhkəməyə təqdim edə bilməmişdir.

5. Tələbkar QSC Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-497/2023 saylı, 21 iyun 2023-cü il tarixli qərardadından şikayət verərək qərardadın ləğv olunması xahiş etmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-497/2023 saylı, 21 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

7. Şikayət onunla əsaslandırılmışdır ki, Tələbkar QSC tərəfindən verilmiş çoxsaylı şikayət və müraciətlər əsasında borclu barəsində məcburi icra tədbirləri görülməsi üçün müvafiq addımlar atılmışdır. Borcluların bank hesabından çıxarışlar iş materiallarına əlavə edilmiş, həmçinin, üzərinə həbs qoyulması barədə təqdimat verilmiş əmlakın mülkiyyət hüququ əsasında məxsusluğuna dair sənədlər də iş materiallarına əlavə edilmişdir. Borclunun dövlət adından qəbul edilən qərarın icrasına maneəçilik törətməsi aşkar isbat edildiyi halda və maddi imkanı olduğu halda borcunu ödəməməsinə rəğmən qərardadda sadəcə bir cümlə ilə təqdimatın rədd edilməsinin əks edilməsi həqiqətən təəccüb və təəssüf hissi doğurur. Müvafiq məhkəmənin qətnaməsi ilə Borclu və qeyrisindən 8.831,89 manat pul vəsaitinin alınaraq Tələbkar QSC-nin xeyrinə ödənilməsi və dövlət büdcəsinin vəsaiti hesabına alınmış lizinq obyekti olan 1 ədəd lizinq predmetinin qanunsuz istismardan geri alınaraq Tələbkar QSC-yə qaytarılması qət edilmişdir. Qeyd edilən təqdimat verilməzdən əvvəl mövcud qanunvericiliyin konkret normalarına istinad edilməklə əsaslandırılmış ərizə ilə icra şöbəsinə müraciət edilərək borclunun Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsi, əsas olmadığı halda vaxtı uzatmaq və süründürməçiliyə yol vermək niyyəti ilə atdığı qərəzli addımların Tələbkar QSC-nin mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnməsi göstərilmiş, borclu barəsində məcburi icra tədbirləri görülməsi tələb edilmişdir. Borclunun vaxtı uzatmaq və süründürməçiliyə yol vermək niyyəti ilə atdığı qərəzli addımlar dövlət büdcəsinin vəsaiti hesabına alınmış əmlakın qanunsuz istismarı sayəsində yararsız vəziyyətə düşməsi ilə nəticələnmişdir ki, mövcud qanunvericilik bu cür halların qarşısının alınması üçün əhəmiyyəti olan icra institunu nəzərdə tutmuşdur.

b) Şikayətə qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

9. “İcra haqqında” Azərbaycan Respubikasının Qanunu:

Maddə 45. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası

45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.2. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.3. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. 45.4. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. 45.5. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 45.7-1. Tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeyd aparılmalıdır. 45.8. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir.

Maddə 50. Borclunun əmlakı üzərinə həbs qoyulması (...) 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; (...)

Maddə 399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

11. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

12. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

14. Belə ki, birinci instansiya məhkəməsi qərardadında göstərmişdir ki, icra məmuru tərəfindən borclunun bank hesablarında pul vəsaitlərinin olub-olmaması araşdırılmamış, Sumqayıt şəhəri üzrə İcra idarəsinin xx.xx.2021-ci il tarixli, 14193/16 saylı məktubuna əsasən Borclu məxsus “BMW-116İ” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulduğu müəyyən edilmişdir.

15. İşdən görünür ki, birinci instansiya məhkəməsi icra işinin materiallarına baxış keçirməmiş, icra məmuru tərəfindən borclunun bank hesablarında pul vəsaitlərinin olubolmaması barədə araşdırma aparıb-aparmadığını müəyyən etməmişdir.

16. Borcluya məxsus avtomobilin üzərinə həbs qoyulması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.5-ci maddəsinə əsasən, üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər.

17. Göründüyü kimi qanunla üzərinə həbs qoyulmuş əmlakın beş gündən tez, lakin bir aydan gec olmayaraq satılmağa verilməsi üçün götürülməli olduğu müəyyən edilmişdir.

18. Məhkəmə isə üzərinə 2021-ci ildən həbs qoyulmuş həmin əmlakın satılmaq üçün götürülüb-götürülmədiyini, əmlakın satılıb-satılmaması barədə araşdırma aparmadan, borcluya məxsus avtomobilin üzərinə həbs qoyulduğuna istinad edərək təqdimatı rədd etmişdir.

19. Daha sonra məhkəmə qeyd etmişdir ki, icra məmuru əmlakların həqiqətən də Borclu sahibliyində olmasına (eyni zamanda, mülkiyyətinə birgə nikah dövründə keçməsi, yaxud onun həmin əmlakı hansı qaydada əldə etməsinə) dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.

20. Halbuki, iş materiallarından (səh.8) görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 13,764 %-i (1/78 hissə) borclunun mülkiyyətindədir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (səh.9) isə görünür ki, ünvan 2 ünvanında yerləşən 24 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında Borclu məxsusdur.

21. Göründüyü kimi adı çəkilən məzildə borclunun mülkiyyət hüququ tam, qeyriyaşayış sahəsində isə müəyyən olunmuş payı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

22. Fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərtilə) tələbin yönəldilməsinə yol verilməməsi ilə bağlı mövqeyinə münasibətdə kollegiya qeyd edir ki, məhkəmənin iş materiallarında borclunun istifadəsində olan əmlaklarla bağlı araşdırma aparılması, onun əmlaklarının nədən ibarət olmasının müəyyənləşdirilməsi, o cümlədən borcluya məxsus mənzilin onun yeganə yaşayış sahəsi olub-olmaması barədə məlumatlar olmadan göstərilən nəticəyə gəlməsi əsassız olmuşdur.

23. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, tələbkarın şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(060)-497/2023 saylı qərardadı ləğv edilməli, qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla təqdimata yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-497/2023 saylı qərardadı ləğv edilsin. Qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla təqdimata yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar