Məhkəmə qərarları › İş №8(105)-81/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-81/2024

23.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-81/2024 23.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-200/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu şəxslər Borclu1, Borclu2, Borclu4 və Borclu3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Borclu1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-200/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu şəxslər Borclu1, Borclu2, Borclu4 və Borclu3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-282/2024 nömrəli qərardadından Borclu1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-200/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu şəxslər Borclu1, Borclu2, Borclu4 oğu və Borclu3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 200/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu şəxslər Borclu1, Borclu2, Borclu4 oğu və Borclu3 Tələbkar ASC-yə 15315.83 ABŞ dolları və 27 manat dövlət rüsumu tutulmalıdır. İcra sənədi xx.xx.2016-cı il tarixdə icraata daxil olmuş və həmin tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilərək icra hərəkətlərinə başlanmış və borcluya bu haqda xəbər verilmişdir. Lakin borclu şəxslər Borclu1, Borclu2, Borclu4 oğu və Borclu3 icra sənədində göstərilən tələbi üzrsüz səbəbdən icra etməmiş və nəticədə hazırki dövrədək 10130 ABŞ dolları və 27 manat borcu olduğu üçün icra tədbirlərinin görülməsinə zərurət yaranmışdır. Hazırda qalıq borcu 10130 ABŞ dolları və 27 manat təşkil edir. Borclular könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün Ədliyyə Nazirliyinin Elektron İnformasiya Sistemində borcluya məxsus əmlak müəyyən edilməmişdir. Borclu şəxslər Borclu1, Borclu2, Borclu4 oğu və Borclu3 ölkədən getməsi ehtimal olunduğundan ölkədən getmə hüququ məhdudlaşdırılmalıdır.

3. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-282/2024 nömrəli qərardadı ilə (hakim Aynur Behbudova) Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-200/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu şəxslər Borclu1, Borclu2, Borclu4 oğu və Borclu3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır.

4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclular icra sənədinin könüllü icrası ilə bağlı bildirişləri almış, onlara icra sənədini dərhal icra etmələri izah olunmuş, habelə icraata başlamaq haqqında qərarla tanış edilmişlər. Məhkəmə tərəfindən tədqiq olunmuş icra işinin materiallarından müəyyən edilir ki, icra məmuru icra sənədinin icrasını təmin etmək üçün lazımi icra tədbirləri həyata keçirmiş, lakin borclu şəxslər məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrasından imtina etmişlər.

5. Borclu1 nümayəndəsi və vəkili Nümayəndə qeyd edilən qərardaddan şikayət vermişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-282/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 8(105)-81/2024 nömrəli qərardadı ilə verilmiş şikayət mümkün hesab olunmuş şikayətə yazılı icraat qaydasında baxılması qərara alınmışdır.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 8(105)-81/2024 nömrəli qərardadı ilə şikayətə açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxılması qərara alınmışdır. Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

9. Şikayət onunla əsaslandırılmışdır ki, borclular barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimat verilmiş, lakin əsaslar müəyyən olunmadığı üçün rədd edilmişdir. Bu isə onu deməyə əsas verir ki, icra sənədinin icrasından boyun qaçırma halları baş verməmişdir. Hal hazırda qalan məbləğ 10000 ABŞ dollarından aşağı məbləğdədir. Digər zaminlərin hər birindən tutulmalar olur. Burada yalnız müqavilə bağlamış şəxsin əmək haqqından tutulma baş vermir. Ona görə də hesab edir ki, tərəflərin qətnamənin icrasından yayınmaq kimi bir halı yoxdur. Qeyd edir ki, qət olunan məbləğ tərəflərin hər biri tərəfindən ödənilir. Belə olduğu halda borcluların ölkədən çıxışına maneə qoyulması əsassızdır. Həmçinin qeyd etmək lazımdır ki, borcun böyük hissəsi artıq ödənilmişdir və bu ödənişlər hər ay davam edir. Maddi imkanının borcu bir dəfəyə ödəməyə imkan verməməsi məhkəmə tərəfindən üzrsüz səsəb kimi qiymətləndirilməsi əsassızdır.

b) Şikayətə qarşı etirazın dəlilləri

10. Şikayətə qarşı tələbkar və icra məmuru tərəfindən etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu1 şikayətin təmin edilməsini xahiş etdi və bildirdi ki, o, onkoloji xəstədir, 60 yaşı və ailəsi, uşaqları vardır və onun qaçmağa yeri yoxdur. Onu xəstəxananın onkologiya şöbəsinin müdiri müalicə edir və əməliyyat etmək istəyir. Gürcüstanda və Türkiyədə yaşayan tanışlarına analizlərinin cavabını göndərmiş və müsbət cavab almışdır, yəni ona məlumat vermişlər ki, həmin ölkələrə gedə bilsə əməliyyat olunmadan və daha aşağı qiymətə müalicə oluna bilər. Burada isə onu dərhal əməliyyat etmək isytəyirlər. Həkim ona demişdir ki, əməliyyatdan sonra səsi bir az da batacaq və daha sonra yaxşı danışa bilməsi üçün boğazına aparat yerləşdirəcəkdir. Xəstəliyi ilə bağlı olaraq Gürcüstan Respublikasına getmək istəyir, çünki əməliyyat olunmaq istəmir, müalicə olunmaq istəyir. Təxminən dörd ay bundan qabaq ilk öncə səsi batmış, daha sonra yemək yeyə bilməmiş və sonradan bilmişdir ki, boğazında törəmə vardır. Xahiş edir ki, ona köməklik edilsin.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

13. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (...)

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

14. Maddə 84-1. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 84-1.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək (...)

17. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-81/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadından verilən şikayətə şifahi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

19. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı Borclu1 aid hissədə ləğv edilərək, həmin hissədə təqdimat təmin edilməməlidir.

21. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.

22. Qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir.

23. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı tədbir məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edir, həmin məhdudlaşdırmanın tətbiq edilməməsi gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirə bilər.

24. İşdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədi dörd nəfər borcluya münasibətdə hazıradək tam icra edilməmişdir.

25. İşdə olan TƏBİB “Sumqayıt Tibb Mərkəzi” publik hüquq şəxsi 1 nömrəli xəstəxana poliklinika şöbəsinin xx.xx.2024-cü il tarixli çıxarışından (Forma № 027/U) görünür ki, Borclu1 xəstəliyi üzrə ona qırtlağın törəməsi tam diaqnozu qoyulmuşdur.

26. İşdə olan ambulator tibbi kitabçanın (TQS № 025) surətindən görünür ki, Borclu1 dispanser qeydiyyatına alınmışdır və diaqnozu qırtlağın törəməsidir.

27. Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.

28. MPM-in 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.

29. Məhkəmə kollegiyası icra edilməmiş borcun məbləğini, Borclu1 izahatını, təqdim edilmiş tibbi sənədləri nəzərə alır və hesab edir ki, Borclu1 göstərilən xəstəliyi mövcud vəziyyətdə müstəsna hal kimi qiymətləndirilməli və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-282/2024 nömrəli qərardadı qismən ləğv edilməli, Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması hissəsində hazırda verilmiş təqdimat təmin edilməməlidir.

30. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, icra sənədi borclu tərəfindən icra edilmədikdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərinin müəyyənləşdirilərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın təkrar məhkəməyə verilməsinə hazırkı qərardad maneə olmur.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-282/2024 nömrəli qərardadı qismən - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-200/2016 nömrəli, xx.xx.2016cı il tarixli icra sənədi üzrə Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması hissəsində ləğv edilsin. Borclu1 aid hissədə təqdimat təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar