Məhkəmə qərarları › İş №8(105)-81/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-81/2025

14.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-81/2025 14.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X12 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, borclu Cavabdeh iştirakı ilə, X1 məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş aliment miqdarının indeksasiya olunması barədə ərizəsinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-310/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X2 məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş aliment miqdarının indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1587/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X14 oğlunun yetkinlik yaşma çatana qədər saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş 154 manat sabit pul məbləğində aliment miqdaının 2025-ci il üçün Azərbaycan Respublikası ərazisində müəyyən olunmuş minimum ənıək haqqının 1.18 misli miqdarında (hazırda uşaq üçün 400x1,18=472 manat) və uşağa görə müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə o, X9 Cavabdeh qarşı "aliment tələbinə" dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X14 oğlunun yetkinlik yaşına çatanadək maddi cəhətdən saxlanılması üçün aybaay 154 manat məbləğində alimentin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1587/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia təmin edilərək, Cavabdeh Mənıməd oğlu ilə X9 arasında xx.xx.2013-cü tarixdə qeydə alınmış nikahın pozulması, Cavabdeh ilə X5 birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X14 oğlu boşanmadan sonra anası X5 yanında qalması, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X14 oğlunun yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməsi qət olunmuşdur. Hesab edir ki, hazırda bu məbləğ indiki reallıqda uşağın saxlanılması üçün kifayət deyildir. Belə ki, təyin olunmuş məbləğ uşağın geyimi, qidalanması təhsili və s. bu kimi işlərin aparılması üçün faktiki olaraq kifayət etmir. Ona görə də Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1587/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunması zərurət yaranmışdır. Nəzərə alınmalıdır ki, 2018-ci il tarixində Azərbaycan Respublikasında minimum əmək haqqınm 130 olduğunu nəzərə alaraq və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 154 manat aliment məbləği əmək haqqının 1,18 (154:130=1,18) mislini təşkil edir. Qeyd edilənlərə əsasən tələbkar ərizəsinin təmin edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-310/2025 saylı, 02 aprel 2025-ci il tarixli qərardadı ilə (hakim Günel Tanrıverdiyeva) X1 ərizəsi təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1587/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X14 oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla indeksasiya olunaraq minimum aylıq əmək haqqının 1,18 misli miqdarında (hazırda 400 x 1.18=472 manat) müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2017-ci il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1587/2018 saylı, xx.xx.2018- ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X14 oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən edilmiş 154 manat məbləğində aliment həmin il ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 1.18 (154:130=1.18) mislini təşkil edir. Borclu Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 310/2025 saylı, 02 aprel 2025-ci il tarixli qərardadından şikayət ərizəsi verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 310/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə X1 ərizəsinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1587/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnamsəi ilə xx.xx.2015-ci il təvəllüdlü X14 oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla indeksasiya olunaraq minimum aylıq əmək haqqının 1,18 misli miqdarında (hazırda 400 x1.18=472) manat müəyyən edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin nəzərinə çatdırmaq istəyir ki, o, cavabdehlə xx.xx.2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurub. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X14 oğlu adlı övladları olmuşdur. O, qərardad ilə razı deyil. Belə ki, minimum aylıq əmək haqqının 1,18 misli miqdarında (hazırda 400 x1.18=472) manat aliment ödəməyə maddi imkanı çatmır. Hal-hazırda heç bir yerdə işləmir. Mənzil məişət şəraitləri olduqca zəifdir. Ailəsini dolandırmaqda çətinlik çəkir. Qeyd edir ki, o, 220 manat təqaüd alır. Hal-hazırda 84 yaşında yaşlı anası və bacısı ilə birlikdə qalır. Bacısı da heç bir yerdə işləmir. Anasına qulluq etdiyi üçün anasını nəzarətsiz qoyub heç bir yerdə işləyə bilmir. Aliment ödəməkdən boyun qaçırmır, amma minimum aylıq əmək haqqının 1,18 misli miqdarında (hazırda 400 x1.18=472) manat aliment ödəməyə maddi imkanı həqiqətən çatmır. İkinci dərəcəli əlildir. Onurğa boyu kəskin ağrıları olur, hərəkət məhdudluğu var. Ümumi zəiflik, ürək döyüntüləri, halsızlıq, tez yorulma ,əllərdə zəiflik halları və s. narahatçılıqları olur. Ağır fiziki işlərdən kənar olmalıdır. 2-3 aydan bir müalicə almalıdır. O, heç minimum əmək haqqı belə almır. Bunu bu həddə hesablayaraq onun məişət şəraitini daha da ağırlaşdırıblar. Bundan başqa qeyd edir ki, qərardadın surətini rəsmi olaraq xx.xx.2025-ci il tarixdə alıb. Uşağın ehtiyaclarını ödəməyə çalışır, gəzməyə aparanda xərci çıxır, əvvəldən də aliment borcu olmayıb. Vaxtında ödəyib. Uşağı saxlamağa borclu olduğunu bilir. Aliment ödəməkdən boyun qaçırmır. Lakin müvafiq qərardadla qəbul olunan aliment məbləğindən narazı olduğu üçün məbləğin azaldılmasını istəyir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-310/2025 saylı, 15 aprel 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında borclu Cavabdeh şikayətin dəlillərini müdafiə edərək bildirdi ki, ikinci qrup əlildir, 220 manat müavinət alır, xəstə olduğundan işləyə bilmir, 2-3 aydan bir müalicə almalıdır. 472 manat alimenti ödəyə bilməyəcək. Bu günədək aliment borcu yoxdur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-310/2025 saylı, 02 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1587/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə ilkin və qarşılıqlı iddia təmin edilmiş, Cavabdeh ilə X9 arasında xx.xx.2013-cü tarixdə qeydə alınmış nikahın pozulması, Musaxev Səyyad Məmməd oğlu ilə X5 birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X14 oğlunun boşanmadan sonra anası X10 yanında qalması, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 (yüz əlli dörd) manat sabit məbləğində alimentin tutularaq X7 ödənilməsi, alimentin tutulmasının müddətinin 15 yanvar 2018-ci il tarixdən müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2017-ci il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndi: Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4- 1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.41-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Hazırki işdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1587/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə alimentin məbləği 154 manat müəyyən edilərkən minimum aylıq əməkhaqqının məbləği 130 manat olmuşdur. Yuxarıda istinad olunan qanunvericilik normaların və Ali Məhkəməinin Plenum qərarında əsasən sadə riyazi hesablama aparıldıqda indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 1.18 (154:130=1.18) həddində müəyyən edilmiş olur. Belə olan halda birinci instansiya məhkəməsinin gəlidiyi nəticə əsaslı hesab olunur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qərar qəbul edilən zaman prosessual hüquq normalarının pozulması müəyyən olunmur. Buna görə də şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 310/2025 saylı, 02 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vaxtadək uşaq üçün 154 manat aliment ödəmiş borclunun həmin öhdəliyinin birdən-birə hazırki minimum əmək haqqının 1,18 misli həddində artırılması onun vəziyyətinin həddən artıq ağırlaşacağına, qeyri-mütənasib dərəcədə yüklənməsinə səbəb olacağı təqdirdə alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-310/2025 saylı, 02 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar