Məhkəmə qərarları › İş №8(105)-82/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-82/2025

14.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-82/2025 14.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X11 (məruzəçi), X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İcra sənədi üzrə X2 tərəfindən verilmiş aliment məbləğinin indeksasiyasına dair ərizəsi üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-60/2025 nömrəli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ X2 aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2178/2015 saylı, 19 avqust 2015-ci il tarixli qətnaməsinə əsasən 17 yanvar 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması Bakı şəhəri, Səbail rayonu, Abdullaşaiq küçəsi, ev 3, mənzil 23-də yaşayan Maraqlı şəxs tutulan 100 manat sabit pul məbləğində aliment indeksasiya edilərək ərizənin məhkəməyə daxil olunduğu tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 17 yanvar 2015-ci il təvəllüdlü X1 üçün cavabdeh Maraqlı şəxs onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına uyğun sabit pul məbləğində aliment tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2178/2015 saylı, 19 avqust 2015-ci il tarixli qətnaməsinə əsasən 17 yanvar 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay 100 manat məbləğində sabit pul məbləğində aliment alınaraq X6 verilməlidir. Hesab edir ki, onun xeyrinə tutulan 100 manat sabit pul məbləğində aliment indeksasiya edilərək 2025-ci il üçün müəyyən olunmuş 400 manat minimum əmək haqqı məbləğinin hər ay uşağ üçün 0,80 faiz mislində müəyyən edilməlidir. Cavabdehin maddi imkanı yaxşıdır, ölkəmizdə inflyasiya getmiş, bazar qiymətləri kəskin şəkildə artmışdır. Cavabdehin isə maddi imkanı yaxşıdır. Cavabdehin yüksək məbləğdə aliment ödəməyə qadirdir. Ata kimi uşaqlarını saxlamaq cavabdehin valideynlik borcudur. Cavabdehlə aralarında alimentin miqdarının artırılmasına dair heç bir razılaşma yoxdur. Məlum olduğu kimi, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2025-ci ildə yaşayış minimumu 400 manat müəyyən edilmişdir Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-60/2025 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, 17 yanvar 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Xaçmaz rayon Məhkəməsinin 2(067)-2178/2015 saylı, 19 avqust 2015-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləğin indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.95 misli həddində sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq X6 ödənilməsi qərara alınmışdır (hakim Sərxan Səmədzadə). Maraqlı şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-60/2025 nömrəli qərardadını dəyişdirərək ondan 17 yanvar 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində alimentin tutularaq X6 ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(067)-60/2025 nömrəli qərardadı ilə ərizəçi X5 ərizəsi təmin edilmiş, 17 yanvar 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Xaçmaz rayon məhkəməsinin 2(067)-2178/2015 saylı, 19 avqust 2015-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.95 misli həddində sabit pul məbləğində alimentin ondan tutularaq X6 ödənilməsi qərara alınmışdır. Qəraradadı 01 aprel 2025-ci il tarixdə rəsmi qaydada almışdır. Qeyd edilən qərardadı hüquqi cəhətdən əsassız hesab edir. Belə ki, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.95 misli 380 manat təşkil edir. Bu məbləği ödəmək onun imkanı xaricindədir. O, 2018-ci ildə ikinci dəfə nikaha daxil olaraq ailə qurmuşdur. 16 fevral 2019-cu il təvəllüdlü bir övladı da var. Özü Zeytun farm şirkətində işləyir. Aylıq əmək haqqı 955 manat təşkil edir. Həyat yoldaşı işləmir. Ailənin bütün yükü onun çiynindədir. Eyni zamanda “Bank VTB”-yə 10000 manat civarında kredit borcu var. Bundan sonra kredit ödəniləsi 41 ayı var. Hər ay 360 manata yaxın kredit ödəyir. Odur ki, 380 manat məbləğində ondan alimentin tutulmasını ədalətsiz hesab edir. 17 yanvar 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment (bu il 180) ödəyə bilər. Məhkəmə prosesi barədə lazımi qaydada məlumatlandırılmamışdır. Məhkəmə bildirişi ona prosesin keçirildiyi gün çatmışdır. Bu səbəbdən Bakı şəhərindən Xaçmaz rayonuna gəlmək mümkün olmamışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-60/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-60/2025 nömrəli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayətin təmin olunmaması və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)- 60/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2178/2015 saylı, 19 avqust 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X9 ilə Maraqlı şəxs arasında xx.xx.2014-cü ildə Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsində bağlanmış nikah qeydi pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X7 boşanmadan sonra iddiaçı X5 himayəsində saxlanılmışdır. xx.xx.2015-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 18 avqust 2015-ci il tarixdən başlayaraq Maraqlı şəxs hər ay 100 manat məbləğində sabit aliment alınaraq X6 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının əlavə edilmiş 8.4-2-ci bəndində qeyd olunur ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cüil tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4.1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.41-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alinmalıdır. Hazırki iş üzrə isə qeyd etməliyik ki, 2015-ci ildə ölkə üzrə minimum aylıq əmək haqqı 105 manat müəyyən edilmişdir. Yəni Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2178/2015 saylı, 19 avqust 2015-ci il tarixli qətnaməsi qəbul edilərkən, ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 105 manat olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normalara əsaslanaraq hesab edir ki, aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınmalı (100:105=0.95) və qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində indeksasiya olunması şəklində qeyd olunması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, indiyədək uşaq üçün 100 manat aliment ödəmiş borclunun həmin öhdəliyinin birdən-birə minimum əmək haqqının 0.95 misli həddində artırılması onun vəziyyətinin həddən artıq ağırlaşacağına, qeyri-mütənasib dərəcədə yüklənməsinə səbəb olacağı təqdirdə alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398 və 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-60/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar