Məhkəmə qərarları › İş №8(105)-83/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-83/2023

18.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-83/2023 18.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Şamaxı Rayon Məhkəməsinin 2(074)-874/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu əmlakı üzərinə həbs qoyulmasına dair Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzovun təqdimatının təmin olunmamasına dair Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(074)-57/2023 nömrəli qərardadından tələbkar "xxxx" BOKT MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu adına olan Şamaxı rayonu, Sabir qəsəbəsində 0,089 ha həyətyanı, 0,9167 ha əkin və 1,1029 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 874/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, borclular X6, X5, X7 və X1 müştərək qaydada ümumilikdə 9404,71 manat əsas və 589,11 manat faiz olmaqla, cəmi 9993,82 manat kredit borcu və 120,40 manat ödənilmiş dövlət rüsumunun əvəzi tələbkar "xxxx" BOKT MMC-nin xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar, bildiriş qəbul olunaraq, tərəflərə göndərilərək, qanunamüvafıq qaydada icraya yönəlmişdir. İcra sənədində olan tələbin təmin edilməsi məqsədilə, icra tədbirləri həyata keçirilmiş və borclu X4 adına Şamaxı rayonu, Sabir qəsəbəsində 0,089 ha həyətyanı, 0,9167 ha əkin və 1,1029 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri aşkar olunmuşdur. Şamaxı Rayon Məhkəməsinin 8(074)-57/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin olunmamışdır (hakim Fərid Yaqubov). Tələbkar "xxxx" MMC tərəfindən şikayət verilərək, həmin qərardadın ləğv edilməsi və Borclu məxsus 0,089 ha həyətyanı və 0,9167 ha əkin sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təqdimatın təmin olunmamasının əsası kimi həmin torpaq sahələrinin hansı hissədə borcluya məxsus olması barədə dəqiq məlumatın olmaması və əsas məşğuliyyəti kənd təsərrüfatı olan borlcu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilə bilməməsi göstərilmişdir. Hesab edirlər ki, qeyd olunan qərardad əsassızdır. Belə ki, icra məmuru tərəfindən verilmiş sorğu nəticəsində Şamaxı rayonu, Sabir qəsəbəsində 0,089 ha, 0,9167 ha, 1,1029 ha torpaq sahələrinin tam mülkiyyət hüququ ilə Borclu məxsus olması müəyyən edilib və bu məhkəmə qərardadında da xüsusi olaraq göstərilib. Belə olan halda həmin torpaq sahələrinin hansı hissədə borcluya məxsus olmasını araşdırmağa ehtiyac yoxdur. Əlavə olaraq qeyd etmək lazımdır ki, Borclu məxsus olan torpaq sahələrinin ümumi cəmi 2,1086 ha təşkil edir. Nəzərə alınsa ki, həmin sahə AR Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 nömrəli qərarının 3cü bəndində qeyd olunan sahədən 1,1086 ha daha böyükdür, buna görə də məhkəmə tərəfindən Borclu məxsus olan 0,089 ha həyətyanı və 0,9167 ha əkin sahəsinin üzərinə həbs qoyulması mümkün idi. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(074)- 57/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-874/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Borclu ilə bağlanmış xx.xx.2021-ci il tarixli BAKUl-45645-19736 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli BAKUl-45645-19736 saylı Razılaşma ləğv edilməli, borclular X6, X5, X7 və X1 müştərək qaydada ümumilikdə 9404,71 manat əsas və 589,11 manat faiz olmaqla, cəmi 9993,82 manat kredit borcu və 120,40 manat ödənilmiş dövlət rüsumunun əvəzi tələbkar "xxxx" BOKT MMC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borclulara icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması təklif edilmişdir “İcra haqqında” Qanunun 45.1 və 45.2-ci maddələrinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 49.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə» 05 iyun 2002-ci il tarixli, 89 nömrəli qərarının üçüncü bəndinə görə, əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələb yönəldilə bilməz. Göründüyü kimi təqdimatın mahiyyəti icra sənədi üzrə tələbin ödənilməsinin təmin edilməsinə yönəlmiş, daha konkret formada icra məmurunun təqdimatında, habelə tələbkarın sözügedən qəradaddan verdiyi şikayətində tələb borcluya məxsus əmlakın üzərinə həbs qoyulmaqla, onu satmaq yolu ilə tələbin icra edilməsindən ibarətdir. Kollegiya qeyd edir ki, iş materiallarında olan çıxarışların surətindən görünür ki, üzərinə həbs qoyulması tələb edilən torpaq sahələri X3, X8, Borclu və X2 ümumi paylı mülkiyyətindədir. Ümumi paylı mülkiyyətdə olan əmlakın üzərinə həbs qoyulması digər paylı mülkiyyətçilərin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına zəmin yaradar. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Borclu adına Şamaxı rayonu, Sabir qəsəbəsində 0,089 ha, 0,9167 ha, 1,1029 ha torpaq sahələrinin hansı hissədə borcluya məxsus olması barədə heç bir məlumatın olmaması əsası ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Borclu adına Şamaxı rayonu, Sabir qəsəbəsində 0,089 ha həyətyanı, 0,9167 ha əkin və 1,1029 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulmasına dair Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzovun təqdimatının təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(074)-57/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar