Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-83/2025 15.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X1 ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 8(012)-128/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qərardadından tələbkar X4 məxsus "xxxx" Şirkəti tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə (H.Əhmədov) şikayətin təmin edilməsi, Maraqlı şəxs icra sənədinə xitam verilməsi haqqında xx.xx.2025ci il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1525/2023 nömrəli icra sənədi Maraqlı şəxsnə qaytarılması qərara alınmışdır. Maraqlı şəxs rəisi X3 qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-128/2025 nömrəli qərardadının ləğv edilməsi, tələbkar X4 məxsus "xxxx" Şirkəti Maraqlı şəxs tərəfindən qəbul edilmiş icra sənədinə xitam verilməsi haqqında qərardan verdiyi şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Tələbkar X4 məxsus "xxxx" Şirkəti qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli qərardadı ilə Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarından tələbkar X4 məxsus "xxxx" Şirkəti tərəfindən verilmiş şikayət ərizəsinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)- 128/2025 nömrəli qərardadından tələbkar X4 məxsus "xxxx" Şirkəti tərəfindən verilmiş şikayət əsassız hesab edilərək baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Tələbkar X4 məxsus "xxxx" Şirkəti Maraqlı şəxs tərəfindən qəbul edilmiş icra sənədinə xitam verilməsi haqqında qərardan şikayət verərək, Maraqlı şəxs icra məmuru Nümayəndə xx.xx.2025-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Tələbkar X4 məxsus "xxxx" Şirkəti Abşeron Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli qərardadından şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli qərardadının ləğv edilməsini, X4 məxsus "xxxx" Şirkətinin Maraqlı şəxs tərəfindən qəbul edilmiş icra sənədinə xitam verilməsi haqqında qərardan verdiyi şikayətin təmin edilməsi barədə Abşeron Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, şikayətə mahiyyəti üzrə baxılması qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılmalı olduğu halda, məhkəmə bu hissədə doğru hüquqi dəyərləndirmə aparmamışdır. Məlum olduğu kimi, mülki prosessual qanunvericiliyinə müvafiq dəyişiklər edilərək məhkəmə aktlarından şikayət üçün müəyyən tələblər irəli sürülmşüdür ki, həmin tələblərə riayət edilmədən şikayətə baxıla bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Mülki Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində müəyyən edilmişdir ki, apellyasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq verilməlidir. Apellyasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayəti verən şəxsin tələbi hissəsində isə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin şikayəti verən tərəf prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, şikayəti həmin formaya uyğun tərtib etməmişdir. Digər tərəfdən, məhkəmənin “icra sənədində göstərilənlər icra məmuru tərəfindən qanunla nəzərdə tutulmuş qaydada tam icra edilmiş, icra işi üzrə icraata xitam verilməsində hər hansı qanun pozuntusuna yol verilməmişdir. Mənzildə digər şəxslərin yaşaması və onların mənzildən çıxarılması icra sənədində nəzərdə tutulmadığından icra edilməsi icra məmuru tərəfindən mümkünsüzdür. Digər şəxslərin mənzildən çıxarılması üçün tələbkarın iddia icraatı qaydasında iddia tələbi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ vardır.” mövqeyi ilə razılaşmaq mümkün deyil. Tələbkar "xxxx" Şirkəti, mülkiyyətçi qismində pozulmuş konstitusion mülkiyyət hüququnun bərpası ilə əlaqədar məhkəməyə müraciət etmiş, tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 36 saylı mənzilin ona təhvil verilməsini xahiş etmişdir. Məhkəmə müdafiəsi üçün müraciət etməyin əsası olmuş hal, sözügedən mənzilin mülkiyyətçinin iradəsindən kənar qanunsuz sahiblikdə olması olmuşdur. Hüquqlarına dövlət tərəfindən təminat verilən mülkiyyətçinin bu cür iddia qaldırarkən qanuni gözləntisi mənzilə hər hansı maneə olmadan sahiblənmək, ondan arzu etdiyi şəkildə istifadə etmək və həmin mənzil üzərində hər hansı məhdudiyyət olmadan sərəncam vermək olmuşdur. Mənzilin qanunsuz sahiblikdən geri alınaraq qanuni sahibinə təhvil verilməsi tələbini ehtiva edən iddia məhkəməyə verilmədən öncə ilkin sübutlar əldə edilmiş və iddia ilə birgə məhkəməyə təqdim edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 2 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin xx.xx.2023-cü il tarixli 668 saylı arayışından görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********23-05101- 093029 reyestr nömrəli çıxarış əsasında şirkətin xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 12 saylı evin 36 saylı mənzilində Borclu qeydiyyatsız yaşayır. Həmin arayışda hər hansı digər şəxslərin yaşaması göstərilməmişdir. İş materiallarında olan polisin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə də həmin mənzildə Borclu yaşadığı öz təsdiqini tapmışdır. Bu səbəbdən müvafiq tələbdə mötəbər sübutlara istinadən həmin anda mübahisəli mənzildə yaşayan şəxsin (Borclu) çıxarılması və mənzilin təhvil verilməsi tələbi qoyulmuşdur. Belə ki, tələb dəqiq, aydın və konkret olmalıdır. Həmin anda iddiaçının orada yaşamayan, iddiaçının mülkiyyət hüquqlarını pozmayan, gələcəkdə yaşaması və hüquq pozması ehtimal olunan qeyrimüəyyən şəxslərin mənzildən çıxarılmasına dair tələb qoyması yolverilməz və məhkəmə təcrübəsində qəbuledilməzdir. Tələbkar "xxxx" Şirkəti, mülkiyyətçi qismində pozulmuş konstitusion mülkiyyət hüququnun bərpası ilə əlaqədar məhkəməyə müraciət etmiş, tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 36 saylı mənzilin ona təhvil verilməsini xahiş etmişdir. Məhkəmə müdafiəsi üçün müraciət etməyin əsası olmuş hal, sözügedən mənzilin mülkiyyətçinin iradəsindən kənar qanunsuz sahiblikdə olması olmuşdur. Hüquqlarına dövlət tərəfindən təminat verilən mülkiyyətçinin bu cür iddia qaldırarkən qanuni gözləntisi mənzilə hər hansı maneə olmadan sahiblənmək, ondan arzu etdiyi şəkildə istifadə etmək və həmin mənzil üzərində hər hansı məhdudiyyət olmadan sərəncam vermək olmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli və onunla bağlı 21 aprel 2025-ci il tarixli qərardadları ləğv edilməli, yenidən baxılıb yekun məhkəmə aktının qəbul edilməsi üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. İşdən görünür ki, Maraqlı şəxs icra məmuru Nümayəndə xx.xx.2025-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarı ilə icra sənədi üzrə icraata xitam verilmiş, həmin qərardan tələbkar X4 məxsus "xxxx" Şirkəti şikayət vermiş, məhkəmə şikayəti təmin edərək Maraqlı şəxs icra sənədinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1525/2023 nömrəli icra sənədinin Maraqlı şəxsnə qaytarılmasını qərara almışdır. Bu nəticə ilə razılaşmayan icra məmurunun şikayəti əsasında məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi, tələbkar X4 məxsus "xxxx" Şirkəti Maraqlı şəxs tərəfindən qəbul edilmiş icra sənədinə xitam verilməsi haqqında qərardan verdiyi şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə tələbkar X4 məxsus "xxxx" Şirkəti tərəfindən mübahisələndirilərək şikayət verilmiş, Abşeron Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. İşin araşdırılmış hallarına əsasən icra məmuru icra sənədinin tam icra olunduğu, borclunun könüllü olaraq əşyalarını da götürüb evdən çıxdığı qənaətinə gələrək akt tərtib edərək, icra sənədi üzrə icraata xitam olunması barədə qərar qəbul etmişdir. Lakin bu nəticəyə gələn icra məmuru mübahisəli mənzildə başqa şəxslərin yaşadığını müəyyən etdiyi halda, tələbkara məxsus və həmin dövrə qədər Borclu istifadəsində olmuş həmin mənzildəki şəxslərin şəxsiyyətini müəyyənləşdirmək üçün heç bir hərəkət etməmiş, icra hərəkətlərinin aparılması ilə bağlı hal şahidlərinin iştirakını təmin etməmiş və bununla da “İcra haqqında” Qanunun 72.5-ci maddəsindən irəli gələn tələblərə əməl etməmişdir. Bundan başqa icra məmurunun aktda qeyd etdiklərindən məlum olur ki, icra hərəkətləri ilə bağlı mənzilə daxil olarkən borcluya məxsus əşyaların həmin mənzildən tam olaraq çıxarılmasını ətraflı yoxlamamış, borclunun sözlərinə uyğun olaraq əşyaların çıxarılması qənaətinə gəlmişdir. Halbuki, xitamın əsaslarını və qaydasını tənzimləyən “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsində icra sənədi üzrə icraata xitamın əsası kimi icra sənədinin tam icra olunduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 72.5. maddəsinə əsasən çıxarılma icra məmuru tərəfindən hal şahidlərinin iştirakı ilə və hökmən əmlak siyahıya alınmaqla həyata keçirilir. İcra məmuru çıxarılma zamanı müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət etmək hüququna malikdir. Mövcud vəziyyətdə icra məmuru tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələbləri yerinə yetirilməmiş və nəticədə tələbkarın sözügedən yaşayış sahəsindən maneəsiz istifadə etmək imkanı təmin edilməmişdir. Bu halda sözügedən icra sənədi icra edilmiş sayıla bilməz. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında qeyd olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Nəzərə alınmalıdır ki, Konstitusiya və beynəlxalq hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Məhz bu baxımdan qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tələbkar X4 məxsus "xxxx" Şirkətinin şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin Abşeron Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli və onunla bağlı 21 aprel 2025-ci il tarixli qərardadları ləğv edilməli, şikayətə baxılaraq məhkəmə aktının qəbul edilməsi üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar X4 məxsus "xxxx" Şirkətinin şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli və onunla bağlı 21 aprel 2025-ci il tarixli qərardadları ləğv edilsin və qərardadın təsviri-əsaslandırıdıcı hissəsində göstərilən məsələlərin həlli üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-83/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-83/2025
15.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver