Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-84/2023 31.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 icra hərəkətinin qanunsuz hesab edilməsi barədə ərizəsinə dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, X1 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8361/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra vərəqəsi üzrə Cavabdeh1 icra məmurunun xx.xx.2023-cü il tarixli, 59/16 nömrəli sifariş məktubuna əsasən ona məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 387 nömrəli fərdi yaşayış evinin hərracda satılması ilə bağlı icra hərəkətinin qanunsuz hesab edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-553/2023 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. X2 xx.xx.2023-cü il tarixdə məhkəməyə şikayət ilə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8361/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra vərəqəsi üzrə Cavabdeh1 icra məmurunun xx.xx.2023-cü il tarixli, 59/16 nömrəli sifariş məktubuna əsasən ona məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 387 nömrəli fərdi yaşayış evinin hərracda satılması ilə bağlı icra hərəkətinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-553/2023 nömrəli qərardadı ilə X2 tərəfindən verilmiş şikayətin (ərizənin) icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır.
3. Məhkəmə hesab etmişdir ki, verilmiş şikayətdə qanunvericiliklə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi üzrə fərdi yaşayış evinin hərracda satılması ilə bağlı icra hərəkətinin qanunsuz hesab edilməsi barədə icra hərəkətinin aparılması MPM-in tələblərinə əsasən məhkəmənin nəzarət funsiyası həyata keçirdiyi qərarlarının dairəsinə aid olmadığından mülki məhkəmə icraatı qaydasında baxılması qanuna uyğun deyildir. Məhkəmə qeyd olunmasını zəruri hesab edir ki, hər bir tərəfin məhkəmə müdafiəsindən çıxış edərək hüquqlarının müdafiəsi ilə bağlı aidiyyəti üzrə inzibati orqana, onun qərarından isə məhkəməyə müraciət etmək imkanın olması diqqətə çatdırılmalıdır.
4. Həmin qərardaddan X2 şikayət vermişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-553/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
6. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26cımaddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən özsəlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin erilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”. Qeyd edilən normaların məzmunundan da göründüyü kimi, “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayətlərə də icra sənədini verən və ya icraya nəzarət edən müvafiq məhkəmə tərəfindən baxılmalıdır. Ali Məhkəmənin İnzibati Kollegiyasıın “İcra və probasiya şöbəsinə qarşı iddianın mümkünlüyü” baradə iş üzrə qəbul etdiyi 2-1(102)- 1594/2021 nömrəli xx.xx.2021-ci il tarixli Qərarından da görünür ki, məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 2015-ci il 2 sentyabr tarixli və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 10 oktyabr tarixli Qərarlarında əks olunmuş hüquqi mövqeye uyğun əsaslandıraraq Qərarda qeyd etmişdir ki: ... “Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayətlərə də icra sənədini verən və ya icraya nəzarət edən müvafiq məhkəmə tərəfindən baxılmalıdır. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qərarından hərəkət və ya hərəkətsizliyindən icra sənədini verən və ya icraya nəzarət edən müvafiq məhkəmə tərəfindən baxılmalıdır. Hazırki, icra sənədi Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verildiyindən hazırki, şikayətə mülki məhkəmə icrası qaydasında baxılmalıdır.
b) Şikayətə qarşı etirazın dəlilləri
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
8. “İcra haqqında” Azərbaycan Respubikasının Qanunu:
Maddə 26. İcra sənədlərinin icrasına nəzarət İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
Maddə 29. İcraatda tərəflərin hüquq və vəzifələri 29.1. Tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. (...)
Maddə 87. İcra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. (...) 87.3. İcra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. 87.4. İcra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması
231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. (...)
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; (...)
Maddə 399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
10. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
11. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
13. Belə ki, birinci instansiya məhkəməsi qərardadında göstərmişdir ki, icra sənədini vermiş və icraya nəzarət edən Sumqayıt Şəhər Məhkəməsinə (yəni, icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının müyyən edilmiş xüsusi qaydası şəklində, MPM-in 231-ci maddəsinin tələbləri qaydasında) müraciət edilməmişdir.
14. Məhkəmə kollegiyası qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər.
15. Göründüyü kimi, “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir.
16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq kollegiya qeyd edir ki, X2 icra məmurunun hərəkətindən şikayət vermək hüququndan istifadə edərək, icra sənədinin icrasına nəzarət edən məhkəməyə, yəni Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Hazırkı halda, birinci instansiya məhkəməsinin qeyd etdiyi səbəblə mövcud ərizənin icraata qəbul edilməsindən imtina əsassızdır.
17. Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-553/2023 nömrəli qərardadı ləğv edilərək, yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-553/2023 nömrəli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.