Məhkəmə qərarları › İş №8(105)-85/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-85/2023

03.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-85/2023 03.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(060)-203/2022 nömrəli icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun təqdimatına dair Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 8(060)-548/2023 nömrəli qərardadından Tələbkar1 ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmov məhkəməyə təqdimatla müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(060)-203/2022 nömrəli icra sənədi üzrə Borclu məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən **********75 reyestr nömrəli torpaq sahəsinin üzərinə həbs qoyularaq hərracdan satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(060)-203/2022 nömrəli icra sənədinə əsasən, Borclu ümumilikdə 5925,95 manat borc və 24,6 manat dövlət rüsumu tutularaq Tələbkar1 ASC-yə verilməlidir. İcra zamanı tələbin təmin edilməsi üçün Borclu məxsus pul vəsaitləri və hər hansı qiymətli əşya aşkar olunmamışdır. Belə ki, elektron portaldan əldə edilmiş məlumata əsasən Borclu məxsus **********75 reyestr nömrəli torpaq sahəsinin olduğu məlum olunmuşdur. Göstərilənlərə əsasən Borclu məxsus **********75 reyestr nömrəli torpaq sahəsinin üzərinə həbs qoyularaq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 8(060)-548/2023 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(060)-203/2022 nömrəli icra sənədi üzrə Borclu məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun təqdimatının təmin edilməməsi qərara alınmışdır (hakim Şəbnəm Həxiyeva). Qərardaddan narazı olan Tələbkar1 ASC şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 8(060)-548/2023 nömrəli qərardadının ləğv edilməsini və təqdimatın təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilə bilər. Həmçinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaklara da yönəldilə bilər. Tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı isə Azərbaycan Respublikası Nazirlər Kobinetinin 05 iyun 2002-ci il tarixli, 89 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı” ilə müəyyən edilmişdir. Həmin qərara nəzər saldıqda borclunun mülkiyyətində olan boş torpaq sahəsi tələbin yönəlməsinə yol verilməyən əmlak növlərinin siyahıda mövcud deyildir. İş materallarına əlavə edilmiş AR ƏMDK yanında DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsündən də görünür ki, həmin torpaq sahəsinin üzərində heç bir ev, mənzil və ya tikili mövcud deyildir. Bundan başqa bildirirlər ki, qərardadın əsaslandırıcı hissəsində sözügedən əmlakın borclunun sahibliyində olması, eyni zamanda mülkiyyətinə birgə nikah dövründə keçməsi, yaxud onun əmlaka hansı qaydada əldə etməsinə dair icra məmuru tərəfindən məhkəməyə hər hansı sübutların təqdim edilməməsi ümumiyyətlə işin halları ilə ziddiyyət təşkil edir. Məhkəmənin gəldiyi nəticədən belə başa düşülür ki, icra məmuru VVAQ-a sorğu verməklə borclunun nikahda olub-olmamasını, həmçinin hansı tarixdə nikaha daxil olmasını müəyyən etməli, Ədliyyə Nazirliyi Notariat Baş Ofisinə sorğu ilə müraciət edərək həmin daşınmaz əmlaka dair borclu tərəfindən kimlərəsə etibarnamə verilib-verilməməsini araşdırmalı, bundan başqa həmin əmlakın hansı qaydada borclunun mülkiyyətinə keçməsini (vərəsəlik, bağışlama, alqı-satqı, ipoteka və s.) araşdırmalı və toplanmış materialları təqdimata əlavə etməli idi. Məhkəmənin qərardadı bu formada əsaslandırmasından aydın olur ki, əgər sözügedən əmlak birgə nikah dövründə əldə edilmişdirsə, borcunun mülkiyyətində olsa belə faktiki olaraq onun sahibliyində deyildirsə və yaxud əmlakın əldə edilməsinin qaydasına uyğun olaraq təqdimat təmin edilməməlidir. Bir sözlə, işin faktiki halları kənarda qalaraq məhkəmə fərziyyə və ehtimallar əsasında qərardad qəbul edilmişdir. Qeyd edilənlərə əsasən hesab edirlər ki, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun və tələbin qanunla yönəldilə biləcəyi əmlakın üzərinə həbs qoyulması ilə bağlı əsaslandırılmış təqdimatla məhkəməyə müracət etmiş, məhkəmə isə iş materiallarına əlavə edilmiş sənədləri və Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarını ətraflı araşdırmadan sonda yalnış nəticəyə gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 8(060)-548/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Şəbnəm Həxiyeva). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 8(060)-548/2023 nömrəli qərardadı ləğv edilməli, Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun təqdimatına yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılan zaman müəyyən olundu ki, Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(060)-203/2022 nömrəli icra sənədinə əsasən, Borclu ümumilikdə 5925,95 manat borc və 24,6 manat dövlət rüsumu tutularaq Tələbkar1 ASC-yə verilməlidir. Qeyd olunan icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsində icraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsi ilə sorğular verilmiş və “elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən, Borclu məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən **********75 reyestr nömrəli torpaq sahəsinin olduğu müəyyən olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədilə icra məmuru Borclu məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən **********75 reyestr nömrəli torpaq sahəsinin üzərinə həbs qoyularaq hərracdan satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi təqdimatı təmin etməyərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, icra məmuru borclunun daşınmaz əmlakına həbs qoyulması barədə təqdimat ilə məhkəməyə müraciət etsə də, həmin əmlakın həqiqətən də Borclu sahibliyində olmasına (eyni zamanda, mülkiyyətinə birgə nikah dövründə keçməsi, yaxud onun həmin əmlakı hansı qaydada əldə etməsinə) dair hər hansı sənədi məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi təqdimatın təmin edilməməsi qərarına gələrkən «İcra haqqında» Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli, 89 saylı Qərarı ilə təsdiq edilmiş «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı»na istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində məcburi icra tədbirləri sadalanmış və borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi bu tədbirlərdən biri kimi göstərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”ndan göründüyü kimi, qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. “Elektron məhkəmə informasiya Sistemi”ndən əldə olunmuş məlumatdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,04 ha torpaq sahəsi **********75 reyestr nömrəsi ilə Borclu adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində təqdimata tərəflərin iştirakları təmin etməklə yenidən baxılmalı, borclunun mülkiyyətində olan əmlakın icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak olub-olmaması hərtərəfli araşdırmalı və bundan sonra qanunvericiliklə nəzərdə tutulmuş əsaslarla təqdimatın təmin və ya rədd edilməsi məsələsinə hüquqi qiymət verilməlidir. Göründüyü kimi qeyd edilən məsələlər birinci instansiya məhkəməsi tərəfindən araşdırılmadan təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilmişdir. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardad ləğv edilməklə borcluya məxsus əmlakın üzərinə həbs qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun təqdimatına yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar1 ASC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 8(060)-548/2023 nömrəli qərardadı ləğv edilsin. Borcluya məxsus əmlakın üzərinə həbs qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun təqdimatına yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar