Məhkəmə qərarları › İş №8(105)-85/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-85/2025

13.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-85/2025 13.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ tələbkar (ərizəçi) X13 tərəfindən verilmiş aliment məbləğinin indeksasiyasına dair iş üzrə QƏRARDAD Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X18 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2545/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə tələbkar (ərizəçi) X13 tərəfindən verilmiş aliment məbləğinin indeksasiyasına dair Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-325/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 12 iyul 2021-ci il tarixində verilmiş AZ-İV 628427 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 08 fevral 2009-cu il tarixində Naxçıvan şəhərində anadan olmuş, atası Cavabdeh, anası X7r.

2. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 12 iyul 2021-ci il tarixində verilmiş AZ-İV 628429 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 16 dekabr 2011-ci il tarixində Naxçıvan şəhərində anadan olmuş, atası Cavabdeh, anası X7r.

3. Naxçıvan şəhər Nikah evi tərəfindən 25 yanvar 2017-ci il tarixində verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 nikahları pozulmuş və nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 45 nömrə ilə qeyd edilmişdir. Qadına Kərimova soyadı verilmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2545/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2977/2014 saylı iş üzrə qəbul etdiyi 01 may 2014-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 154 manat olmaqla, iki uşağa cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X8 verilməsi, dəyişdirilən aliment məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. X2 aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2545/2018 saylı, 12 aprel 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi və birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X16 və xx.xx.2011-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanmaları üçün məhkəməyə müraciət olunduğu tarixdən borclu şəxs Cavabdeh hər ay hər bir uşaq üçün minimum əmək haqqının 0,62 (248 manat) misli məbləğində alimentin indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, X2 Cavabdeh ilə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladları var: xx.xx.2009-cu il təvəllüdlü X16 və xx.xx.2011-ci il təvəllüdlü X17. Naxçıvan Şəhər Məhkəməsinin 29 may 2013-cü il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması və birgə nikahdan olan uşaqların tələbkarın yanında qalması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2977/2014 saylı, 01 may 2014-cü il tarixli qətnaməsi ilə birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay, hər uşağa görə 103 manat olmaqla, ümumilikdə 206 manat sabit pul məbləğində aliment tutularaq tələbkara verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2545/2018 saylı, 12 aprel 2018-ci il tarixli qətnaməsi ilə alimentin məbləği artırılmış, birgə nikahdan olan uşaqların saxlanması üçün cavabdehdən hər ay, hər uşağa görə 154 manat olmaqla, ümumilikdə 308 manat sabit pul məbləğində aliment tutularaq tələbkara verilməsi qət edilmişdir. Tələbkar hazırda hər ay 308 manat sabit pul məbləğində aliment alır. Həmin məbləğdə aliment ilə də övladlarını saxlamaqda çətinlik çəkir. Borclu şəxs isə tələbkara əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların tələbatları da günü-gündən artır. Uşaqların mənafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2025-ci il respublikada uşaqlar üçün yaşayış minimumunun 246 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir.

7. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-325/2025 nömrəli, 04 aprel 2025-ci il tarixli qərardadına əsasən X2nın aliment məbləğinin indeksasiyasına dair ərizəsinin qismən təmin edilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2545/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında hər ay, hər uşağa tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün müvafiq məhkəmə qətnaməsi qət edilən zaman ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin cari il üzrə artımı alimentin miqdarının indeksasiyası üçün yeganə meyar kimi qəbul edilməlidir. Hazırkı şəraitdə 308 manat təyin olunmuş alimentlə uşağın artan tələbatını ödəmək və onun əvvəlki təminat səviyyəsini saxlamaq qeyri-mümkündür. Belə olan halda, uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanılması, həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaradılmasına nail olmaq üçün aliment məbləği indeksasiya olunmalıdır.

9. Borclu Cavabdeh məhkəmənin həmin qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir.

10. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-325/2025 nömrəli, 18 aprel 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

11. Şikayət onunla əsaslandırılmışdır ki, hazırda indeksasiya olunmuş alimentin məbləği onun üçün böyük məbləğdir və həmin məbləği ödəməyə maddi imkanı yoxdur. Hazırda özü 2013-cü il tarixdən X4 ilə rəsmi nikaha daxi olmuşdur. Rəsmi nikahdan 3 övladı doğulmuşdur. Hazırda uşaqlarının da maddi təlabatını o qarşılayır. Ailəni dolandıracaq şəxs odur. Məhkəmə onun nikahda olmağını və həmin nikahdan 3 övladının olmasını nəzərə almamış, birbaşa maddi vəziyyətini ağırlaşdıran əsassız qərardad qəbul etmişdir. Alimentin təyin olunmuş miqdarı artırılarkən əksinə onun maddi vəziyyətinin ağırlaşması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmənin istinad etdiyi Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən qeyd etdiyim hallar əksinə alimentin azaldılmasını şərtləndirir. İşə baxan məhkəmə isə Ailə Məcəlləsinin 112-ci maddəsinə istinad etməklə yenidən alimentin təyin edilməsi işinə baxırmış kimi tələbkarın ərizəsinə qiymət vermişdir. Hər il ölkədə uşaqlar üçün müəyyən olunan yaşayışın minumumun artırılması alimentin məbləğinin artırılmasına birmənalı şəkildə əsas vermir ki, işin faktiki halları araşdırılmadan avtomatik olaraq alimentin məhkəmə tərəfindən müəyyən olunmuş miqdarda artırılsın. O zaman məhkəmə araşdırılmasına ehtiyac qalmazdı. Onun qeyd etdiyi şərtlərdən başqa tələbkar tərəfin alimentin artırılmasını şərtləndirən, yəni maddi-əmlak vəziyyətinin yaxşılaşdığını (əhəmiyyətli dərəcədə) təsdiq edən hər hansı bir dəlil yoxdur. Belə olduqda alimentin məhkəmə tərəfindən müəyyən olunmuş miqdarının Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən artırılması əsassız hesab olunmalıdır. Hazırda tələbkarın maddi vəziyyəti çox yaxşıdır. Övladları ilə Türkiyə Respublikasında yaşayır və orada həkim kimi fəaliyyət göstərir. Maddi imkanı çox yaxşıdır. İndeksasiya edilmiş alimenti onun ödəməyə imkanı yoxdur, həmçinin hazırkı nikahdan olan övladlarını da birtəhər böyüdür. O, alimenti ödəməkdən boyun qaçırmır. Sadəcə alimentin artırılması onun maddi vəziyyətini ağırlaşdırır və alimentin artırılması üçün hüquqi əsaslar yoxdur. Ona görə də aliment indeksasiya edilməməlidir.

b) Şikayətə qarşı etirazın dəlilləri

12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Ailə Məcəlləsi

13. Maddə 110. Alimentin indeksasiyası 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

15. Maddə 232. Ödənilməli pul məbləğlərinin indeksasiyası 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

16. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

18. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

20. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt (2018-ci il) tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınmalı və qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunması şəklində qeyd olunmalıdır.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

24. Həmin Qərarın 8.4-2-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

25. Məhkəmə kollegiyası uşağın saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının, həm uşağın, həm də uşağın valideynlərinin mənafeləri arasında balanslaşdırmanın zəruriliyini nəzərə alaraq hesab edir ki, ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

26. Kollegiya şikayətin dəlilləri ilə bağlı həmçinin edir ki, aliment məbləğinin indeksasiya olunması, sonradan alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsini istisna etmir.

27. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-325/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar