Məhkəmə qərarları › İş №8(105)-86/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-86/2023

31.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-86/2023 31.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ borclu "xxxx" MMC-nin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizəsinə dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Borclu "xxxx" MMC-nin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi haqqında şikayəti üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(060)- 464/2023 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. Borclu "xxxx" MMC Cavabdeh1 icra məmuru Tural İsayevin hərəkətlərindən şikayətlə məhkəməyə müraciət edərək, icra işi üzrə icraatın avtomobillərə dair hissədə dayandırılmasının və icra məmurunun avtomaşının alıb özündə saxlamasının qanunsuz hesab edərək “Hyundai Accent minik” markalı, ** AA *** dövlət nömrə nişanlı avtomaşının MMC-yə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Şikayət onunla əsaslandırılmışdır ki, tələbkar Cavabdeh2 Hümdət qızının xeyrinə MMC-dən 170.000 manat tutulması barədə icra işi Cavabdeh1 icraatındadır. İcra tədbiri olaraq onların bank hesablarına və 2 ədəd avtomobilin üzərinə həbs qoyulmuşdur. Maşınların keçmiş və faktiki sahibi X2 üzərinə həbs qoyulmuş 2 ədəd avtomobilə dair öz mülkiyyət hüquqlarını irəli sürərək Sumqayıt Şəhər Məhkəməsində onlara qarşı həmin avtomobillərə dair əqdlərin etibarsız hesab edilməsi və avtomaşınların üzərinə qoyulmuş həbsin götürülməsi barədə iddia qaldırmışdır. Bu halda icra işi dayandırılmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 17.1.6-cı maddəsinə əsasən, icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə icra sənədi üzrə icra məcburi olaraq dayandırılır. MMC-nin ərizəsi əsasında icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə icra işi avtomobillərə dair hissədə dayandırılmışdır. Bu qərar qəbul edilənə qədər icra məmuru tərəfindən "xxxx" MMC-nin mülkiyyətində olan “Hyundai Accent minik” markalı ** AA *** dövlət nömrə nişanlı avtomaşın onlardan alınaraq icra idarəsinin saxlanc yerinə qoyulmuşdur. Artıq bir neçə aydır ki, avtomaşın ordadır və açıq hava şəraitində orda qalmaqla avtomaşının texniki vəziyyətinə və dəyərinə qarşısıalınmaz zərərlər dəyir. Avtomaşınlara dair məhkəmə mübahisəsi aylarla davam edə bilər. Bu halda avtomaşın MMC-yə geri qaytarılmalıdır. Çünki avtomaşınların üzərinə məhkəmə tərəfindən yalnız həbs qoyulmuşdur. Bu zaman avtomaşınların MMC-dən alınıb saxlanca qoyulması məsələsi barədə qərar olmamışdır. Avtomaşınların üzərinə həbs qoyulması isə yalnız qeydiyyat orqanında bu maşınların özgəninkiləşdirilməsinə qadağanın qoyulmasını ehtiva edir və bu hissədə də qərar icra olunmuş və qadağa qoyulmuşdur. Lakin icra məmuru qərarın məzmunundan kənar və öz səlahiyyətlərini aşaraq qanunsuz olaraq avtomaşını onların sürücüsünün əlindən zorakı tədbirlərlə almış və bu günə qədər də özündə saxlayır. Bu məqsədlə ərizə ilə ona müraciət edərək avtomaşının geri qaytarılmasını xahiş etmişlər, lakin icra idarəsinin rəisinin məktubu ilə imtina edilmişdir. İcra idarəsi qanunsuz hərəkət edir, bu barədə məhkəmə qərarı olmadan avtomaşını qanunsuz olaraq əllərindən alıb və hazırda özündə saxlayır. Bununla icra idarəsi qanunları pozmaqla bərabər, onların mülkiyyət hüquqlarını da pozur. Hazırda icra işi üzrə icraat avtomaşınlara dair hissədə dayandırılıb və icra məmuru bu avtomaşınlara dair hər hansı bir icra hərəkəti (avtomobili qiymətləndirilməsi, hərraca çıxarılması, satılması və sairə) edə bilməyəcəkdir. İcra idarəsinin rəisinin onların ərizəsinə dair cavab məktubunda da bildirilmişdir ki, icra dayandığı üçün maşınlara dair hər hansı bir icra hərəkəti edilməyəcəkdir. Bu halda avtomaşının icra İdarəsinin saxlanc yerində qalması əsassızdır və lüzumsuzdur, eləcə də bu avtomaşının aylarla açıq şəraitdə hərəkətsiz saxlanması avtomaşına böyük zərərlər vura bilər. Bundan əlavə, avtomaşın üzərinə həbs qoyulması barədə qərar icra olunaraq qeydiyyat və imtahan şöbəsində avtomaşınlara dair qeydiyyat aparılıb və həmin avtomaşınların hər hansı bir formada özgəninkiləşdirilməsi mümkün deyildir. Ona görə də icra məmurunun hərəkətləri qanunsuz hesab edilərək həmin avtomaşın MMC-yə qaytarılmalıdır. Göstərilənlərə əsasən icra işi üzrə icraatın avtomobillərə dair hissədə dayandırılmasının və icra məmurunun avtomaşının alıb özündə saxlamasının qanunsuz hesab edərək “Hyundai Accent minik” markalı, ** AA *** dövlət nömrə nişanlı avtomaşının MMC-yə qaytarılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-464/2023 nömrəli, 25 iyun 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi qərara alınmışdır.

4. Hazırda tələbkar "xxxx" MMC tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 464/2023 nömrəli, 25 iyun 2023-cü il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-464/2023 nömrəli, 07 iyul 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

6. Şikayət ərizə ilə eyni məzmunda əsaslandırılmışdır.

b) Şikayətə qarşı etirazın dəlilləri

7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (...)

9. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 15. Məhkəmə və digər orqanların qərarlarının icrasına möhlət verilməsi və ya onların hissə-hissə icrası Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

Maddə 17. İcraatın dayandırılmasının məcburiliyi 17.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: (...) 17.1.6. icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə;

Maddə 45. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. (...)

Maddə 50. Borclunun əmlakı üzərinə həbs qoyulması (...) 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

11. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

12. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. Hazırkı işdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-145/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 2(105)-380/2021 nömrəli iş üzrə verilmiş xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-nin mülkiyyətində olan “Volkswagen Amarok” minik markalı, **-AB-*** və “Hyundai Accent” minik markalı, **-AA-*** dövlət nömrə nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur.

15. İş materiallarında olan Cavabdeh1 "xxxx" MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, sözügedən avtomobillərin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub. Qanunamüvafiq olaraq avtomobillərə aid hissədə icraat dayandırılıb. Lakin bu dayandırılma dedikdə məcburi icranın avtomobillərin qiymətləndirilməsi və hərraca çıxarılması hissəsinə aiddir ki, tərəflərindən həmin hissədə heç bir məcburi icra tədbiri görülməmişdir. Avtomobillərə aid hissədə məhkəmə mübahisəsi yekunlaşana kimi həmin hissədə heç bir məcburi icra tədbiri görülməyəcəkdir. Lakin bu o demək deyildir ki, avtomobil qaytarılmalıdır. Hal-hazırda sözügedən avtomobilə aid hissədə zərurət aradan qalxmadığı üçün həmin avtomobilin qaytarılması mümkün hesab edilmir.

16. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan normalarda qeyd edildiyi kimi, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

17. Avtomobillərə aid hissədə icraatın dayandırılmasının qanunsuz hesab edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin özünün də göstərdiyinə görə icraatın dayandırılmasına əsas X1 üzərinə həbs qoyulmuş avtomobillərə dair əqdlərin etibarsız hesab edilməsi və avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə iddia qaldırması olmuşdur. Qərar qüvvədədir.

18. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.6-cı maddəsinə əsasən, icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır.

19. Göründüyü kimi, əmlakın həbsdən azad olunması barədə iddia ərizəsinin verilməsi icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması əsası kimi çıxış edir.

20. Şikayətin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, borclunun əmlakı üzərinə həbs qoyulması məcburi icra tədbiridir və qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasının təmin edilməsinə yönəldilmişdir. İcra sənədi isə icra olunmamışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 45-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir.

21. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir.

22. İş materiallarından həmçinin müəyyən olunur ki, borcluya məxsus avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad qüvvədədir. İcra icraatı zamanı əmlak üzərinə qoyulmuş həbs isə yalnız əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsindən ibarət deyil. Bu həm də əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir.

23. Belə olan halda, məhkəmənin icra sənədinin icrasının təmin edilməsi üçün üzərinə həbs qoyulmuş avtomaşının həmin icra sənədini icra etməyən borcluya qaytarılmaması icra məmurunun qanunsuz hərəkəti kimi qiymətləndirilməməlidir.

24. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas olmadığından şikayət təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-464/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-464/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar