Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-87/2022 29.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 8(060)-91/2022 nömrəli qərardadından Borclu2 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 8(060)-91/2022 nömrəli qərardadı ilə (hakim Almaz Süleymanova) Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun təqdimatı qismən təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(060)-4181/2021 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu1 və Borclu2 ölkədən getmək hüququ müvəqqəti, hüququn məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxanadək məhdudlaşdırılmışdır. Borclu2 qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 8(060)-91/2022 nömrəli qərardadı şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sumqayıt Şəhər Məhkəməsinə təqdimatla müraciət edib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 4181/2021 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclular Borclu1, Borclu2, Borclu3 və Borclu4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4181/2021 nömrəli icra sənədinə əsasən borclular Borclu1, Borclu2, Borclu3 və Borclu4 10.895,03 manat və 30.40 manat dövlət rüsumu Bank "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəlmişdir. Tələbin yönəldilməsi üçün Borclu1, Borclu2, Borclu3 və Borclu4 barədə müvafiq idarə, müəssisə, təşkilatlara və banklara sorğular edilmiş, lakin adlarına pul vəsaiti, əmlak və ya qiymətli əşya aşkar olunmamışdır. Ona görə də icra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ Borclu2 tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 15 fevral 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4181/2021 nömrəli icra sənədinə əsasən ondan və digər borclular Borclu1, Borclu3 və Borclu4 10.895,03 manat və 30.40 manat dövlət rüsumu Bank "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2021ci il tarixdə icraata daxil olmuşdur. Həmin iş üzrə zamin olduğum üçün onun və əsas Borclu1 icraata başlamaq haqqında qərarından xəbərləri olmuşdur. Digər zaminin biri əsas borclunun atası Borclu4dur. Həmin vaxt ondan başqa digər borclular əsas borclunun qohumları olduğu üçün icraata başlamaq haqqında qərarın onlara getməsinə zərurət olmadığını bildirərək söz vermişdi ki, qətnamənin icrasını tez bir zamanda həll edəcək. Atası avtoqəza nəticəsində aldığı xəsarətlərlə, səhhəti ilə əlaqədar icra proseslərindən kənar qalmış, qətnamənin icrasının hansı mərhələdə olduğu barədə borc məbləğinin ödənilib-ödənilməməsi barədə məlumatsız olmuşdur. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına heç bir zərurət yoxdur. Atasının səhhəti ilə əlaqədar olaraq onun təcili olaraq xarici ölkəyə getmək zərurəti yarana bilər. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi icra məmurunun borclunun ölkədən getmək hüququnun icra sənədləri tam icra olunana qədər müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın təmin edilməsi nəticəsini onunla əsaslandırmışdır ki, icra sənədi üzrə öhdəliyin könüllü icrası üçün müəyyən olunmuş müddətdə təmin edilməməsi, qanuni qüvvəyə minmiş məhkəmə aktının məcburi və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunması ilə bağlı qanunvericiliyin tələbi nəzərə alınmalı və təqdimat təmin olunmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4181/2021 nömrəli icra sənədinə əsasən cavabdehlər Borclu1, Borclu2, Borclu3 və Borclu4 9644,38 manat əsas borc, 1081,4 manat faiz borcu, 169,25 manat cərimə borcu olmaqla, cəmi 10.895,03 (on min səkkiz yüz doxsan beş manat üç qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş və qərarın surəti borclulardan Borclu2 və Borclu1 xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. MPM-nin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. «Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında» Təlimatın 2.1-ci bəndinə görə məhkəmə qərarı əsasında verilmiş icra sənədi üçün müəyyən edilmiş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Təlimatın 2.2-ci bəndinə görə bu barədə zərurət yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli; borcun ödənilməsi tələbinə dair icra sənədinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakının olub- olmamasını yoxlayır. Təlimatın 2.5.2-ci bəndinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq borclunun icra sənədinin icrasından üzürsüz səbəbdən yayınması halları araşdırılmalıdır. İş materialları ilə müəyyən edilir ki, borclu icra məmurunun gördüyü məcburi icra tədbirlərinə baxmayaraq Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 4181/2021 nömrəli icra sənədinə əsasən bankın xeyrinə tutulması müəyyən edilmiş borc məbləğinin könüllü icra edilməsi üçün heç bir tədbir görməmişdir. Ona görə də, Borclu2 barəsində birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilən məcburi icra tədbiri olan ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qanuni və əsaslıdır. Qərardadın ləğv edilməsi üçün əsas olmadığından şikayət əsassız hesab edilib təmin edilməməlidir. MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Borclu2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 8(060)-91/2022 nömrəli qərardadı Borclu2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-87/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-87/2022
29.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver