Məhkəmə qərarları › İş №8(105)-87/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-87/2025

15.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-87/2025 15.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X2 borclu Cavabdeh qarşı iş üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası) X9 Süleymanovanın sədrliyi və məruzəsi, X4 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, X3 tərəfindən verilmiş ödənilməli olan aliment məbləğinin indeksasiyası tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 8(060)-252/2025 nömrəli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. X3 ödənilməli olan aliment məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 789/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilməsi və birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət olunduğu tarixdən borclu şəxs Cavabdeh Amal oğlundan hər ay hər bir uşaq üçün minimum əmək haqqının 0.68 (272 manat) misli məbləğində alimentin indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, X7 borclu şəxs Cavabdeh ilə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları – xx.xx.2010- cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X8 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2389/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması və birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X6 onun yanında qalması müəyyən olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2389/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşaq üçün 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Qeyd edir ki, o, hazırda hər ay 216 manat sabit pul məbləğində aliment alır. Həmin məbləğdə aliment ilə övladlarını saxlamaqda çətinlik çəkir. Borclu şəxs isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar onların tələbatları da günügündən artır. Hesab edir ki, uşaqların mənafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2025-ci il respublikada uşaqlar üçün yaşayış minimunun 246 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 8(060)-252/2025 nömrəli qərardadı ilə (hakim Aynur Behbudova) ərizənin təmin edilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,03 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır.

4. İcra sənədi üzrə borclu Cavabdeh qeyd edilən qərardaddan şikayət vermişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 8(060)-252/2025 nömrəli qərardadı ilə (hakim Aynur Behbudova) Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 252/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Şikayətin dəlilləri

7. Borclu Cavabdeh şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə yeni ailəsi və iki azyaşlı uşağının olmasını, cəmi 1000 manat əmək haqqının olmasını nəzərə almadan, yalnız Plenum qərarının formal tələblərini əsas tutaraq, hər uşağa minimum əmək haqqının 1,03 mislində aliment tutulması barədə qərardad qəbul etmişdir. Bu zaman məhkəmə onun əmək haqqını, ailə vəziyyətini, öhdəsində 2 azyaşlı uşağının olmasını və onlarında yaşamaq minimumlarını nəzərə almamışdır və belə etsəydi, hazırkı qərardadı bu məzmunda qəbul etməməli idi. Məhkəmə 2015-ci ildə təyin edilmiş 108 manat alimenti indiki minimum əmək haqqının mislinə uyğun təyin etmişdir ki, bununla da səhvə yol vermişdir. Hazırda o, 1000 manat əmək haqqı alır. Respublika üçün kifayət qədər yüksək maaşdır. Hazırda məhkəmə minimum əmək haqqının 1,03 mislində hər uşağa aliment təyin etməklə onu və ikinci ailədən olan 2 azyaşlı uşağını ac vəziyyətinə salmışdır. Belə ki, məhkəmənin təyin etdiyi alimentə görə ondan hər ay hər uşağa görə 412 manat, iki uşağa görə cəmi 806 manat pul tutulacaq və ona özü, həyat yoldaşı və iki azyaşlı uşağına cəmi 194 manat pul qalacaqdır. İki azyaşlı uşaq 806 manatla yaşayacaq, o isə 4 nəfərlik ailəsi ilə 194 manatla yaşamalıır? Məhkəmənin alimentin miqdarına bu cür yanaşması nə qanuna, nə də ədalətə uyğun deyildir. Bu gün Respublikada çox az adamlar 1000 manat maaş alır. Məhkəmə iki azyaşlı uşağın minimum yaşayışını nəzərə alanda, bəs onun yanında olan iki azyaşlının həyatını, yaşamaq hüquqlarını nəzərə almalı deyildirmi? Bu cür yanaşma qanuna da ziddir, ədalətə də ziddir. Bu gün Respublikada hər uşağın yaşayış minimumu 236 manat müəyyən edilmişdir, heç olmasa məhkəmə aliment təyin edəndə bu meyarla təyin edərdi. O, məhkəmədən xahiş etmişdir ki, ədalətli aliment təyin etsin, ikinci ailədən olan 2 azyaşlı uşağını, himayəsində olan həyat yoldaşını da nəzərə alsın. Amma məhkəmə bunları nəzərə almamışdır. Bu isə qanunsuz və əsassızdır. Bir uşağa böyüklər üçün nəzərdə tutulan yaşayış minimumundan da, minimum əmək haqqından da artıq aliment təyin edilməsi qanunsuz olmuşdur. Ona görə də bu qərardad ləğv edilməli və uşaqlara nəzərdə tutulmuş minimum yaşayış həddində aliment təyin edilməsi barədə yeni qərardad təyin edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-252/2025 saylı qərardadının ləğv edilərək, uşaqlara yaşayış minimumu həddində aliment təyin edilməsi barədə yeni qərardad qəbul edilməsi xahiş olunur.

Şikayətə qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

9. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 8(060)-252/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş edərək qərardadı tam mübahisələndirmişdir. Kollegiya hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 8(060)-252/2025 nömrəli qərardadı tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (MPM): Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 8(060)-252/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. Göründüyü kimi birinci instansiya məhkəməsi qeyd olunan Qərarda Ali Məhkəmə tərəfindən irəli sürülmüş hüquqi mövqeyə əsaslanaraq ərizənin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının misli Cavabdeh xx.xx.2015-ci il tarixli qətnamə ilə qət edilmiş sabit pul məbləğində tutulan alimentin miqdarının 05 yanvar 2015-ci ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınmaqla hesablanmalıdır. “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2013-cü il tarixli Sərəncamı ilə minimumum aylıq əmək haqqının məbləği 1 sentyabr 2013-cü il tarixdən 105 manat müəyyən edilmişdir.

15. Məhkəmə qərardadı ilə razılaşmayan borclu Cavabdeh şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-252/2025 saylı qərardadının ləğv edilərək, uşaqlara yaşayış minimumu həddində aliment təyin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyası şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, həmin dəlilləri mübahisələndirilən məhkəmə qərardadının ləğv edilməsi üçün yetərli hesab etmir, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır.

17. Kollegiya apellyantın etirazının dəlillərinə münasibət bildirərək qeyd edir ki, alimentin öhdəliyinin minimum əmək haqqının 1,03 misli həddində artırılması borclunun maddi vəziyyətində dəyişikliyə, əlverişsiz vəziyyətə düşməsinə səbəb olduğu təqdirdə sonuncunun alimentin azaldılmasına dair iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır.

18. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 8(060)- 252/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. Prosessual qanunvericiliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 360, 398.0.1, 399 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Borclu Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 8(060)-252/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar