Məhkəmə qərarları › İş №8(105)-88/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-88/2022

30.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-88/2022 30.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Xaçmaz Rayon Məhkəməsinin 8(067)-25/2022 nömrəli, 13 may 2022-ci il tarixli qərardadından tələbkarın hüquqi varisi Daştəmirov Balasoltan Cəmaləddin oğlu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-4435/2017 nömrəli 17 oktyabr 2017-ci il tarixli icra vərəqəsinin icra olunmasını, Xaçmaz rayon İcra və probasiya şöbəsinin 01 sentyabr 2021-ci il tarixli qərarın ləğv edilməsini və icra vərəqəsinin icra olunması üçün icra və probasiya şöbəsinə geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon İcra va probasiya şöbəsinin 01 sentyabr 2021-ci il tarixli qərarı ilə icra sənədinin icra olunmadan məhkəməyə qaytarılması barədə qarar qəbul edilmişdir. Həmin qərar əsassızdır və qanunsuzdur. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixdə 2(067)-4435/2017 saylı 17 oktyabr 2017-ci il tarixli icra vərəqəsi icra olunması üçün Xaçmaz rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Həmin vaxtdan bir il sonra yəni yüzlərlə şikayətindən sonra 25 avqust 2020-ci il tarixdə icra məmuru tərəfindən yerində torpaq sahəsi ölçülüb ona təhvil verilmiş və bundan sonra 12 oktyabr 2020-ci il tarixdə Daşınmaz Əmlakın Kadastr va Yerquruluşu Layihə va X28 Layihə və Təhqiqat İdarəsi tərəfindən X6 məxsus olan 0,57 ha torpaq sahəsinin koordinatları barədə sxem tərtib edilərək ona verilmişdir. Həmin vaxtdan torpaq sahəsi ona təhvil verilməsinə baxmayaraq, borclu şəxs daim ona maneələr yaratmış və torpaq sahəsinə girməyə qoymamışdır. Borclu şəxsin adında olan torpaq sahəsinə dair çıxarış ləğv olunmasına baxmayaraq, həmin şəxs ləğv olunmuş torpaq sahəsindən istifadə edir və ona məxsus olan torpaq sahəsini də zəbt edib məhkəmə qərarını saymır və hər dəfə onu hədələyir. Onun özbaşınalığı davam edir. Halbuki, bütün məhkəmə instansiyalarında bu mübahisələrə 5 ildir ki baxılmış, lakin bu şəxs qərarı icra etmir. İcra məmuru məhkəməyə icra vərəqəsinə dair qətnaməyə izah verilməsi üçün məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə torpağın şimal tərəfindən ölçülüb verilməsinə tələbkarın razı olduğu üçün izah verilməsindən imtina edilmişdir. Yəni borclu şəxs əlində olan arvadına məxsus 0.57 ha torpaq sahəsinə olan çıxarışla 2.87 ha torpaq sahəsini zəbt edib və məhkəmə qərarını icra etmir, sonda da icra məmuru icra sənədini geri qaytarır. Dəfələrlə o, icra şöbəsinə getsə də icraçı Vidadi müxtəlif bəhanələrlə icra sənədini icra etməmişdir. Nəticədə o, oğlunun ona vəsiyyət etdiyi torpaqdan istifadə edə bilmir. Yuxarı icra orqanına və məhkəməyə şikayət etdikdən sonra 28 avqust 2020-ci ildə torpaq ona akta əsasən təhvil verilmiş, lakin icra olunmamışdır. Bundan sonra Xaçmaz Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qərarına əsasən borclu şəxs məhkəmə qərarını icra etmədiyi üçün 700 manat cərimə olunmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Bu məsələ ilə bağlı Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir, həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia keçməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Qərardan verdiyi şikayət Xaçmaz Rayon Məhkəməsinə aid olduğundan həmin qərarın ləğv edilməsi və icra edilməsi üçün geri qaytarılması zəruridir. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-25/2022 nömrəli 13 may 2022-ci il tarixli qərardadı ilə “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması barədə” Xaçmaz rayon İcra və probasiya şöbəsinin 01 sentyabr 2021-ci il tarixli qərarından X3 tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməmişdir. Qərardaddan Daştəmirov Balasoltan Cəmaləddin oğlu şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə uzun müddət süründürməçilik edərək, prosesi aparmış, işi uzun müddətə təyin etmiş, sonda hec bir araşdırma aparmamışdır. İşin düzgün həlli üçün vəsatətlər versə də, məhkəmə tərəfindən verdiyi vəsatətlər təmin olunmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin Xaçmaz şöbəsi tərəfindən üç ziddiyyətli arayış vermişdir. Həmin arayışda qeyd olunmuşdur ki, guya torpaq sahəsi Səfurə Bahadırovaya məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Halbuki, Dövlət aktına əsasən 2.87 ha torpaq sahəsi yerində mövcuddur. Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsinə əsasən X11 və X15 1.16 ha pay torpaq sahəsi olaraq payları ayrılmışdır və torpaq sahəsi yerində mövcuddur. Həmin arayışı imzalamış mühəndis Namiq Əhmədov məhkəmə iclasında izahat verərkən, verdikləri arayış kimi ziddiyyətli izahat vermiş və bildirmişdir ki, yerində ölçülüb baxış keçirilmiş və bu barədə akt tərtib olunmuşdur. Həmin aktı və sənədləri mühəndis məhkəməyə təqdim edəcəyini bildirsə də, belə bir akt mövcud olmadığından məhkəməyə təqdim etməmişdir. Çünki elə bir akt ola bilməzdi, mühəndis həmin torpaq sahəsində ölçü aparmamışdır, formal olaraq arayış yazıb verilmişdir. Bu onunla təsdiq olunur ki, Rəşid Daşdəmirova məxsus torpaq sahəsinin bölgü sxemi olmadığından, torpağın koordinatları müəyyən olunmadığından torpaqların üst-üstə düşüb düşməməsini müəyyən etmək olmazdı. Həmçinin torpağın yerində ölçülməsi üçün idarəyə vətəndaş tərəfindən rəsmi müraciət edildikdə, xidmət haqqı olaraq rüsum ödənilir və 15 gün ərzində tərəflərin iştirakı ilə yerində ölçü aparılır. Bununla bağlı sənədləri də mühəndis məhkəməyə sənədləri təqdim etməli olsa da həmin sənədləri də məhkəməyə təqdim etməmişdir. İcra məmurunun arayışa əsaslanaraq icra vərəqəsini geri qaytarması qanunsuzdur. Belə ki, torpağın başqa bir şəxsin torpağı ilə üst-üstə düşməsi üçün yerində müayinə aktı olmalı, həmin akta əsasən mütəxəssis rəy verməli və sonda həmin rəyə əsasən arayış verilməli idi. Lakin belə bir sənədlər təqdim olunmamışdır. Çünki həmin sənədlər mövcud deyildir, torpağa yerində baxış keçirilməmişdir və həmin 0.57 ha torpaq sahəsi dövlət aktında qeyd olunan 2.30 ha torpaq sahəsinin içində yerləşir və hansı tərəfdən ölçülüb verilməsi üçün koordinatları müəyyən olunmamışdır. Xaçmaz Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Sərxan Səmədzadə) Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, şikayəti müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadları ləğv edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)-4435/2017 nömrəli icra sənədi üzrə icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması barədə Xaçmaz rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli və icra tədbirlərinin davam etdirilməsi üçün Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)-4435/2017 nömrəli icra sənədi Xaçmaz rayon İcra və probasiya şöbəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-4436/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən tələbkar Rəşid Daşdəmirova mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinə hüquqlarını həyata keçirmək üçün Borclu tərəfindən yaradılan maneələrə son qoyulmalı, Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən və mülkiyyət hüququ ilə tələbkar Rəşid Daşdəmirova məxsus olan 0,57 ha torpaq sahəsi Borclu qanunsuz sahibliyindən alınaraq tələbkara verilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 85.2.5-ci maddəsinə əsasən, qərarın qəbul edilməsi üçün əsas olmuş və icra məmurunun istinad etdiyi qanunlar və digər normativ hüquqi aktlar icra məmurunun qərarında göstərilir. Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmuru Vidadi Dadaşovun icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi MMC-dən daxil olmuş məktubda qeyd olunmuşdur ki, tələb olunan torpaq sahəsi X12 mülkiyyətində olduğundan mübahisə predmeti olan torpaq sahəsində iştirak etmək mümkün deyildir. Ona görə də, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə istinad edərək icra sənədinin icrası mümkün olmadığı üçün icra sənədini Xaçmaz Rayon Məhkəməsinə qaytarmışdır. Birinci instansiya məhkəməsi tərəfindən keçirilən məhkəmə iclasında Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmuru X29 izahatında həmçinin bildirmişdir ki, tərəfindən torpaq mütəxəssisi ilə birlikdə icra hərəkətləri aparılarkən tələbkarın tələb etdiyi mübahisəli ərazinin Borclu həyat yoldaşı Səfurə Bahadırovanın satın aldığı mülkiyyətinə aid 0,57 ha torpaq sahəsi olduğu müəyyən edilmişdir. Bu səbəbdən mütəxəssis rəyi əsasında icra və probasiya şöbəsinin 01 sentyabr 2021-ci il tarixli qərarına əsasən icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarla 17 oktyabr 2017-ci il tarixli, 2(067)-4435/2017 nömrəli icra sənədi məhkəməyə qaytarılmışdır. Həmin qərardan verilmiş şikayətə baxan Xaçmaz Rayon Məhkəməsi qərardadında göstərmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmuş Rəşid Daşdəmirovun hüquqi varisi Balasoltan Daşdəmirov mübahisələndiridiyi 0,57 ha torpaq sahəsinə münasibətdə sonradan müəyyən olunmuş hala uyğun olaraq məhkəmədə təkrar Səfurə Bahadırovaya qarşı iddia qaldırmış, işə məhkəmədə mahiyyəti üzrə baxılmış, iş üzrə yekun məhkəmə aktı çıxarılmış və halhazırda iddiaçı tərəfin apellyasiya şikayəti əsasında işə apellyasiya instansiyası məhkəməsində baxılacaqdır. Məhkəmə hesab etmişdir ki, məhkəmə qətnaməsinə əsasən 2,87 ha torpaq sahəsindən 0,57 ha hissənin Borclu alınaraq Rəşid Daşdəmirova verilməsi qət edilsə də ümumi birgə mülkiyyətdən paylar naturada və ayrıca pay şəklində müəyyən edilmədiyindən, həmçinin tələbkarın tələb etdiyi ərazi başqa şəxsin mülkiyyətinə aid əmlak olduğundan, hazırda tələbkar tərəf mübahisələndirdiyi 0,57 ha torpaq sahəsinə münasibətdə başqa şəxsə qarşı tələb irəli sürdüyündən və göstərilən səbəblərdən qətnamənin icrası mümkünsüz olduğundan Xaçmaz rayon İcra və probasiya şöbəsi düzgün olaraq icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul etmişdir. Lakin iş materiallarında olan iddiaçı Daştəmirov Balasoltan Camaləddin oğlunun əvvəllcə cavabdeh X27, daha sonra X13 qarşı qaldırdığı-ona məxsus olan Xaçmaz rayonu Gödəkli kəndində yerləşən və cavabdeh X22 qanunsuz sahibliyindən 0,30 ha torpaq sahəsinin qaytarılmaqla mülkiyyətində olan torpaq sahəsinin tamlığının bərpa olunması və torpaq sahəsində əkilmiş fındıq ağaclarından fındığı və otu yığmaqla ona vurulmuş 3000 manat maddi ziyanın tutulması barədə mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-15/2022 saylı qətnaməsinin surətindən görünür ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2020-ci il tarixli 10/3717 nömrəli rəyinə əsasən Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli qərarına əsasən Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində iddiaçı X2 və ailə üzvlərinə ayrılmış 1.76 ha torpaq sahəsindən cavabdeh X31 tərəfindən istifadə edilirmir və Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində iddiaçı X2 və ailə üzvlərinə ayrılmış 1.76 ha torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* saylı, **********68 reyestr nömrəli çıxarışa əsasən cavabdeh X27 məxsus olan 0.57 ha torpaq sahələri üst-üstə düşmür. Qətnamədə istinad olunan iş materialı kimi həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Xaçmaz Rayon Məhkəməsinin icraatında olmuş 2(067)-51/2021 №-li mülki işin qərardadındakı sualların cavablandırılması zamanı məlum oldu ki, mübahisəli torpaq sahəsi cavabdeh X31 tərəfindən istifadə olunmur və mübahisə predmeti olan həmin torpaq sahəsinin mülkiyyət və istifadə hüququ başqa şəxsə aiddir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Xaçmaz Rayon Məhkəməsinin icraatında 2(067)-51/2021 nömrəli mülki işin qərardadındakı sualda qoyulmuş X1 və ailə üzvlərinə ayrılmış 1.76 ha torpaq sahəsi ilə ƏMDX elektron baza materiallarındakı məlumatlara əsasən iddiaçının torpaq sahəsinin ölçüləri arasında fərq yarandığından və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* saylı, **********68 reyestr nömrəli çıxarışın mülkiyyətçisi X31 deyil digər mülkiyyətçi olduğundan bu sualın cavablandırılması mümkün olmamışdır. Həmin iddia tələbi iddiaçının subyektiv hüququ olmadığına görə rədd edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2-519 nömrəli, 13 sentyabr 2006-cı il tarixli qətnaməsinin surətindən görünür ki, JN-158, KOD ******* nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində birgə bərabər torpaq payçıları X11, Daşdəmirova (Babayeva) Xatirə Əliabbas qızı, X18, X23 və X19 verilmiş 2,87 ha pay torpaq sahəsindən hər biri üçün 0,57 ha hesabı ilə X20 və onun yetkinlik yaşına çatmamış uşaqları X18 və X16 torpaq paylarının ayrılması qət edilmişdir. Qətnamədə həmçinin göstərilmişdir ki, bu qətnamə payları bərabər torpaq mülkiyyətçisi kimi X17 və onun yetkinlik yaşına çatmamış uşaqları X18 və X14 adına 1,71 ha torpaq sahəsinə torpağa mülkiyyət hüququna dair Dövlət Aktının verilməsi üçün əsasdır. Bu qətnamə payları bərabər torpaq mülkiyyətçisi kimi X11 və onun yetkinlik yaşına çatmayan oğlu X15 adına 1,16 ha torpaq sahəsinə torpağa mülkiyyət hüququna dair yeni Dövlət Aktının verilməsi üçün əsasdır. Tərəflərə torpağa mülkiyyət hüququna dair yeni Dövlət Aktları verilərkən onların adına olan JN-158, KOD ******* saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Xaçmaz Layihə Tədqiqat İdarəsinin Xaçmaz rayon İcra və probasiya şöbəsinə göndərdiyi A-40 nömrəli, 19 mart 2020-ci il tarixli arayışında qeyd olunmuşdur ki, icra işində X4 və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-158 kod 30204028 olan Dövlət Aktına əsasən 2.87 ha torpaq sahəsinin hansı hissəsindən 0.57 ha torpaq sahəsinin ayrılıb verilməsinə dair heç bir cizgilər (koordinatlar) olmadığından tərəfimizdən X4 və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-158 kod 30204028 olan Dövlət Aktının mülkiyyətə verilmə ardıcıllığı ilə tələbkar X4 nümayəndəsi X1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-157 kod 30204028 olan Dövlət Aktına yanaşı hissədən mübahisə predmeti olan 0.57 ha torpaq sahəsinin naturada borclu və tələbkara dəqiq koordinatları tanıdılmışdır. Lakin tələbkar X1 iddia etdiyi 0.57 ha torpaq sahəsi JN-158 kod 30204028 olan Dövlət Aktına əsasən 2.87 ha torpaq sahəsinin digər tərəfində yerləşir. Məhkəmə qətnaməsində torpaq sahəsinin hansı hissədən ayrılması barəsində qeyd göstərilmədiyindən tələbkarın iddia etdiyi torpaq sahəsinin tanıdılması təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Xaçmaz Layihə Tədqiqat İdarəsinin Xaçmaz rayon İcra və probasiya şöbəsinə göndərdiyi A-193 nömrəli, 17 avqust 2021-ci il tarixli arayışında qeyd olunmuşdur ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-4435/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Xaçmaz rayon Gödəkli kəndində yerləşən və mülkiyyət hüququ ilə X7 məxsus olan 0,57 ha torpaq sahəsi X21 qanunsuz sahibliyindən alınaraq X8 verilməlidir. Lakin tələb olunan torpaq sahəsi mülkiyyət hüququna (reyestr nömrəsi **********68 olan çıxarışa) əsasən X12 mülkiyyətində olduğundan mübahisə predmeti olan torpaq sahəsində icra probasiya işində iştirak etməyimiz mümkün deyildir. Göründüyü kimi Xaçmaz Rayon Məhkəməsinin 2(067)-4435/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icrasına nəzarəti həyata keçirməli olan məhkəmə şikayətə təkrar baxarkən də yuxarıda göstərilən sənədlərlə müəyyən olunan halları nəzərə almamış, ziddiyyətli hallara aydınlıq gətirməmiş, həm ümumi birgə mülkiyyətdən payların naturada və ayrıca pay şəklində müəyyən edilməməsinə, həm də tələbkarın tələb etdiyi ərazinin başqa şəxsin mülkiyyətinə aid əmlak olduğuna istinad etmişdir. Digər tərəfdən də, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 3(067)-726/2021 saylı qərarının surətindən görünür ki, yuxarıda adı çəkilən icra sənədini icra etmədiyinə görə Borclu Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində (Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Xaçmaz rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxılmış və Borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda adı çəkilən icra sənədinin məzmunundan göründüyü kimi tələbkara verilməli olan torpaq sahəsi başqa şəxsin deyil tələbkarın mülkiyyətində, borclunun isə qanunsuz sahibliyində olmalıdır. Bunun üçün ilk növbədə tələbkarın mülkiyyətində olan torpaq sahəsinin sərhədləri yerində müəyyən edilməli, daha sonra isə həmin torpaq sahəsində borclunun qanunsuz sahiblik etdiyi hissə müəyyən edilməlidir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, icra xidməti icra məmurunun icra ilə əlaqədar hüquqları arasında-öz səlahiyyətləri daxilində müəssisə, təşkilat, idarə və vətəndaşlardan icra ilə əlaqədar məlumat, arayış və izahat almaq; müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara icra ilə əlaqədar konkret tapşırıqlar vermək; icra sənədlərində göstərilmiş predmetləri borcludan almaq və tələbkara vermək; icra hərəkətləri ilə əlaqədar vətəndaşları və vəzifəli şəxsləri çağırmaq; icra sənədlərində göstərilən digər tədbirləri həyata keçirmək kimi hüquqlar yer almışdır. Lakin iş materiallarında X5 mülkiyyətində olan torpaq sahəsi ilə X12 mülkiyyətində olan torpaq sahəsinin hər hansı hissədə üst-üstə düşməsi barədə müvafiq rəy yoxdur. Odur ki, tələbkara verilməli olan torpaq sahəsinin məhz X12 mülkiyyətində olması əsası ilə qeyd olunan icra sənədinin icrasının mümkün olmayan icra sənədi kimi məhkəməyə qaytarılması barədə icra məmurunun qərarı əsassız olmuşdur. Həmin qərarın əsaslı olması barədə qənaətə gələn Xaçmaz Rayon Məhkəməsinin iş üzrə 13 may 2022-ci il tarixli qərardadı və həmin qərardaddan verilmiş şikayətin təmin edilməməsinə dair 23 may 2022-ci il tarixli qərardadı da əsassız olmuş və işin hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 8(067)-25/2022 nömrəli 13 may 2022-ci il tarixli qərardadı və həmin qərardaddan verilmiş şikayətin təmin edilməməsinə dair 23 may 2022-ci il tarixli qərardadı ləğv edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)- 4435/2017 nömrəli icra sənədi üzrə icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması barədə Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmuru Vidadi Dadaşovun xx.xx.2021-ci il tarixli qərarı ləğv edilərək, icra tədbirlərinin davam etdirilməsi üçün Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)-4435/2017 nömrəli icra sənədi Xaçmaz rayon İcra və probasiya şöbəsinə qaytarılması üçün iş birinci instansiya məhkəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-25/2022 nömrəli 13 may 2022-ci il tarixli qərardadı və həmin qərardaddan verilmiş şikayətin təmin edilməməsinə dair 23 may 2022ci il tarixli qərardadı ləğv edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)-4435/2017 nömrəli icra sənədi üzrə icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması barədə Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmuru Vidadi Dadaşovun xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İcra tədbirlərinin davam etdirilməsi üçün Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)-4435/2017 nömrəli icra sənədi Xaçmaz rayon İcra və probasiya şöbəsinə qaytarılması üçün iş birinci instansiya məhkəsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar