Məhkəmə qərarları › İş №8(105)-88/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-88/2025

22.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-88/2025 22.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X4 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Qusar Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 8(029)-18/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: X2 qətnamənin icra qaydasında indeksasiya edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qusar Rayon Məhkəməsinin 28 fevral 2024-cü il 2(029)-90/2024 saylı qətnaməsinə əsasən 19 dekabr 2016-cı il təvəllüdlü X10 adlı uşağın saxlanılması üçün onun xeyrinə hər ay 170 manat məbləğində alimenti indeksasiya edilərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq Borclu onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.49 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd edilən qətnaməyə əsasən xx.xx.2016-cı il təvəllüdlü X10 adlı uşağın saxlanılması üçün onun xeyrinə hər ay 170 manat miqdarında alimentin tutulması qət edilmişdir. Onun xeyrinə oğlundan tutulan aliment indeksasiya olunmalı, ona ödənilən alimentin miqdarı həmin qaydada müəyyən edilməlidir. 2024-cü il üzrə minimum əmək haqqı 345 manat təşkil etmişdir. Belə olan halda həmin vaxt üçün müəyyən olunmuş alimentin minimum əmək haqqının 0.49 misli həddində olduğu müəyyən olunur. Borclu məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, xx.xx.2007-ci il tarixdə onunla L.A.Əhmədağayeva arasında bağlanmış nikahdan xx.xx.2008-ci il təvəllüdlü Babaxanov Samir, xx.xx.2011-ci il təvəllüdlü Babaxanov Elmir dünyaya gəlmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən onunla L.A.Əhmədağayeva arasında bağlanmış nikah pozulmuş, ayrıldıqdan sonra, övladları onun yanında qalmışdır. Hal-hazırda da övladları onun yanındadırlar. Onun himayəsindədirlər. Övladlarına o baxır. Yeməklərini o bişirir. Onların qayğısına o qalır. Uşaqların təhsil xərclərini o ödəyir. Səhhətindəki problemlərlə əlaqədar hal-hazırda heç bir yerdə işləmir. L.A.Əhmədağayeva ağır xəstədir. O, uşaqların tərbiyəsində iştirak edə bilmir. Birinci nikahdan olan uşaqların onun himayəsində olması, habelə xəstəliyi səbəbindən heç bir yerdə işləmədiyinə görə, ikinci nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X1 üçün aliment borcu meydana gəlmişdir. Hesab edir ki, himayəsində digər 2 uşağının olması, habelə xəstəliyi səbəbindən heç bir yerdə işləyə bilmədiyi nəzərə alınaraq ödənilməli olan aliment borcundan tamamilə azad edilməli və ya həmin aliment borcu qismən azaldılmalıdır. Etirazda Ailə Məcəlləsinin 107.1 və 107.2-ci maddələrinə istinad olunmaqla aliment borcunun ödəməkdən tamamilə və ya qismən azad edilməsi barədə qərar qəbul edilməsi, tələbkarın tələblərinin əsassız və sübutsuz olduğuna görə rədd edilməsi xahiş edilmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi, Qusar Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(029)-90/2024 saylı qətnaməsi ilə Borclu 19 dekabr 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0.49 misli həddində indeksasiya olunması qərara alınmışdır. Həmin qərardaddan tələbkar Borclu şikayət verilmiş, şikayəti etirazın dəlillərinə uyğun əsaslandımaqla qərardadın ədalətsiz və əsassız olduğundan, maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməli, iş üzrə yeni, qanuni və əsaslı qərar qəbul olunmalı olduğunu göstərmişdir. Şikayətdə daha sonra göstərilir ki, məhkəmə iş materillarını tam, obyektiv və hər tərəfli araşdırmayaraq, yalnız tələbkarın izahatlarına əsasən qərar qəbul etmişdir. Məhkəmə maddi və prossesual hüquq normalarının pozulması ilə nəticələnən qanunsuz, ədalətsiz qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamışdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar, birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamışdır. Məhkəmənin qərarda göstərdiyi dəlillər, işin hallarına uyğun olmamışdır. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, Qusar Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(029)-90/2024 nömrəli qətnaməsinə əsasən xx xxxxxx 1980-ci ildə Qusar rayonu Yuxarı Kalunxur kəndində anadan olmuş, həmin kənddə yaşayan Borclu X3 xeyrinə 19 dekabr 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində hər ay 170 (yüz yetmiş) manat miqdarda aliment tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi ərizəni qismən təmin etmiş və bunu qərardadında onunla əsaslandırmışdır ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tutulan alimentin məbləği qətnamə ilə hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilmişdir. 2024-cü il yanvarın 1-dən ölkə üzrə minimum aylıq əmək haqqının məbləğinin 345 manat müəyyən edildiyini nəzərə alsaq, hər ay 170 (yüz yetmiş) manat məbləğdə tutulan aliment 2024-cü il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.49 misli həddində müəyyən olunmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində indeksasiya olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşaraq və apellyasiya şikayətinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1 və 8.4-2-ci yarımbəndləri əlavə edilmişdir. 8.4-1-ci bəndə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Plenum Qərarının 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Buna görə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Belə ki, alimentin indeksasiyası onun təyin edilmiş məbləği ilə minimum aylıq əmək haqqının müvafiq dövr üzrə məbləğinə uyğun şəkildə və yuxarıda qeyd edilən Plenum Qərarının tələblərinə əsasən düzgün aparılmışdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 8(029)-18/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar