Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-89/2021 21.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, Borclu iştirakı ilə, Abşeron rayon məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 8(012)-127/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 09 fevral 2021-ci il tarixli qərardadı ilə (hakim C.Səfiyeva) təqdimatın təmin olunması, xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Borclu qərardaddan şikayət vermişdir. Abşeron rayon məhkəməsinin 10 mart 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin 2-2(105)-07/2020 saylı, 03.02.2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu barəsində “ölkədən getmək hüququnun məhdudlaşdırılması” haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Borclu 5253.59 manat pul vəsaitinin tutularaq X1 və Tam Ortaqlıq ‘Tac’ Kredit İttifaqının xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi 07.05.2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “İcraata başlamaq haqqında” qərar tərəflərə göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. 29.09.2020-ci il tarixdə Borclu ünvanına rəsmi xəbərdarlıq göndərilmişdir. Bundan sonra borclu fiziki şəxs icra məmuru tərəfindən dəfələrlə icra şöbəsinə dəvət olunsa da, o, icra məmurunun çağırışlarına məhəl qoymayaraq icra şöbəsinə gəlməmiş və bu barədə icra məmuruna heç bir məlumat verməmişdir. Bu hərəkətləri ilə borclu icra sənədi üzrə tələbi icra etməkdən yayınmış və icra məmurunun çağırışlarına məhəl qoymamışdır. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu fiziki şəxs ölkəni tərk etmək niyyətindədir. Odur ki, onun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədə müvafiqdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Abşeron rayon məhkəməsinin 09 fevral 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, onun ölkədən getmə hüququnun bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məlumatı olmamışdır. İcra məmuru xəbərdarlıq etmədən, bildiriş vermədən, təqdimatla müraciət edərək ölkədən getmək hüququnun məhdudlaşdırılmasını xahiş etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Borclu şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tələbkara və Abşeron rayon İcra və Probasiya şöbəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 və 397.2. maddələrinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını, məruzəçini və borclunun izahatını dinləyib, şikayətinin dəlillərini araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Birinci instansiya məhkəməsi təqdimatın təmin edilməsini borclunun icra sənədinin könüllü icra etməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən görünür ki, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar borclu və tələbkara göndərilmiş, lakin buna baxmayaraq borclu borcu ödəməmişdir. İcra sənədi üzrə Borclu icra sənədi üzrə tələbi icra etməkdən yayınmış, həmçinin ölkəni tərk etmək niyyətində olduğu müəyyən olunmuşdur. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur (Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1. maddəsinə görə məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Mülki Prosessual Məcəllənin 234-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1. maddəsinin əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göründüyü kimi qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktının icra edilməməsinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının əsas şərti kimi icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə borclu şəxsdən pul məbləğinin alınaraq tələbkara verilməsi qət edilmişdir. Borclu öhdəliyini icra etməmişdir. Məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir. Borclu icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildirişin ona təqdim edilməməsi barədə hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qüvvəyə minmiş məhkəmə aktının icra edilməməsinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması qənaətinə gəlmişdir. Borclu şəxs şikayətində onlara məlumat verilməməsini mübahisələndirsə də, şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun əsaslandırılmış təqdimatına əsasən müəyyən edildiyindən, onların iştirak etməməsi əsaslı təqdimatın təmin edilməməsinə əsas ola bilmədiyindən, şikayətin qeyd edilən dəlili əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Abşeron rayon məhkəməsinin 09 fevral 2021-ci il tarixli və onunla bağlı 10 mart 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Şikayət təmin edilməsin. Abşeron rayon məhkəməsinin 09 fevral 2021-ci il tarixli və onunla bağlı 10 mart 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №8(105)-89/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-89/2021
21.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver