Məhkəmə qərarları › İş №8(105)-89/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-89/2022

28.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-89/2022 28.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X9 Tağızadənin sədrliyi və məruzəsi, X4 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi ilə, X1 2(006)-4514/2018 nömrəli icra işi üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlyas Həsənovun hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair iş üzrə çıxarılmış Abşeron Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərardadından borclu H.M.Quliyev tərəfindən verilmiş şikayətin mümkünlük məsələsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərardadı ilə (hakim E.T.Məmmədov) ərizəçi X5 2(006)-4514/2018 saylı icra işi üzrə Abşeron Rayon icra və probasiya şöbəsinin icra məmuru İlyas Həsənovun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair ərizənin təmin olunmaması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: X2 ərizə ilə Abşeron rayon məhkəməsinə müraciət edərək 2(006)-4514/2018 saylı icra işi üzrə Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru İlyas Həsənovun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəni onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birgə yaşadığı Abşeron rayonu, Məmmədli kəndi 0.12 ha torpaq sahəsində yerləşən evini X3 borcuna müqabil ipotekaya qoymuşdur. İpoteka üzrə bankdan pul alan borclu şəxs isə vəfat etmiş, bundan onun xəbəri olmamışdır. Eyni zamanda, ipotekanın aid olduğu borc ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində 2(006)-4514/2018 saylı iş üzrə prosesin keçirilməsi ilə bağlı ona heç bir bildiriş gəlməmiş və bu səbəbdən də o, məhkəmə prosesində iştirak edə bilməmişdir. Hal-hazırda həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə qətnaməsi əsasında onun xəbəri olmadan hərrac həyata keçirilərək evi satılmış, üçüncü şəxs qismində çıxış edən tələbkar "xxxx" ASC evini satın almışdır. Bütün bu hallardan 17/75811472 nömrəli, xx.xx.2021-ci il tarixli bildiriş ona təqdim olunanda xəbər tutmuş və hal-hazırda ailəsi ilə birgə yaşadığı ev xx.xx.2021-ci il tarixində qanunsuz olaraq məcburi surətdə boşaldılmış, ailəsi ilə birlikdə çölə atılmışdır. O, məhkəmə qərarından apellyasiya şikayəti verdiyi üçün İcra haqqında Qanunun 17.1.7-ci maddəsinə əsasən icra sənədi üzrə icraat məcburi qaydada dayandırılmalı idi. Həmin bəndə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icraat məcburi surətdə dayandırılır. Həmin tənzimləmədə icraatına qəbul olunduqda deyilsə də, bu maddənin məqsədindən artıq şikayət verilmiş məhkəmə qərarlarının da icrasının dayandırılacağı başa düşülür. Çünki apellyasiya və kassasiya şikayəti verilmiş məhkəmə qərarlarının ləğv edilmə ehtimalı icranın yerinə yetirilməsinin qarşısını alır. Çünki ləğv olunma ehtimalı, riski olan qərarın icrası həmin qərar yuxarı instansiyada ləğv edildiyi halda yenidən icradan əvvəlki vəziyyətə qayıdılması əlavə xərclərə, şəxslərin hüquq və azadlıqlarının pozulmasına gətirib çıxaracaqdır. Bu ehtimal, risk apellyasiya və ya kassasiya icraatına qəbul olunmamış olsa da, artıq şikayət verilmiş məhkəmə qərarlarının icrasında da mövcuddur. Hətta bu risk, ehtimal qanuni qüvvəyə minməmiş bütün qərarlar baxımından mövcuddur. Necə ki, İcra haqqında Qanunun 19.1.6-cı maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti ilə əlaqədar həmin məhkəmələrin üzərinə evə qayıtmalarına maneə törədilməməsini iddianın təmini tədbiri olaraq tələb edir. Mülki Prosessual Məcəllənin 149.4-cü maddəsinə əsasən iddianı təmin etmə tədbirlərinin görülməsi haqqında vəsatət iddia ərizəsində də göstərilə bilər. Onun tərəfindən aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət olunaraq X6 MMC tərəfindən 15 fevral 2019-cu il tarixli hərracın nəticələrinin və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsinə və "xxxx" ASC-nin adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi və eyni zamanda işə mahiyyəti üzrə baxılanadək müvəqqəti təminat tədbiri olaraq “əmlakın özgəninkiləşdirilməsinin qadağan olunması” xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(005)-4727/2021 saylı qərardadına əsasən işə mahiyyəti üzrə baxılanadək müvəqqəti təminat tədbiri olaraq “əmlakın özgəninkiləşdirilməsinin qadağan olunması” barədə qərar qəbul edilmiş və işə mahiyyəti üzrə baxılması 26 oktyabr 2021-ci il tarixdə saat 10:00-a təyin edilmişdir. İcra işi üzrə icraata başlamaq haqqında qərar ona təqdim edilməmişdir. Bu işlə bağlı xx.xx.2021-ci il tarixində keçirilmiş məhkəmə prosesində icra məmuru tərəfindən sənədin icra işinin birinci səhifəsinin alt tərəfində “qəbul etdim” yazılmış, yanında qol çəkilmiş, lakin imzalayanın adı, soyadı qeyd edilməmiş, yalnız icraata başlamaq haqqında qərarın surətini təqdim etmişdir. O, məhkəmə prosesində iştirak edən borclunun şəxsiyyət vəsiqəsindəki imza ilə icra məmuru tərəfindən təqdim olunmuş vərəqdəki imzanı məhkəmə qarşısında müqayisə edərək onların eyni olmadığını prosesdə ifadə etmişdir. Həmçinin icra məmuru sadəcə həmin sənədin surətini göstərmişdir, onun əslini isə göstərməmişdir. Digər tərəfdən imzanın yanında adsoyad olmadığı üçün sənədin kimin qəbul etdiyi də məlum deyildir. Eyni zamanda, bu məsələ onda növbəti şübhəni yaratmışdır ki, ola bilsin ki, sırf məhkəməni aldatmaq və qanunsuzluğu ört-basdır etmək üçün saxta şəkildə “qəbul etdim” imzası atılmışdır. Bu əsaslar icra məmuru tərəfindən təqdim olunmuş sənədin saxta olduğunu və icra məmurunun işinə necə “peşəkar” yanaşdığını göstərir. Bu baxımdan icraata başlamaq haqqında qərarın verilmədiyi məlum olur. İcra məmuru tərəfindən könüllü icraya dair bildiriş borcluya təqdim olunmamışdır. Borcluya könüllü icra imkanı verilməmişdir. Məhkəmə prosesində Abşeron rayon İcra və Probasiya xidməti bunu onunla əsaslandırmışdır ki, icraat Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya tərəfindən başlanılmış, könüllü icraya dair bildiriş borcluya həmin İcra və Probasiya Şöbəsi tərəfindən verilməli idi və bunun məsuliyyəti onlarda deyil. İcra haqqında qanunvericilik hamı üçün məcburidir. İcra işi üzrə icraat qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməli idi. Bunun qanunauyğun həyata keçirilməməsi və ya hansı icra orqanın sözügedən icra bildirişini verməli olduğu isə vətəndaşın, yəni borclunun bunun hüquqi nəticələrindən zərər çəkməsinə səbəb ola bilməz. Könüllü icra barədə rəsmi bildiriş verilmədiyi təqdirdə məcburi icra hərəkətlərini yerinə yetirmək tamamilə qanunsuzdur. Vətəndaşın xəbəri olmadan evin satılması ilə bağlı hərrac keçirilmişdir. Həmin hərraca əsas olan icra vərəqəsi isə yuvarlaq olaraq 39000 manat pul borcuna görədir. Evin ilkin satış qiyməti 70000 manat qiymətləndirilmişdir. Birinci və ikinci hərrac baş tutmamış və sonda bank evi 44000 manata hərracdan almışdır. Ortada yaranan 5000 manat fərq qanunvericiliyin tələbinə əsasən vətəndaşa ödənilməli idi. Həmin fərq ödənilmədiyi müddətdə vətəndaşın öz evindən çıxarılması mexanizmi mövcud deyildir. 5000 manat vəsaitin harada olması ilə bağlı icra məmurunda da heç bir məlumat yoxdur. Bu da bir daha icra məmurunun icra işinə qərəzli yanaşmasını göstərir. Belə ki, icra məmuru nəyin bahasına olursa-olsun borclunu və onun 10 nəfərlik ailə üzvünü evdən atmağa niyyətli olmuş və bu hüquqazidd niyyətini qanunsuz bir şəkildə icra etməkdən belə çəkinməmişdir. İcra vərəqəsi 2019-cu il tarixlidir və bu günə qədər də heç bir icra tədbirləri yerinə yetirilməmişdir. Bu da bir daha sübut edir ki, əslində icra işi üzrə borclu lazımi qaydada məlumatlandırılmamışdır. Bu günə qədər də icra hərəkətlərinin də yerinə yetirilməməsi özü-özlüyündə ciddi qanun pozuntusudur. Qanunvericiliyə əsasən icra məmuru icra hərəkətini 2 ay müddətində yerinə yetirməlidir. 2 il sonra isə hansısa icra hərəkətinin yerinə yetirilməsi hesab edir ki, müzakirə predmeti belə ola bilməz. Buradan aydın görünür ki, icra məmuru İcra Haqqında Qanuna əsasən icra hərəkətinin yerinə yetirmə müddətini ötürmüşdür. İcra məmuru icra işi ilə bağlı bir bildiriş təqdim etmiş və bildirmişdir ki, sözügedən ev 10 gün ərzində boşaldılmalı, əks təqdirdə məcburi şəkildə boşaldılacaqdır. Bunu isə onun özünə deyil, oğluna bildirmişdir. Qeyri-rəsmi formada təqdim edilən bildirişin verilməsini o, etiraf edir. Həmçinin 10 günlük müddət bitməmiş, 10-cu günündə məcburi icra həyata keçirilmişdir. Beləliklə, icra məmuru öz verdiyi 10 gün vaxtı belə sona qədər gözləməmişdir. Digər tərəfdən icra məmuru məzuniyyətdə olduğu halda icra hərəkətini yerinə yetirmişdir, lakin məhkəmə zalında bildirmişdir ki, o, guya orada olmamışdır. Daha sonra icra məmuru özü etiraf etmişdir ki, o, özü orada olmuş, sadəcə olaraq digər icra məmuru icra hərəkətini yerinə yetirərkən ona kömək etmişdir. Lakin bu məlumat doğru deyil. İcra işindən də görünür ki, icra işi heç bir icra məmuruna verilməmişdir. Ümumiyyətlə, bir icra məmurunun məzuniyyətdə olması ilə bağlı icra işi heç bir zaman başqa bir icra məmuruna təhvil verilmir. Məzuniyyətdə olan icra məmurunun icra etmiş olduğu icra hərəkətləri səlahiyyətsiz şəxsin hərəkətləri olduğu üçün qanunsuz hesab edilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Ərizəçi H.M.Quliyev qərardaddan narazı qalaraq şikayət vermişdir. Məhkəmə kollegiyası tərəfin şikayəti üzrə işə baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından görünür ki, ərizəçi H.M.Quliyev Abşeron Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 8(012)-109/2022 nömrəli qərardadından şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verməmiş, prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normasının tələbini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.5-ci maddələrinə görə «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onun imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa şikayət geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ərizəçi H.M.Quliyevin şikayəti qeyri-mümkün hesab edilməli və Azərbaycan Respublikası MPMnin 361-364-cü maddələrinin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması üçün apellyasiya şikayəti mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 366.2-ci və 366.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İş üzrə Abşeron Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 8(012)-109/2022 nömrəli qərardadından ərizəçi X7 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar