Məhkəmə qərarları › İş №8(105)-89/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-89/2024

24.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-89/2024 24.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İsmayılova Ləman Zakir qızının katibliyi katibliyi, Abdullayeva Nərmin İlyas qızının iştirakı ilə, Abşeron rayon İcra və Probasiya şöbəsinin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarından Abdullayeva Nərmin İlyas qızının şikayət ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abdullayeva Nərmin İlyas qızı Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək Abşeron rayon İcra və Proasiya şöbəsinin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)- 826/2023 saylı icra sənədinin yenidən icraya qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 826/2023 nömrəli, xx.xx.2023-c üil tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 N.Abdullayevanın yanında saxlanması, uşaqların Borclu alınaraq ona verilməsi, habelə uşaqların saxlanılması üçün hər ay cəmi 300 manat məbləğində alimentin Borclu tutularaq ona ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və icra sənədi icraya yönəldilmişdir. Abşeron rayon İcra və Proasiya şöbəsinin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ilə icra sənədinin məhkəməyə qaytarılması məqsədəmüvafiq sayılmışdır. Hesab edir ki, həmin qərar əsassızdır və ləğv olunmalıdır. Məhkəmə kollegiyasını iclasında iştirak edən N.Abdullayeva ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 826/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə istinad etməklə icra sənədinin icrası mümkün olmadığı üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən, icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Qeyd olunan Qanunun 23.7-ci maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 yanvar 2003-cü il tarixli Plenum Qərarında qeyd edilir ki, məhkəmələrə tövsiyə edilsin ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. Belə ki, vahid məhkəmə təcrübəsi olmadığına görə bu məsələlər həm birinci instansiya, həm də yuxarı instansiya məhkəmələri tərəfindən həll edilir. Qanunda isə bu barədə çıxarılan məhkəmə qərarlarından şikayət etmə qaydası nəzərdə tutulmuşdur. Ona görə də göstərilən məsələlərin yuxarı məhkəmələr tərəfindən həll edilməsi tərəflərin həmin məhkəmə qərarlarından şikayət etmək hüquqlarını məhdudlaşdırır. Beləliklə də göstərilən məsələlərin yuxarı instansiya məhkəmələri tərəfindən həll edilməsi üçpilləli məhkəmə sisteminin mahiyyətinə ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. AR MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Sadalanan normalardan o nəticəyə gəlinir ki, icra sənədinin qaytarılması qərarından şikayət verilməsi barədə ərizələrə apellyasiya instansiyası məhkəməsi tərəfindən həll edilməsi tərəflərin həmin məhkəmə qərarlarından şikayət etmək hüquqlarını məhdudlaşdırmaqla, üçpilləli məhkəmə sisteminin mahiyyətinə ziddir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Abdullayeva Nərmin İlyas qızının mövcud şikayət ilə aidiyyəti üzrə müvafiq birinci instansiya məhkəməsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 263-264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Abşeron rayon İcra və Probasiya şöbəsinin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarından Abdullayeva Nərmin İlyas qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar