Məhkəmə qərarları › İş №8(105)-89/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-89/2025

19.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-89/2025 19.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası) X3 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-221/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. X2 ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(060)-1592/2021 saylı qətnaməsi ilə borclu Cavabdeh 22 iyun 2020-ci il təvəllüdlü X17 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş aliment məbləğinin indeksasiyanı aparmaqla borcludan tutulmalı olan alimentin minumum əmək haqqı məbləğinin (400 manatın) 0,74 misli məbləğində (296 manat) müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(060)-1592/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə X9 arasında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixli, 287 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2020-ci il təvəllüdlü X17 oğlunun anası X5 yanında qalması, 07 yanvar 2021-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X17 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin X5 xeyrinə tutulması qət edilmişdir. Qətnamədən sonra Respublika üzrə bir uşağın saxlanılması minimumunda artımlar olmuş, məhkəmə qətnaməsi ilə qət edilmiş aliment uşağın maddi tələbatlarını qətiyyən ödəmir, o, uşağın maddi təminatında əziyyət çəkir. Ona görə də hazırkı ərizəylə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-221/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim A.Behbudova) ərizə təmin edilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X17 oğlunun saxlanması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (170:250) 0,68 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi qeyd edib ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-1592/2021 saylı qətnaməsindən görünür ki, 22 iyun 2020-ci il təvəllüdlü X17 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş dörd) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Odur ki, 22 iyun 2020-ci il təvəllüdlü X17 oğlunun saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının misli Cavabdeh xx.xx.2021-ci il tarixli qətnamə ilə qət edilmiş sabit pul məbləğində tutulan alimentin miqdarının 07 yanvar 2021-ci ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi (170:250=0,68) nəzərə alınmaqla hesablanmalıdır.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1, 110.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsi, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1, 8.4-2-ci maddələrinə istinadla əsaslandırmışdır.

6. Qərardaddan narazı qalan borclu Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-221/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və xx.xx.2020-ci ildə anadan olmuş X17 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə Cavabdeh tutulan alimentin məbləğinin xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-221/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

8. Şikayət onunla əsaslandırılıb ki, iş üzrə məhkəmənin mövqeyi qanunsuz və əsassızdır. Məhkəmə alimentin məbləğini müəyyən edərkən, onun ikinci dəfə ailə həyatı qurmağını, həmin nikahdan iki azyaşlı övladının olmasını, habelə onun heç bir yerdə işləməməsini nəzərə almamışdır. Həmçinin qərardad qəbul edilərkən məhkəmə tərəflərin maddi imkanları, Sumqayıt şəhəri ilə bölgələr arasında müxtəlif məhkəmələr tərəfindən verilmiş qərarlar üzrə alimentin fərqini nəzərə almayıb. Bölgələrdə müəyyən edilmiş minimum əmək haqqının 0,5 misli həddində alimentin müəyyən edilməsini nəzərə alınarsa, məhkəmə tərəfindən bu iş üzrə alimentin məbləğini müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunması qanuna uyğun deyil. Məhkəmənin qərarının digər analoji işlərlə müqayisədə ziddiyyət təşkil etməsi, yəni işə baxan hakim tərəfindən başqa şəxslər barədə verilən qərarlarda bir uşaq üçün minimum əmək haqqının 0,5 misli həddində aliment müəyyən edilməsi, onun ayrı-seçkiliyə məruz qalmasını göstərir. Məhkəmənin eyni iş şəraitində fərqli qərarlar verməsi, ədalətsiz bir yanaşma və şəxsi hüquqlarının pozulması ilə nəticələnib. Ona görə də hesab edir ki, məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

9. Şikayətə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikas Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2.-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının

8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

Apellyasiya baxışının hədləri

14. Apellyatorun hazırkı şikayəti Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-221/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv olunmasına yönəlmişdir.

15. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-221/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası verilmiş şikayəti iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-221/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşaraq mübahisənin həlli ilə bağlı aşağıdakıları qeyd edir.

18. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-1592/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, X10 ilə X9 arasında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixli, 287 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2020-ci il təvəllüdlü X17 oğlunun anası X5 yanında qalması, 07 yanvar 2021-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X17 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin X5 xeyrinə tutulması qət edilmişdir.

19. Hazırda X2 ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(060)- 1592/2021 saylı qətnaməsi ilə borclu Cavabdeh 22 iyun 2020-ci il təvəllüdlü X17 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş aliment məbləğinin indeksasiyanı aparmaqla borcludan tutulmalı olan alimentin minumum əmək haqqı məbləğinin (400 manatın) 0,74 misli məbləğində (296 manat) müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

20. İşə baxan məhkəmə ərizə üzrə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Apellyasiya kollegiyası da həmin nəticə ilə razışır və mövqeyini bu cür şərh edir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

22. Şikayətin dəlilləri ilə razılaşmayan kollegiya bildirir ki, 2021-ci ilin yanvar ayından 2022-ci ilin yanvarınadək ölkə üzrə minimum əmək haqqı 250 manat təşkil etmişdir. Əgər yuxarıda qeyd olunan Plenum Qərarının tələblərindən çıxış edərək sadə riyazi hesablama aparıldıqda indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 0,68 misli (170:250=0,68) həddində müəyyən edilmiş olur.

23. İşə baxan məhkəmə də tərəflərin əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini və digər diqqətəlayiq halları nəzərə alaraq xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X17 oğlunun saxlanması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (170:250) 0,68 misli həddində sabit pul məbləğində alimentin tutulması qənaətinə gəlmişdir.

24. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-221/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Borclu Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-221/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar