Məhkəmə qərarları › İş №8(105)-9/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-9/2021

11.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-9/2021 11.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər X3 və X4 ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, Borclu Zəngilan Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(034)-66/2017 saylı qətnaməsinin hissə-hissə ödənilməsi tələbinə dair iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Zəngilan Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim G.K.İmanova) Zəngilan Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(034)-66/2017 saylı qətnaməsinin hissə-hissə ödənilməsi barədə Borclu ərizənin təmin edilməməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: Borclu ilə məhkəməyə müraciət edərək Zəngilan Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(034)-66/2017 saylı qətnaməsinin ona aid hissədə hər ay 70 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı Tələbkar QSC cavabdehlər X1, Borclu və X2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan və digər cavabdehlərdən müştərək qaydada Tələbkar QSC-nin xeyrinə 2382,96 ABŞ dolları məbləğində əsas borcu, 573,89 ABŞ dolları məbləğində faiz borcu və 740,47 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3697 ABŞ dolları 32 sent məbləğində borcun və bank tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(034)-66/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qətnamədən cavabdeh H.M.Həsənov apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(034)-66/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icra olunması üçün Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Həmin iş üzrə o, əsas borclu deyil, zamindir, zamin kimi öhdəliklərini də bilir. Dəfələrlə borcun ödənilməsi ilə bağlı əsas cavabdehə müraciət etsə də, o, borcu ödəmək istəmir. Bu yaxınlarda ona məlum olmuşdur ki, borcun ödənilməsi əmək haqqına yönəldiləcəkdir. O, öz üzərinə düşən borcu ödəmək istəyir və bundan da boyun qaçırmır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Borclu verdiyi şikayəti onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə qanunsuz və əsassız olaraq ərizəni təmin etməmişdir. Məhkəmə qeyd edir ki, tələbkara ödənilməsi nəzərdə tutulmuş pul məbləğinin borclu tərəfindən hissə-hissə ödənilməsi mümkün deyil, çünki bu hal ödəmənin illərlə davam etməsinə və nəticədə isə tələbkarın hüquqlarının pozulmasına səbəb olacaqdır. O, zamindir, maddi imkanı aşagı vəziyyətdədir. Məhkəmə bunları nəzərə almamışdır. Zəngilan Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(034)-7/2020 saylı qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İş materialları ilə müəyyən edilmişdir ki, Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(034)-66/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 1997-ci il tarixli 2 saylı qərarının 14-cü bəndində göstərilmişdir ki, qanunvericilikdə qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə məhkəmə tələbkarın mənafeyini də nəzərə almalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. İş materiallarından göründüyü kimi Borclu qətnamə icra ediləcəyi halda onun üçün çətinlik törədən və ya onu alverişsiz hallara salmasını təstiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadıgından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Borclu şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 8(034)-7/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Elman Əhmədov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar