Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-9/2022 27.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İcra məmurunun icraata xitam verilməsi haqqında 16.08.2019-cu il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya göndərilməsi barədə icra sənədi üzrə tələbkar LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayət ərizəsinin mümkünlüyünə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru T.Z.Rüstəmovun icraata xitam verilməsi haqqında 16.08.2019-cu il tarixli qərarının ləğv edilməsi və 2(105)-1254/2018 saylı icra sənədinin yenidən icraya göndərilməsi barədə icra sənədi üzrə tələbkar LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 12 yanvar 2022-ci il tarixdə icra sənədini vermiş Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bu şikayət ərizəsi hazırda qüvvədə olan prosessual qaydalara uyğun təqdim edilmədiyindən, məhkəmə kollegiyası ərizənin mümkünlüyü məsələsini yazılı icraat qaydasında müzakirə etməyi zəruri hesab etmişdir. Bu tip ərizələr birbaşa icra sənədini vermiş məhkəmələrə təqdim edildiyindən və həmin məsələləri tənzimləyən prosessual hüquq normaları olmadığından məhkəmə kollegiyası hesab edir ki, mübahisəyə analoğiya, yəni oxşar normaların tələbləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Yenə həmin Məcəllənin 397.2-ci maddəsinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayət ərizəsinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından görünür ki, icra sənədi üzrə tələbkar LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu icra məmurunun qərarından şikayət ərizəsini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verməmiş, prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normasının tələbini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.5-ci maddələrinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, icra məmurunun icraata xitam verilməsi haqqında 16.08.2019-cu il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya göndərilməsi barədə icra sənədi üzrə tələbkar LPO "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də, bu ərizəyə baxılamsı qeyri-mümkün hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, hazırki halda tələbkarın şikayət ərizəsi üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası izah edir ki, şikayət ərizəsi vermiş hüquqi şəxs MPM-in yuxarıda sadalanan tələbələrinə əməl etməklə yenidən ümumi qaydada ərizə verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1.3, 263- 264, 361, 363,1, 363.1.5, 365, 366 və 400-cü maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İcra məmurunun icraata xitam verilməsi haqqında 16.08.2019-cu il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya göndərilməsi barədə icra sənədi üzrə tələbkar LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayət ərizəsinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və ərizə geri qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №8(105)-9/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-9/2022
27.01.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver