Məhkəmə qərarları › İş №8(105)-90/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-90/2020

11.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-90/2020 11.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı LPO Tələbkar ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı LPO Tələbkar ASC-nin cavabdehlər X2 və Borclu qarşı kredit borcunun və ona hesablanmış faizlərin tutulması tələbinə dair mülki iş üzrə X6 və Probasiya Şöbəsinin xx xxx 2020-ci il tarixli qərarından LPO Tələbkar ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-325/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə Borclu ilə Tələbkar ASC arasında bağlanmış 66 saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə xitam verilmiş, Borclu kredit borcu üzrə 2.053 (iki min əlli üç) manat, faiz borcu üzrə 2.785 (iki min yeddi yüz səksən beş) manat, cəmi 4.838 (dörd min səkkiz yüz otuz səkkiz) manat və ödənilmiş 30 (otuz) manatın dövlət rüsumu tutularaq Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir. (sədrlik edən hakim Ş.Abasov). Qətnamə qanuni qüvvəsini almış və 2(105)-325/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsi icra olunması üçün NMR ƏN Babək Rayon İcra Bölməsinə göndərilmiş, Babək Rayon İcra Bölməsi tərəfindən də ərazi aidiyyəti üzrə X6 Bölməsinə göndərilmişdir. X6 Bölməsinin icra məmuru E.X.Qələndərov tərəfindən xx.xx.2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. X6 və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə icra vərəqəsi üzrə icraata xitam verilmişdir. Tələbkar LPO Tələbkar ASC qərardan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmuru borclunun ölüm şəhadətnaməsi, əmlak vəziyyətinə dair araşdırılma aparılmasına dair sənədləri tələbkara təqdim etməmişdir. Ona görə də şikayət təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı LPO Tələbkar ASC-nin nümayəndəsi X3 şikayətə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. X6 və Probasiya Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasınanümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə göstərilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərinə qiymət verərək belə hesab edir ki, şikayət təmin edilməli, X6 və Probasiya Şöbəsinin xx xxx 2020-ci il tarixli qərarı ləğv edilməli və iş üzrə icra hərəkətləri davam etdirilməlidir. İşdə olan Naxçıvan şəhər Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Borclu xx.xx.2018-ci ildə vəfat etmişdir. Yenə işdə olan NMR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli məktubundan görünür ki, Naxçıvan şəhəri, Qaraçuq kəndində 2884,81 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Borclu və digər 3 nəfərin birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.3-cü maddəsinə əsasən, tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icra sənədi üzrə icraata xitam verilir. AR Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2017-ci il tarixli qərarına görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Qeyd olunan normaların tələbindən də görünür ki, borclu öldükdə müəyyən edilmiş tələblər və ya vəzifələr onun vərəsəsinə və ya əmlakını idarə edən şəxsə keçə bilməzsə icra sənədi üzrə icraata xitam verilir. Hazırki halda işdən görünür ki, mərhumun mülkiyyətində torpaq sahəsi olmuş, lakin o öldükdən sonra həmin əmlaka dair vərəsəliyin olub-olmaması, əmlakın sonrakı taleyi, mirasın vərəsələr tərəfindən qəbul edilib-edilməməsi, icra tələbinin yönələ biləcəyi subyekt dairəsinin mövcudluğu icra qurumu tərəfindən araşdırılmamışdır. Belə olan halda icraata xitam verilməsi tələbkarın hüquqlarını pozur ki, bu da yolverilməzdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 15, 263, 264, 400 və 402- ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tələbkar LPO Tələbkar ASC tərəfindən verilmiş şikayət təmin edilsin. X6 və Probasiya Şöbəsinin xx xxx 2020-ci il tarixli qərarı ləğv edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-325/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan şika--yət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar