Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-90/2021 22.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, İcra sənədi üzrə borclu X5 iştirakı ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx xxx 2020-ci il tarixli qərarının ləğv edilməsi haqqında Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(027)-454/2020 saylı qərardadından icra sənədi üzrə borclu X7 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 2(027)-419/2016 saylı, xx xxxx 2016-cı il tarixli icra sənədinə əsasən X4 cəmi 60030 manat pul tutularaq tələbkar X2 ödənilməlidir. Quba rayon İcra və Probasiya Şöbəsinin xx xxx 2020-ci il tarixli qərarı ilə “İcra Haqqında” Qanunun 23.1.3-cü maddəsinə əsasən icra sənədi Quba Rayon Məhkəməsinə qaytarılmışdır. İcra sənədi üzrə tələbkar X3 bu qərardan şikayət verərək göstərmişdir ki, Quba Rayon Məhkəməsinin 2(027)-419 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu X4 60030 manat məbləğində pulu almalıdır. Lakin həmin pulu bu günə qədər ala bilməmişdir. Borclunun barəsində görülmüş icra tədbirləri başa çatdığı üçün icra məmuru xx.xx.2020-ci il tarixdə icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edərək Quba Rayon Məhkəməsinin 2(027)-419 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsini məhkəməyə geri qaytarmışdır. Lakin onda olan məlumata görə hal-hazırda borclunun maddi vəziyyəti yaxşılaşıb. Hal-hazırda böyük miqyaslı təsərrüfat işləri ilə məşğul olur və ona olan borcunu ödəmək imkanına malikdir. Buna görə də icra məmurunun xx xxx 2020-ci il tarixli qərarının hüquqi əsası yoxdur və o ləğv olunmalıdır. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(027)-454/2020 saylı qərardadı ilə (hakim R.Həsənov) şikayət təmin edilmiş, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədovun xx xxx 2020-ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərarı ləğv edilmiş və Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(027)-419/2016 saylı icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Quba rayon İcra və Probasiya Şöbəsinə qaytarılmışdır. Qərardaddan narazı qalan borclu X7 ondan şikayət verərək Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(027)-454/2020 saylı qərardadının ləğv edilməsini, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx xxx 2020-ci il tarixli qərarının ləğv edilməsi haqqında icra sənədi üzrə tələbkar X1 şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 8(027)-454/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ və TƏRƏFLƏRİN İZAHATLARİ : İcra sənədi üzrə borclu X7 şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadı əsassızdır. Belə ki, Quba rayon İcra və Probasiya Şöbəsi onun maddi vəziyyətini yoxlayaraq müəyyən etmişdir ki, həmin borcu ödəməyə heç bir maddi imkanı yoxdur. İş üzrə tələbkar şikayətində göstərir ki, onda olan məlumata görə guya onun vəziyyəti yaxşılaşıb, o, böyük miqyaslı təsərrüfat işləri aparır. İş üzrə tələbkarın şikayətində göstərdikləri tamamilə yalandır. Quba rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 075690 saylı vəsiqəyə əsasən o, müharibə veteranıdır, 51 yaşı var. O, heç bir yerdə işləmir və hər ay 80 manat müavinət alır, təsadüfi hallarda günəmuzd işləyərək ailəsini çətinliklə dolandırır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qərardad ləğv edilməli, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx xxx 2020-ci il tarixli qərarının ləğv edilməsi haqqında icra sənədi üzrə tələbkar X1 şikayəti təmin edilməməlidir. İcra sənədi üzrə borclu X7 məhkəmə kollegiyasının iclasında şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İcra sənədi üzrə tələbkar X2 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, M.O.Balabəyov teleqramla məhkəməyə müraciət edərək xəstə olması səbəbilə məhkəmə iclasına gələ bilməyəcəyini göstərmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də onun nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə icra sənədi üzrə tələbkarın, o cümlədən Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakim məruzəsini dinləyib, iş materiallarını cavabdehin şikayəti ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(027)-454/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, icra sənədinin icra edilmədən verilən orqana geri qaytarılması proseduru “İcra haqqında” Qanunla (23-cü maddə) tənzimlənir. Həmin Qanunun 23.1, 23.2 və 23.3-cü maddələrinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: tələbkarın ərizəsi əsasında; borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. İş materiallarından görünür ki, icra sənədinin geri qaytarılması üçün mövcud qanunvericilikdə nəzərdə tutulmuş heç bir hal baş verməmişdir. İcra məmurunun qərarında göstərilən halların təsdiq edilməsi barədə (müvafiq qurumlara əmlak və gəlirlərin müəyyən edilməsi məqsədilə sorğular vermək, sorğulara cavablar və s.) işdə hər hansı sübut yoxdur, yəni icra məmurunun qərarı kifayət qədər əsaslandırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda, icra məmurunun xx xxx 2020-ci il tarixli qərarı “İcra haqqında” Qanunun 23-cü maddəsinin tələblərinə uyğun olmadığından ləğv edilməlidir və icra sənədi icra edilməsi üçün həmin quruma qaytarılmalıdır. Bu qərar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə şərait yaradır və məhkəmə kollegiyasının qənaətinə görə arzuolunmaz presedent yarada bilər. Mülki-Prosessual Məcəllənin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Quba rayon İcra və Probasiya Şöbəsinin xx xxx 2020-ci il tarixli qərarı ləğv edilməlidir və bu barədə işə baxan məhkəmə tamamilə qanuni nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən qanunvericiliyin tələbləri düzgün qiymətləndirilmiş, prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Barəsində şikayət verilmiş məhkəmə qərardadının ləğv edilməsi üçün isə əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1. maddələrinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, icra sənədi üzrə borclu X7 tərəfindən verilmiş şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(027)-454/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İcra sənədi üzrə borclu X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(027)-454/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №8(105)-90/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-90/2021
22.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver