Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-90/2022 05.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Tələbkar ASC-nin Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icra icraatına xitam verilməsi barədə qərarından verilmiş şikayətə dair iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Tələbkar ASC-nin Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icra icraatına xitam verilməsi barədə qərarından şikayətlə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv olunması və Salyan Rayon Məhkəməsinin 2(057)132/2008 nömrəli, xx.xx.2008-ci il tarixli icra sənədi üzrə icra işinin davam etdirilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(057)-68/2022 saylı qərardadı ilə Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv olunması və Salyan Rayon Məhkəməsinin 2(057)-132/2008 nömrəli, xx.xx.2008-ci il tarixli icra sənədi üzrə icra işinin davam etdirilməsi barədə Tələbkar ASC-nin şikayəti aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-426/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyatının müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (X4) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını araşdırıb, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən hazırki mülki işə Salyan Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 132/2008 nömrəli, xx.xx.2008-ci il tarixli icra vərəqəsinə əsasən Tələbkar ASC-nin “Nəsimi” filialı ilə X2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 253 saylı kredit müqaviləsi ləğv edilməsi, cavabdeh X1 2.200 (iki min iki yüz) ABŞ dolları məbləğində əsas, 813 (səkkiz yüz on üç) ABŞ dolları məbləğində faiz borcu, 167 ABŞ dolları məbləğində hüquqi xidmət haqqı cəmi 3.013 (üç min on üç) ABŞ dolları məbləğində borcun və ödənilmiş dövlət rüsumu 19 manat 80 (on doqquz manat səksən qəpik) alınaraq iddiaçı təşkilat Tələbkar ASC-nə ödənilməsi qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru H.Nəcəfovun xx.xx.2019cu il tarixli qərarına əsasən Salyan Rayon Məhkəməsinin 2(057)-132/2008 saylı, xx.xx.2008-ci il tarixli icra sənədi üzrə işə xitam verilmiş, qərarın surəti Salyan Rayon Məhkəməsinə və tərəflərə göndərilmişdir. Hazırda tələbkar Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icra icraatına xitam verilməsi barədə qərarından şikayət vermişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Göründüyü kimi, qanunverici icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş əsaslandırılmış qərarın məhz icra sənədini vermiş məhkəməyə göndərilməsini müəyyən etmişdir. “İcra haqqında” Qanunun 20.4-cü maddəsində müəyyən olunmuşdur ki, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli Qanunu ilə “İcra haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi səlahiyyəti məhkəmələrdən alınaraq icra qurumuna verilsə də, qanunverici məhkəməyə öz təşəbbüsü ilə icra məmurunun icraata xitam verilməsi barədə qərarının qanuniliyini yoxlamaq səlahiyyəti vermişdir. “İcra haqqında” Qanunun 20.5-ci maddəsində müəyyən olunmuşdur ki, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər “İcra haqqında” Azərbaycan Respublikasının Qanununu 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli, Qərarında göstərilmişdir ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Konstitusiya Məhkəməsinin Plenumu 10 oktyabr 2017-ci il tarixli, Qərarında belə nəticəyə gəlmişdir ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan tələbkar icra sənədinin verildiyi məhkəməyə şikayət verməlidir və bu səbəbdən hazırki işə Salyan Rayon Məhkəməsində baxılmalıdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin tələbinə görə icra məmurunun icra sənədi üzrə icraata xitam verməsi barədə qərardadn icra məmurunun olduğu yer üzrə deyil, icra icra sənədini vermiş məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Tələbkar ASC-nin Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icra icraatına xitam verilməsi barədə qərarından verilmiş şikayətə dair iş ərazi aidiyyətı üzrə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 45.4, 263 və 264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tələbkar ASC-nin Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icra icraatına xitam verilməsi barədə qərarından verilmiş şikayətə dair iş ərazi aidiyyətı üzrə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-90/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-90/2022
05.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver