Məhkəmə qərarları › İş №8(105)-90/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-90/2023

07.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-90/2023 07.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 8(060)-372/2023 nömrəli qərardadından Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Məmmədov Rüfət Eldar oğlu tərəfindən verilmiş şikayətin yazılı icraat qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli qərardadı ilə (hakim Ə.Ələkbərov) Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-702/2022 nömrəli, xx.xx.2022ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatı təmin edilməməsi qərara alınmışdır. İcra məmuru Məmmədov Rüfət Eldar oğlu qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim Ə.Ələkbərov) Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-372/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Rüfət Məmmədov tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim Ə.Ələkbərov) Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Rüfət Məmmədovun Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-372/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsi və şikayət baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli qərardadı ilə (hakim Ə.Ələkbərov) Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-514/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadında olan yanlışlıq aradan qaldırılması və qərardadın qərara aldı hissəsinin 1-ci sətrində olan “və şikayət baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin” sözlərinin çıxarılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 13 iyul 2023-cü il tarixli qərardadı ilə (hakim Ə.Ələkbərov) şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 372/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Rüfət Məmmədov tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Məmmədov Rüfət Eldar oğlu tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, birinci instansiya məhkəməsinin 12 may 2023-cü il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-702/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatı təmin edilməməsi qərara alınmış, bununla razılaşmayan icra məmuru Rüfət Məmmədov 12 may 2023-cü il tarixli qərardaddan şikayət vermiş, birinci instansiya məhkəməsinin 08 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılması qərara alınmışdır. Daha sonra məhkəmənin 23 iyun 2023-cü il tarixli qərardadı ilə icra məmuru Rüfət Məmmədovun Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-372/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsi qərara alınmış, lakin birinci instansiya məhkəməsi 12 may 2023-cü il tarixli qərardadından şikayət verilməsinə baxmayaraq, 13 iyul 2023-cü il tarixli qərardadı ilə səhvən Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-372/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadın qanuniliyini yoxlayır. Mülki Prosessual Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Qüvvədə olan prosessual qanunvericilik şikayət ilkin olaraq qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən baxılmasını nəzərdə tutur. Hakim şikayəti əsaslı hesab edirsə, qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi haqqında yeni qərardad çıxarır və işin sonrakı gedişi üçün müvafiq prosessual hərəkətlər edir. əks halda şikayət baxılması üçün 7 gün müddətində apellyasiya məhkəməsinə göndərilir (MPM-nin 269.1-269.3-cü maddələri). Göründüyü kimi şikayətə ilkin baxmalı olan birinci instansiya məhkəməsi şikayətə baxmamışdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir (Mülki Prosessual Məcəllənin 364-cü maddəsi). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət MPM-nin 269-cu maddəsinin tələblərinə riayət edilmədən, apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Məmmədov Rüfət Eldar oğlu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qərardaddan verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 269, 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Məmmədov Rüfət Eldar oğlu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayətin Azərbaycan Respublikası MPM-nin 269, 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar