Məhkəmə qərarları › İş №8(105)-90/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-90/2024

01.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-90/2024 01.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu mülkiyyətində olan əmlak üzərinə həbs qoyulması barədə təqdimata dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Borclu mülkiyyətində olan əmlak üzərinə həbs qoyulması barədə Şamaxı rayon İcra və probasiya şöbəsinin təqdimatına dair Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(074)-81/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. Şamaxı rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan “**-LZ-***” dövlət qeydiyyat nişanlı, “Toyota Hılux” minik markalı avtomobil üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-296/2022 nömrəli icra sənədinə əsasən Borclu 4196.08 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Şamaxı rayonu Dəmirçi Bələdiyyəsinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Şamaxı rayon İcra və probasiya şöbəsinə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul olunaraq, tələbin könüllü icrası barədə Borclu göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi könüllü icra etmədiyi üçün onun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Toyota Hılux” minik markalı, “**-LZ-***” dövlət qeydiyyat nişanlı avtomobili var.

3. Məhkəmə iclasında iştirak edən Borclu təqdimata etiraz edərək izahatında bildirmişdir ki, mülkiyyətində olan 1.3470 hektar torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur, ona görə də avtomobilin üzərinə həbs qoyulması əsaslı hesab edilə bilməz. Odur ki, təqdimatın rədd olunmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən tələbkar Şamaxı rayonu Dəmirçi Bələdiyyəsinin sədri X2 bildirmişdir ki, Borclu borcunu ödəmədiyi üçün avtomobilinin üzərinə həbs qoyulması barədə təqdimatın təmin edilməsini xahiş etmişdir.

5. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-296/2022 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 4196.08 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Şamaxı rayonu Dəmirçi Bələdiyyəsinin hesabına köçürülməlidir.

6. Şamaxı rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından və həmin tarixli bildirişin surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-296/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmış və Borclu icranı 10 gün müddətində könüllü şəkildə təmin etməsi təklif edilmişdir.

7. Şamaxı Rayon Məhkəməsinin 8(074)-58/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-296/2022 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Şamaxı rayonu, Dəmirçi kəndində 1.3470 ha kənd təsərrüfatlı təyinatlı əkin sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır.

8. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Borclu məxsus olan Şamaxı rayonu, Dəmirçi kəndində yerləşən 1.3470 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin açıq hərracda satışının keçirilməsi üçün təyin edilmiş ilkin hərrac baş tutmamışdır.

9. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Borclu məxsus olan Şamaxı rayonu, Dəmirçi kəndində yerləşən 1.3470 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin açıq hərracda satışının keçirilməsi üçün təyin edilmiş hərrac baş tutmadığından sözügedən əmlak tələbkara təklif edilməsi üçün yekun protokol Şamaxı rayon İcra və probasiya şöbəsinə göndərilmişdir.

10. Şamaxı rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Borclu məxsus olan Şamaxı rayonu, Dəmirçi kəndində yerləşən 1.3470 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi Şamaxı rayonu Dəmirçi Bələdiyyəsinə təklif edilmişdir. Şamaxı rayonu Dəmirçi Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə təklif edilən torpaq sahəsinin qəbul edilməsi bələdiyyə tərəfindən məqsədəuyğun hesab edilməmişdir.

11. İşdə olan “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından görünür ki, icra sənədinin icrasını təmin etmək üçün borclu X1 mülkiyyətində “**-LZ-***” qeydiyyat nişanlı, “Toyota Hılux” minik markalı avtomobil qeydiyyata alınması müəyyən edilmişdir.

12. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(074)-81/2024 nömrəli qərardadı ilə (hakim Natiq İsmayılov) təqdimat təmin edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-296/2022 nömrəli icra sənədinin icrası ilə bağlı Borclu adına qeydiyyata alınmış “**-LZ-***” qeydiyyat nişanlı, “Toyota Hılux” minik markalı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaitinin ödənilməsi təmin edilmədiyindən, bununla da icra sənədində göstərilən pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə Borclu məxsus olan “**-LZ-***” dövlət qeydiyyat nişanlı, “Toyota Hılux” minik markalı avtomobilin üzərinə həbs qoyulmalı, təqdimat təmin edilməlidir.

14. Həmin qərardaddan Borclu şikayət verərək, şikayətin təmin edilməsini və Şamaxı Rayon Məhkəməsinin 8(074)-81/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı əsassız olduğundan ləğv edilərək, Şamaxı rayon İcra və probasiya şöbəsinin ona məxsus “Toyota Hılux” minik markalı, “**-LZ-***” dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmasına dair təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

15. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(074)-81/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

16. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(1050-296/2022 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən ondan 4196.08 manat məbləğində pul alınaraq tələbkar Şamaxı rayon Dəmirçi Bələdiyyəsinin xeyirinə ödənilməlidir. Bununla əlaqədar mülkiyyətində olan 1.3470 hektar torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şamaxı rayonu Dəmirçi kəndində yerləşən 1.3470 ha torpaq sahəsi açıq hərracda satışının keçirilməsi üçün təyin edilmiş ilkin hərrac baş tutmamışdır. Ona məxsus sözügedən torpaq sahəsi tələbkar bələdiyyəyə təklif olunsa da Şamaxı rayon Dəmirçi Bələdiyyəsi bundan imtina etmişdir. Ona məxsus torpaq sahəsi yalnız bir dəfə keçirilən ilkin hərracda satılmadısa bu o demək deyil ki, onu satmaq mümkün deyildir. Sözügedən məxsus torpaq sahəsinin növbəti hərracları da keçirilə bilərdi. Əgər 1.3470 ha torpaq sahəsinin növbəti hərracı keçirilməyəcəksə, nə üçün bu daşınmaz əmlakı həbsdə qalmalıdır? yaxud bu daşınmaz əmlakının üzərinə nə üçün həbs qoyulmuşdur? Özü də həmin əmlakını sata bilər, lakin üzərinə həbs qoyulduğundan bu işi görə bilmir. Əmlakının üzərinə həbs qoyub onu satıb tələbkarın borcunu ödəməyinə maneə yaratmaqla ondan pul tələb edilməsi əsaslı deyildir. Digər tərəfdən onun bir daşınmaz əmlakının üzərinə həbs qoyub hərracın keçirilməsi davam etdirilmədiyi halda, digər əmlakının da üzərinə həbs qoyulması ona qarşı yönəlmiş qərəzli əməldir. Ona görə də, hesab edir ki, ona məxsus 1.3470 ha torpaq sahəsinin üzərinə həbs qoyulmaqla onun növbəti hərracları davam etdirilməli və bu səbəbdən ona məxsus “Toyota Hılux” minik markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin üzərinə qoyulmuş həbs qərarı ləğv edilməlidir.

b) Şikayətə qarşı etirazın dəlilləri

17. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

18. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (...)

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

19. Maddə 45. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.2. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.3. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. 45.4. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. 45.5. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 45.7-1. Tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeyd aparılmalıdır. 45.8. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir.

20. Maddə 50. Borclunun əmlakı üzərinə həbs qoyulması (...) 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

22. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

24. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

26. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləridir.

29. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir (“İcra haqqında” Qanunun 45.1-ci maddəsi).

30. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün həbs qoyulur (“İcra haqqında” Qanunun 50.2 və 50.4.1-ci maddələri).

31. Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başlayır ki, bu məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən icraata başlandıqdan sonra borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədi üzrə ödəməli olduğu borcun tələbkara ödənilməsini könüllü şəkildə təmin etməmişdir. Odur ki, icra məmurunun mövcud təqdimatlı əsaslıdır.

33. Kollegiya həmçinin qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.5-ci maddəsinə görə, üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər.

34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, borclu icra sənədini icra etmədiyindən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, şikayət təmin olunmamalı, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(074)-81/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(074)-81/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar