Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-90/2025 26.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X8 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Şabran Rayon Məhkəməsinin 8(031)-37/2025 nömrəli, 02 aprel 2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli qərardadı ilə (hakim K.Mirzəfərova) Şabran Rayon Məhkəməsinin 2(031)-88/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay tutulan 100 manat sabit pul məbləğində aliment indeksasiya edilərək Borclu X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində sabit pul məbləğində müəyyən edilməsi qərara alınmışdır. Borclu qərardaddan şikayət vermişdir. Şabran Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli qərardadı ilə Şabran Rayon Məhkəməsinin 8(031)-37/2025 nömrəli mülki işi üzrə xx.xx.2025-ci il tarixdə qəbul edilmiş qərardadından həmin iş üzrə Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Şabran Rayon Məhkəməsinin 8(031)-37/2025 nömrəli mülki işi həmin iş üzrə xx.xx.2025-ci il tarixdə qəbul edilmiş qərardadından Borclu tərəfindən verilmiş şikayət ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ X1 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barədə ərizə ilə müraciət edərək Şabran Rayon Məhkəməsinin 2(031)-88/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu tutulan hər ay bir uşağa görə tutulan cəmi 100 manat sabit pul məbləğində aliment indeksasiya edilərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq Borclu onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Şabran Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və X2 tələbinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, heç bir rəsmi iş yeri yoxdur, fərdi işlərlə (fəhləliklə) məşğul olur və aylıq qazancı təxminən 200-250 manat təşkil edir. Şabran Rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdadır. O, aylıq 100 manat aliment pulunu Aytən Həmzəyevaya güclə ödəyir. Aliment məbləği Şabran Rayon Məhkəməsinin 8(031)- 37/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən minimum əmək haqqının 0,95 misli həddində indeksləşdirildikdə ondan tutulacaq alimentin məbləği bu il üçün 380 manat təşkil edəcək ki, maddi vəziyyəti X2 tələb etdiyi aliment məbləğini ödəməyə imkan vermir. Ərizəçi qeyd edir ki, bazar qiymətləri artmışdır, cavabdehin maddi imkanı yaxşıdır və yüksək məbləğdə aliment ödəməyə qadirdir. Əgər həqiqətən belədirsə, Aytən Həmzəyeva məhkəməyə dediyini təsdiq edən sübut təqdim etməli idi. Ərizəçinin qeyd etdikləri hamısı yalandır. Hakim ərizəçinin qeyd etdiklərini araşdırmadan qərardad qəbul etmişdir. Beş minə yaxın aliment borcu yarandığına görə Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Faizlə borca pul taparaq 5000 manat pulu Aytən Həmzəyeva qaytardıqdan sonra xx.xx.2025-ci il tarixdə Şabran Rayon Məhkəməsinin qərarına əsasən cinayət məsuliyyətindən azad edilmişdir. O, aylıq maksimum 150-160 manat aliment ödəyə bilər. Şabran Rayon Məhkəməsində işə baxılarkən “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarı əsas tutulmaqla qərardad qəbul olunmuşdur. Həmin Qərarda qeyd olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsində isə qeyd olunur ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göründüyü kimi Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsində tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi məcburi şərt kimi nəzərdə tutulmamışdır. Ümumiyyətlə, Ali Məhkəmənin Plenumunun qərarları məhkəmələr üçün məcburi xarakter daşımır, sadəcə tövsiyə xarakterini özündə əks etdirir. Həmçinin Ali Məhkəmənin qərarları heç bir normativ hüquqi akta zidd ola bilməz. Şabran Rayon Məhkəməsində işə baxan hakim isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının alimentin indeksləşdirilməsinə dair hissəsini özü üçün məcburi göstəriş hesab edərək qərardad qəbul etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən ərizə təmin edilmişdir. Ərizənin təmin edilməsini aliment məbləği 2014-cü ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına və sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.95 misli həddində indeksasiya olunmaqla aliment tutulmalı olması ilə əsaslandırmışdır. İşdən görünür ki, ərizəçi Aytən Həmzəyeva ərizə ilə məhkəməyə müraciət edərək, Şabran Rayon Məhkəməsinin 2(031)-88/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Borclu tutulan hər ay bir uşağa görə tutulan cəmi 100 manat sabit pul məbləğində aliment miqdarının 2025-ci il üçün Azərbaycan Respublikası ərazisində müəyyən olunmuş minimum əmək haqqının indeksasiya olunmasını xahiş etmiş, birinci instansiya məhkəməsinin qərardadı ilə ərizənin təmin edilməsi qərara almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası uşağın saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının, həm uşağın, həm də uşağın valideynlərinin mənafeləri arasında balanslaşdırmanın zəruriliyini nəzərə alaraq hesab edir ki, ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli və onunla bağlı 25 aprel 2025ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-90/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-90/2025
26.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver