Məhkəmə qərarları › İş №8(105)-91/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-91/2023

07.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-91/2023 07.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), X5 və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, X1 ilə, Xaçmaz Rayon İcra Şöbəsinin xx.xx.2012-ci il tarixli qərarının ləğvi barədə şikayət ərizəsinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 25 iyun 2023-cu il tarixli, 8(067)- 70/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Xaçmaz Rayon Məhkəməsinin 05 iyun 2023-ci il tarixli, 8(067)-70/2023 nömrəli qərardadı ilə Borclu tərəfindən verilmiş ərizə (şikayət) və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardadda məhkəmə qeyd etmişdir ki, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edilmədiyindən və şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən geri qaytarılmışdır. Xaçmaz Rayon Məhkəməsinin 05 iyun 2023-ci il tarixli qərardadından Borclu apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 25 iyun 2023-cu il tarixli, 8(067)-70/2023 nömrəli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 8(067)70/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Borclu Xaçmaz Rayon Məhkəməsinin 25 iyun 2023-cu il tarixli qərardadından apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 13 mart 2012-ci il tarixli, 2(067)-266 saylı mülki iş üzrə icra vərəqəsi üzrə Xaçmaz Rayon İcra Şöbəsinin 12 oktyabr 2012-ci il tarixli qərarının ləğv edilməsi və icra vərəqəsinin icra olunması üçün İcra və Probasiya Şöbəsinə geri qaytarılmasını xahiş etmişdir. Ərizəçi müraciətini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon İcra Şöbəsi 12 oktyabr 2012-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi icra olunmadan məhkəməyə qaytarılması barədə qərar qəbul etmişdir. Həmin qərar əsassız və qanunsuzdur. Həmin qərardan məlumatı olmamışdır. Belə ki, Xaçmaz rayon Məhkəməsinin qərarı icra olunmamış, bu müddət ərzində dəfələrlə şikayət etsə də, baxılmamışdır. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(067)-197/2022 saylı qərardad ilə ərizəçinin müraciəti təmin olunmuş, Xaçmaz rayon İcra Şöbəsinin(İcra və Probasiya) 12 oktyabr 2012-ci il tarixli qərarının ləğv edilməsi və 13 mart 2012-ci il tarixli, 2(067)-266/2012 saylı icra vərəqəsi icra olunması üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılması qərara alınmışdır. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(067)-197/2022 saylı qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməsi barədə tərəfindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti təmin olunaraq Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(105)-24/2023 saylı qərardadı ilə Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(067)-197/2022 saylı qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, 8(067)-70/2023 saylı qərardadla yenidən iddiaçının iddiasını təmin edərək Xaçmaz rayon Məhkəməsinin 13 mart 2012-ci il tarixli, 2(067)- 266/2012 saylı icra vərəqəsinin icra olunması üçün Xaçmaz rayon İcra və Probasiya şöbəsinə qaytarılması qərara alınmışdır. Həmin qərardadla razılaşmadığına görə məhkəmənin xx.xx.2023-cü il tarixli, 8(067)-70/2023 saylı qərardadının qanunsuz və əsassız olduğunu əsas gətirərək onun ləğv edilməsi üçün ərizə ilə yenidən Xaçmaz rayon Məhkəməsinə müraciət etmişdir. Lakin əsassız olaraq, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(067)-70/2023 saylı qərardadı ilə şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edilmədiyindən və şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən geri qaytarılmışdır. Halbuki, tərəfindən həmin şikayət qanunla müəyyən edilmiş müddət ərzində verilmişdir. Yəni, həmin qərardadı xx.xx.2023-cü il tarixdə rəsmi qaydada almış və Xaçmaz rayon Məhkəməsinə həmin qərardaddan qanunda göstərilmiş müddət ərzində şikayətini yəni, xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim etmişdir. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(067)-70/2023 saylı qərardadından xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Elə həmin gün Xaçmaz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(067)-70/2023 saylı qərardadı qəbul edilərək iş geri qaytarılmışdır. Əsas olaraq, “05 iyun 2023-cü il tarixli, 8(067)-70/2023 saylı qərardadı ilə razılaşmayan Borclu şikayətini elektron qaydada məhkəməyə ünvanlasa da, qərardaddan şikayət məhkəməyə verilərkən mülki prosessual qanunvericiliyin tələblərinin pozulduğu əsas gətirilmiş və həmin qərardadda şikayətin ona əlavə edilmiş sənədlərlə geri qaytarılması qeyd olunsa da, sənədlər təqdim edilməmişdir. Bir sözlə, hakim əsassız qərardad qəbul etmişdir. Elə buna görə də, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(067)-70/2023 saylı qərardadını əsassız hesab edir. Qərardadın surəti rəsmi olaraq xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur. Hesab edir ki, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(067)-70/2023 saylı qərardadı qanuna ziddir, ləğv edilməlidir. Xaçmaz Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 8(067)-70/2023 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Vüsalə Qasımova) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 357.1. maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 10-1.1. maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 363.1.5.maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Belə ki, iş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadını Borclu xx.xx.2023-cü il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edərək rəsmi qaydada almış, həmin qərardaddan ərizə(şikayət) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə deyil, kağız daşıyıcıda xx.xx.2023-cü il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 05 iyun 2023-ci il tarixli, 8(067)-70/2023 nömrəli qərardadı ilə Borclu tərəfindən verilmiş ərizə (şikayət) “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edilmədiyindən və qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən geri qaytarılmışdır. Xaçmaz Rayon Məhkəməsinin 05 iyun 2023-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət məhkəmənin 25 iyun 2023-cu il tarixli qərardadı ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 397.2, 398.0.1, 400-üi maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 25 iyun 2023-cu il tarixli, 8(067)-70/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar