Məhkəmə qərarları › İş №8(105)-92/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-92/2021

26.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-92/2021 26.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3 iştirakı ilə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2014-cü il tarixli, 2(105)- 239/2013 saylı icra vərəqəsinin icrası ilə əlaqədar Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmuru Vidadi Dadaşovun icra vərəqəsi üzrə izah verilməsinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Tələbkar Şahbala oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlər Borclu və X1 4925 ABŞ dolları məbləğində pulun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 09 aprel 2012-ci il tarixli, 2(067)-333/2012 saylı qətnaməsi ilə 3850 ABŞ dolları məbləğində pulun və 20 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X1 alınaraq iddiaçı Tələbkar Şahbala oğluna qaytarılmış və iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2014-cü il tarixli, 2(105)- 239/2013 saylı qətnaməsi ilə cavabdeh X2 təəfindən verilmi apelyasiya şikayəti təmin edilib, Xaçmaz Rayon Məhkəməsinin 09 aprel 2012-ci il tarixli, 2(067)-333/2012 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi, Borclu Tələbkar Şahbala oğlunun xeyrinə 3850 ABŞ dolları və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə 25 iyul 2014-cü il tarixdə qanuni qüvvəsini almış və icra olunması üçün Xaçmaz rayonu üzrə İcra və probasiya şöbəsinə göndərilmişdir. Xaçmaz rayonu üzrə İcra və probasiya şöbəsinin 07 avqust 2014-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2014-cü il tarixli, 2(105)-239/2013 saylı icra vərəqəsi üzrə icra tədbirlənə başlanılmış və Borclu tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə 07 avqust 2014-cü il tarixdə bildiriş göndərilmişdir. Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmuru Vidadi Dadaşov 07 aprel 2021-ci il tarixdə məhkəməyə müraciət edərək Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2014-cü il tarixli, 2(105)-239/2013 saylı icra vərəqəsinə izah verilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, sözegedən qətnamə ilə Borclu Tələbkar Şahbala oğlunun xeyrinə 3850 ABŞ dolları və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması müəyyən edilmişdir. İcra sənədinin icra edilməsi zamanı 3850 ABŞ dolları məbləğində pulun Azərbaycan manatına məzənnə nisbəti ilə göstərilməmişdir. Verilmiş ərizə əsasında işin hallarını araşdıran məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası MPM-nin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Azərbaycan Respublikası MPM-nin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Məhkəmə kollegiyası ərizənin tələblərini iş üzrə məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə birlikdə araşdıraraq hesab edir ki, qətnamənin nəticəvi hissəsində göstərilmiş tələb əsasında icra sənədinə izah verilməsi zəruriti vardır. Məhkəmə kollegiyası qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə pul tələbinin ABŞ dolları ilə ödənilməsinin üsulunu araşdıraraq nəzərə alır ki, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan Borclu Tələbkar Şahbala oğlunun xeyrinə 3850 ABŞ dolları pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndin əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalııdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2014-cü il tarixli, 2(105)-239/2013 saylı qətnaməsi üzrə Borclu Tələbkar Şahbala oğlunun xeyrinə 3850 ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla icra olunsun kimi başa düşülməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmuru Vidadi Dadaşovun icra vərəqəsi üzrə izah verilməsinə dair ərizəsi təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2014-cü il tarixli, 2(105)- 239/2013 saylı qətnaməsi üzrə Borclu Tələbkar Şahbala oğlunun xeyrinə 3850 ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla icra olunsun kimi başa düşülsün. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar