Məhkəmə qərarları › İş №8(105)-92/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-92/2024

31.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-92/2024 31.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X13 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 “İcraatın dayandırılması haqqında” 29 mart 2024-cü il tarixli qərarının ləğv olunması barədə şikayətin təmin edilməməsi haqqında Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-180/2024 nömrəli qərardadından tələbkar "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X12 tərəfindən 29 mart 2024cü il tarixdə Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 2(006)- 2091/2014 saylı icra sənədi üzrə icraatın dayandırılması haqqında qərar qəbul edilmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Quba Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Quba rayonu İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 11/xx-xx-1443 saylı Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh Borclu MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 02SF saylı kredit müqaviləsinə əsasən 1 980 000 (bir milyon doqquz yüz səksən min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq X11 məxsus Quba rayonu, Aşağı-Xuc kəndində yerləşən 4 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 3784.2 kv.m. olan əmlak kompleksi ipoteka müqaviləsi əsasında bank qarşısında yüklü edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-2091/2014 saylı qətnaməsi ilə “Bakuba’’ MMC-dən cəmi 1 558 414 manat 52 qəpik məbləğində kredit borcu və 20 manat dövlət rüsumunun tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş borclu X7 xüsusi mülkiyyətində olan Quba şəhəri, 22-ci məhəllədə istifadədə olan 0.02023 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, qeyri yaşayış binasına və X8 xüsusi mülkiyyətində olan Quba rayonu, Aşağı Xuc kəndində yerləşən ümumi torpaq sahəsi 4 ha olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi qət edilmişdir. Lakin sonradan X8 müxtəlif iddia ərizələri ilə məhkəmələrdə iddia qaldıraraq sözügedən qətnamənin icrasının süni şəkildə qarşısını almışdır. Həmin iddia ərizələri üzrə məhkəmələrdə yekun qərar qəbul edilənədək iş geri götürülmüş və ya baxılmamış saxlanılmışdır. İlk öncə X14 2014-cü ilin dekabr ayında Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-20/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin hissə-hissə 2 il müddətinə icra edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin ərizə təmin edilməmişdir. Bundan sonra, yəni 2015-ci ildə iddiaçı qismində X14 cavadeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, "ipotekaya xitam” edilməsini xahiş etmiş, lakin xx.xx.2015-ci il tarixli, 2(006)-5240/2015 saylı Nəsimi Rayon Məhkəməsinin qərardadı ilə baxılmamış saxlanılmışdır. Daha sonra, yəni 2017-ci ildə iddiaçı qismində X14 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, yuxarıda qeyd edilən ipoteka predmetinə dair keçirilmiş qiymətləndirmə hesabatının etibarsız hesab edilərək, yenidən ekspertiza keçirilməklə qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, qeyd edilən iş baxılmamış saxlanılmışdır. Eyni ildə, yəni 2017-ci ildə X8 həyat yoldaşı X9 iddiaçı qismində cavabdehlər "xxxx" ASC, Quba rayon Notariat Kontoruna və müstəqil tələb irəli sürməyən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, yüklülük çıxarışının ləğv edilməsi və əmlakın yüklülükdən azad edilməsini xahiş etmiş, həmin iddia tələbləri təmin edilməmişdir. İddiaçı qismində X14 xx.xx.2021-ci il tarixdə Quba Rayon Məhkəməsinə müraciət edərək, Quba rayon İcra və Probasiya Şöbəsi və qeyrilərinə qarşı “qiymətləndirmə və və hərracın nəticələrinin etibarsız hesab edilməsi”, həmçinin Quba regional “Asan Xidmət” Mərkəzi Notariat Kontoru, Quba rayon İcra və Probasiya Şöbəsi və qeyrilərinə qarşı “hərracların keçirilməsinin qanuna zidd hesab edilməklə, ipoteka müqaviləsinə xitam verilməsi və əmlakın ipotekadan azad edilməsi” tələblərini irəli sürmüşdür. Quba Rayon Məhkəməsinin 2(027)-131/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə tərəflər məhkəmə iclasında iştirak etmədikləri səbəbindən məhkəmə işi baxılmamış saxlanılmışdır. Hazırda yenə də X14 cavabdeh LPO "xxxx" ASC-yə qarşı xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Quba rayonu, Aşağı-Xuc kəndində 4 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3784.2 kv.m olan, əmlak kompleksi üzərində qeydə alınmış ipoteka yüklülüyünə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, 2014-cü il tarixdə qəbul edilmiş və qanuni qüvvəsini almış xx.xx.2014-cü il tarixli, 2(006)-20/2014 saylı qətnamənin icra edilməsinin qarşısının almaq məqsədilə X14 tərəfindən müxtəlif vaxtlarda iddia tələbləri ilə müxtəlif məhkəmələrə müraciət edilmiş, həmin müraciətlər əsasında hərracın keçirilməsi dayandırılmış, dayandırıldıqdan sonra iş geri götürülmüş və ya baxılmamış saxlanılmışdır. Həmin əmlakın bugünədək X14 tərəfindən istifadə edilməsinə və həmin əmlakdan gəlir əldə edilməsinə baxmayaraq, xx.xx.2014-cü il tarixli, 2(006)- 20/2014 saylı qətnamənin icra edilməsindən qəsdən yayınmaqdadır. Həmin qətnamə üzrə tutulma olan vəsait X4 vəsaiti hesabına verilən kredit olduğundan, həmin vəsaitin LPO Banka ödənildiyi təqdirdə LPO Bank tərəfindən X5 geri qaytarılacaqdır. Yəni sözügedən vəsait dövlətə qaytarılmalı olan vəsaitdir. Hazırda X1 ipoteka predmeti olan əmlak komleksində meyvə-tərəvəzlər saxlamaqdadır və daimi olaraq həmin mallar dövriyyə edir. Əmlak komleksinin soyuducusunda üçüncü şəxslərə məxsus mallar olduğundan oranın boşaldılması hər dəfə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-20/2014 saylı qətnaməsinin icra olunmasına mane olmaqdadır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)- 2091/2014 saylı qətnaməsi üzrə çıxarılmış icra sənədi xx.xx.2015-ci il tarixində Quba rayonu İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. İş üzrə borclu X14 tərəfindən Quba rayon İcra və Probasiya şöbəsinə müraciət olunaraq icra sənədi üzrə icraatın dayandırılması xahiş edilmişdir. Bununla əlaqədar olaraq Quba rayonu İcra və probasiya şöbəsi tərəfindən X8 “İpotekaya xitam verilməsi” tələbinə dair iddia tələbi üzrə Bakı Kommersiya Məhkəməsinin icraatında məhkəmə işi olduğundan “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.6-cı və 85-ci maddələrini rəhbər tutaraq Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)- 2091/2014 saylı icra sənədi üzrə icraatın dayandırılması barədə xx.xx.2024-cü il tarixli, 11/xx-xx-1443 saylı Qərar qəbul etmişdir. Hesab edilir ki, həmin qərar qanunvericiliyin tələblərinə uyğun olmayaraq, əsassız qəbul edilmişdir. Belə ki, X14 tərəfindən qaldırılmış iddia tələbi əmlakın həbsdən azad edilməsi barədə yox, məhz “ipotekaya xitam verilməsi” tələbinə dairdir. Buradan da göründüyü kimi “ipotekaya xitam verilməsi” barədə məhkəməyə iddia qaldırıldıqda icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılmasına heç bir əsas yoxdur. Bununla da icra məmuru tərəfindən qəbul edilmiş qərarın heç bir hüquqi əsası yoxdur. Həmin icra sənədi üzrə icraat dayandırılan zaman ipoteka saxlayanın, yəni bankın razılığı da alınmalı olduğu halda alınmamış, bununla da ipoteka saxlayanın hüquqları pozulmuşdur. Bununla bağlı həmçinin məhkəmənin diqqətinə çatdırılır ki, bundan əvvəl Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-20/2014 saylı qətnaməsi ilə hazırki iş üzrə cavabdeh Borclu MMC-dən 1558414,52 manat məbləğində pulun tutulması və sözügedən əmlak kompleksinin ilkin satış qiymətinin ******* manat dəyərində müəyyən edilməklə açıq hərracdan satılması qət edilmişdir. 2014-cü il tarixdən bugünədək, yəni 10 ildir X14 həmin əmlakdan istifadə edir, gəlir əldə edir amma qəbul edilmiş 2014-cü il tarixli qətnaməni icra etmir, daha doğrusu icra olunmasının qarşısını süni şəkildə alır. Bu səbəbdən icra sənədi üzrə icraatın dayandırılması bundan sonra da X14 tərəfindən yüksək rahatlıq səviyyəsində həmin əmlakdan istifadəsinə göz yumulması, qanuni qüvvəyə minmiş qətnamənin onun tərəfindən icra edilməməsinə şəraitin yaradılmasına bərabər hesab edilməlidir. İpoteka saxlayan olaraq LPO Bankın sözügedən əmlak kompleksi üzərində məhdud əşya hüquqları mövcuddur. Həmin əmlak kompleksi cavabdeh Borclu MMC-nin kredit müqaviləsi üzrə borcunun təminatı olmaqla yanaşı Borclu MMC-nin təsisçisi X11 məxsusdur, X14 həmin əmlak kompleksindən 10 ildir istifadə edərək gəlir əldə edir, bu müddət ərzində ümumilikdə 20000 manat ödəniş etmişdir, əmlakın açıq hərracdan satılmasının 10 ildir müxtəlif iddialar verərək qarşısını alır. İcra məmuru tərəfindən isə yuxarıda göstərilən səbəblərdən heç bir tədbir görülə bilmir, cavabdeh tərəfindən banka qarşı əsassız iddialar qaldırılmağa davam etdiyi üçün icra prosesi hər dəfə dayandırılır, həmin əmlak açıq hərraca çıxarılaraq satıla bilmir. Borcludan tutulmalı olan vəsait X4 vəsaiti hesabına verilən kredit olduğundan, həmin vəsaitin LPO Banka ödənildiyi təqdirdə LPO Bank tərəfindən X5 geri qaytarılacaqdır. Yəni sözügedən vəsait dövlətə qaytarılmalı olan vəsaitdir. Odur ki, Quba rayonu İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 11/xx-xx- 1443 saylı Qərarı ləğv edilməlidir. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-180/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi qərara alınmışdır (hakim Vüqar Seyidov). Ləğv prosesində olan "xxxx" ASC Quba Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 8(027)-180/2024 saylı qərardadının ləğv edilməsi, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 “icraatın dayandırılması haqqında” 29 mart 2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən Qərarda icra məmuru “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.6-cı maddəsinə əsaslanmışdır. Həmin maddənin tələbinə əsasən icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. X14 tərəfindən qaldırılmış iddia tələbi isə əmlakın həbsdən azad edilməsi barədə yox, məhz “ipotekaya xitam verilməsi” tələbinə dairdir. Buradan da göründüyü kimi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda “ipotekaya xitam verilməsi” barədə məhkəməyə iddia qaldırıldıqda icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılmasına heç bir əsas yoxdur. Bununla da icra məmuru tərəfindən qəbul edilmiş qərarın heç bir hüquqi əsası yoxdur. Həmin Qanunun 21.7-ci maddəsində isə göstərilir ki,ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrası üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Həmin maddənin tələbindən də göründüyü kimi həmin icra sənədi üzrə icraat dayandırılan zaman ipoteka saxlayanın, yəni bankın razılığı da alınmalı olduğu halda alınmamış, bununla da ipoteka saxlayanın hüquqları pozulmuşdur. Bundan əvvəl Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli, 2(006)-20/2014 saylı qətnaməsi ilə hazırki iş üzrə cavabdeh Borclu MMC-dən 1.558.414,52 manat məbləğində pulun tutulması və sözügedən əmlak kompleksinin ilkin satış qiymətinin 3.900.000 manat dəyərində müəyyən edilməklə açıq hərracdan satılması qət edilmişdir. 2014-cü il tarixdən bugünədək, yəni 10 ildir X14 həmin əmlakdan istifadə edir, gəlir əldə edir amma qəbul edilmiş 2014-cü il tarixli qətnaməni icra etmir, daha doğrusu icra olunmasının qarşısını suni şəkildə alır. Bu səbəbdən icra sənədi üzrə icraatın dayandırılması bundan sonra da X14 tərəfindən yüksək rahatlıq səviyyəsində həmin əmlakdan istifadəsinə göz yumulması, qanuni qüvvəyə minmiş qətnamənin onun tərəfindən icra edilməməsinə şəraitin yaradılmasına bərabər hesab edilməlidir. Bununla yanaşı Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci tarixli qərarında da qeyd edilmişdir ki, Mülki Məcəllənin 269-cu maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüququnun məhdudlaşdırılmasıdır. Göründüyü kimi, ipoteka saxlayan olaraq LPO Bankın sözügedən əmlak kompleksi üzərində məhdud əşya hüquqları mövcuddur. Həmin əmlak kompleksi cavabdeh Borclu MMC-nin kredit müqaviləsi üzrə borcunun təminatı olmaqla yanaşı Borclu MMC-nin təsisçisi X11 məxsusdur, X14 həmin əmlak kompleksindən 10 ildir istifadə edərək gəlir əldə edir, bu müddət ərzində ümumilikdə 20.000 manat ödəniş etmişdir, əmlakın açıq hərracdan satılmasının 10 ildir müxtəlif iddialar verərək qarşısını alır. İcra məmuru tərəfindən isə yuxarıda göstərilən səbəblərdən heç bir tədbir görülə bilmir, cavabdeh tərəfindən banka qarşı əsassız iddialar qaldırılmağa davam etdiyi üçün icra prosesi hər dəfə dayandırılır, həmin əmlak açıq hərraca çıxarılaraq satıla bilmir. Borcludan tutulmalı olan vəsait X4 vəsaiti hesabına verilən kredit olduğundan, həmin vəsaitin LPO Banka ödənildiyi təqdirdə LPO Bank tərəfindən X5 geri qaytarılacaqdır. Yəni sözügedən vəsait dövlətə qaytarılmalı olan vəsaitdir. Yuxarıda qeyd edilənlərdən başqa Ali Məhkəmənin xx.xx.2014cü il tarixli, 2(102)-1680/2014 saylı qərarı ilə "xxxx" MMC-dən və onun təsisçisi və direktoru olan X6 hazırda ləğv prosesində olan "xxxx" ASC-nin (LPO "xxxx" ASC Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan banklardandır) xeyrinə 3.333.017 ABŞ dolları məbləğində vəsaitin 1 (bir) ay ərzində ödənilməsi barədə barışıq sazişi təsdiq edilmişdir. Həmin öhdəlik göstərilən müddət ərzində yerinə yetirilmədiyindən icra vərəqəsi verilmiş və həmin icra vərəqəsi xx.xx.2014-cü il tarixli, 2(006)-2091/2014 saylı icra vərəqəsi ilə bir icraatda birləşdirilmişdir. Hazırda icra sənədi üzrə icraatın dayandırılması LPO "xxxx" ASCnin tələbləri ilə yanaşı digər şəxslər, yəni LPO "xxxx" ASC ilə "xxxx" MMC və onun təsisçisi və direktoru olan X14 arasında icraatın dayandırılmasına da səbəb olmuşdur. Halbuki həmin iş üzrə sözügedən əmlak ipoteka predmeti deyil və belə olan halda ipoteka predmetinin mübahisələndirilməsi həmin iş üzrə icra icraatının dayandırılmasına əsas ola bilməz. İcra icraatının dayandırılması məsələsi məhkəmə tərəfindən tam araşdırılmamış, LPO "xxxx" ASC ilə "xxxx" MMC və X14 arasında icra işinin dayandırılmasına səbəb olmadığı halda dayandırılmasına məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Qeyd edilənlərlə yanaşı diqqətinizə çatdırırıq ki, əsassız olaraq icra icraatının dayandırılması ümumi ləğvetmə prosessinin ləngiməsinə, LPO Bankların kreditorları qarşısında öhdəliklərinin vaxtında icra edilməməsinə, vətəndaşların depozitlərinin vaxtında qaytarılmamasına və eyni zamanda LPO X17, SİF və digər dövlət qurumları qarşısında öhdəliklərinin vaxtında icra edilməməsinə səbəb olur. Odur ki, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-180/2024 saylı Qərardadı ləğv edilməlidir. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-180/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 “İcraatın dayandırılması haqqında” 29 mart 2024-cü il tarixli qərarının ləğv olunması barədə şikayəti təmin edilməli, icra məmurunun qeyd edilən qərarı əsassız olduğundan ləğv edilməli və icra tədbirlərinin davam etdirilməsi üçün qərardad icra qurumuna göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2091/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 “icraatın dayandırılması haqqında” 29 mart 2024-cü tarixli qərarı qanuni və əsaslı olduğundan, tələbkar tərəfindən həmin qərarın ləğv edilməsi üçün heç bir əsas gətirilmədiyindən şikayət təmin edilməməlidir. İş materiallarında olan: Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-139/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdehlər "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Quba rayon Notariat Kontoruna və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürə bilməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi idarəsinə qarşı 02-4 saylı, 25 iyul 2012-ci il tarixli ipoteka müqaviləsinin və xx.xx.2012-ci il tarixli əlavənin etibarsız hesab edilməsi, DƏDRX tərəfindən verilmiş RX ******* seriyalı yüklülük çıxarışının ləğv edilməsi və əmlakının yüklülükdən azad edilməsi tələbinə dair iddiası təmin olunmamışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)- 131/2022 saylı qərardadından görünür ki, iddiaçı X8 cavabdehlər Quba rayon İcra və probasiya Şöbəsi və "xxxx" MMC-nə qarşı, üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi olmaqla “qiymətləndirmə və hərracın nəticələrinin etibarsız hesab edilməsi" tələbinə dair və iddiaçı X8 cavabdehlər Quba regional “ASAN Xidmət” Mərkəzi Notariat Kontoru, Quba rayon İcra və probasiya Şöbəsi, "xxxx" MMC, "xxxx" MMC və ləğv prosesində olan "xxxx" ASC-nə qarşı, maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi olmaqla “hərracların keçirilməsinin qanuna zidd hesab edilməklə, ipoteka müqaviləsinə xitam verilməsi və əmlakın ipotekadan azad edilməsi” tələbinə dair iddia ərizələri baxılmamış saxlanılmışdır. Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 “İcraatın dayandırılması haqqında” 29 mart 2024-cü il tarixli qərarı ilə icra məmuru Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-2091/2014 saylı icra sənədi üzrə icra sənədinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.6-cı və 85-ci maddələrinə əsasən icraatın dayandırılmasını qərara almışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq əvvəla qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. Göstərilən daxili və beynəlxalq hüquq normalarının mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurizdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. “İcra haqqında” Qanunun 21.6-cı maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən: 21.1. Bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. 21.2. Bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. 21.3. Məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. 21.4. İcraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər. 21.5. İcra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qəbul edilmiş qərarın surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 21.6. Tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. 21.7. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrası üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. 21.8. Dayandırılmış icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.5-ci maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Şikayətin dəlillərini əsaslı hesab edən apellyasiya kollegiyası sadalanan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, işdən aydın olduğu kimi 2014-cü il tarixdə qəbul edilmiş və qanuni qüvvəsini almış Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-20/2014 saylı qətnamə bu günədək icra olunmamışdır. İcra məmuru sözügedən qərarını icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılmasına dair norma ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd olunan hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, hazırkı halda icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verilməsi icra tədbirlərinin dayandırılması əsası kimi çıxış etmir. Belə ki, irəli sürülmüş iddia tələbi icra sənədi üzrə tələbin yönəldiyi əmlakın həbsdən azad olunması yox, ipotekaya xitam verilməsi ilə bağlıdır. Kolegiya həmçinin qeyd edir ki, yuxarıda qeyd olunan “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.7-ci maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.5-ci maddəsinin məzmunundan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrası üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Odur ki, Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 “İcraatın dayandırılması haqqında” 29 mart 2024-cü il tarixli qərarının ləğv olunması barədə şikayətin təmin edilməməsi haqqında Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-180/2024 nömrəli qərardadından tələbkar "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-180/2024 nömrəli qərardadı ləğv edilsin. Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 “İcraatın dayandırılması haqqında” 29 mart 2024-cü il tarixli qərarı ləğv edilsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-2091/2014 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar