Məhkəmə qərarları › İş №8(105)-92/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-92/2025

26.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-92/2025 26.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X13 və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, X3 tərəfindən verilmiş ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəyə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-250/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında iclasında baxaraq MÜƏYYƏNETDİ: X3 ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli, 2(060)-7201/2018 saylı qətnaməsi ilə borclu Cavabdeh 10 sentyabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş aliment məbləğinin indeksasiyanı aparmaqla borcludan tutulmalı olan alimentin minumum əmək haqqı məbləğinin (400 manatın) 0,74 misli məbləğində (296 manat) müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli, 2(060)-7201/2018 saylı qətnaməsi ilə onun borclu Cavabdeh qarşı nikahın pozulması və sabit pul məbləğində alimentin ödənilməsi tələbinə dair iddiası təmin edilməklə ondan 10 sentyabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamədən sonra respublika üzrə bir uşağın saxlanılması minimumunda artımlar olmuş, məhkəmə qətnaməsi ilə qət edilmiş aliment uşağın maddi tələbatlarını qətiyyən ödəmir, o, uşağın maddi təminatında əziyyət çəkir. Buna görə də ərizəsinin təmin edilməsini xahiş edir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-250/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Aynur Behbudova) ərizə təmin edilmiş, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (154:130=1.18) 1,18 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2017-ci il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixli qətnamə ilə qət edilmiş sabit pul məbləğində tutulan alimentin miqdarının 1 yanvar 2018-ci ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi (154:130=1.18) nəzərə alınmaqla hesablanmalıdır. Borclu Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-250/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayət ərizəsi verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi ərizəsini əsaslandırmaq üçün “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına istinad etmişdir. Həmin qərar öz-özlüyündə ədalətli qərar olsa da həmin qərarı hazırkı işə tətbiq etmək həddindən artıq ədalətsiz vəziyyət yaratmışdır. Belə ki, həmin qərarı ərizəçi ilə olan aliment münasibətlərinə tətbiq edilməsi onun hər ay iddiaçıya 472 manat (400X1,18=472) alimet verməli olmağı deməkdir. Halbuki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən halhazırda uşaqların saxlanması üçün nəzərdə tutulmuş yaşayış minimumu bundan xeyli az–cəmi 246 manat məbləğindədir. Elə minimim əmək haqqı da 472 manatdan azdır. Məhkəmənin mövqeyindən belə aydın olur ki, o, işləməyə başlasa və minimum əmək haqqı alsa, maaşının üzərinə əlavə pul qoyaraq iddiaçıya pul ödəməlidir. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki, 1949-cu il təvəllüdlü qoca anasına baxır, hal-hazırda işləmir və alimentin əvvəlki məbləğini – 154 manatını da anasının pensiyası ilə ödəyir. Yaşadığı kənddə normal gəlirli iş tapa bilmir, işləmək üçün isə başqa yerə getmək imkanından məhrumdur. Belə ki, Ucar Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 1(063)- 60/2022 nömrəli hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri оlаn Ucar rayonu, Bağman kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək vəzifəsi qoyulmuşdur. Yuxarıda göstərilənlərə əsasən də hesab edir ki, məhkəmə qeyd edilən qərarın hazırki işə tətbiq edilməsinin açıq-aydın ədalətsiz olmasını görməli və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarının tövsiyyəedici mahiyyət daşıdığını əsas gətirərək, həmin qərarı hazırki işə tətbiq etməməli idi. Çünki, ərizəçi qeyd edilən qərarla ona verilən mülki hüquqdan açıq-aşkar sui-istifadə edilməyə çalışmış, məhkəmə isə buna şərait yaratmaqla qeyd edilən maddi hüquq normasının tələblərinə göz yummuşdur. X3 ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli, 2(060)7201/2018 saylı qətnaməsi ilə borcludan 10 sentyabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş aliment məbləğinin indeksasiyanı aparmaqla borcludan tutulmalı olan alimentin minumum əmək haqqı məbləğinin (400 manatın) 0,74 misli məbləğində (296 manat) müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yəni, ərizəçinin ondan tələb etdiyi məbləğ minumum əmək haqqının, yəni 400 manatın 0,74 misli, yəni 296 manatdır. Məhkəmə isə ondan minimum əmək haqqının, yəni 400 manatın 1,18 misli həddində, yəni 472 manat məbləğində alimentin tutulmasını qərara almışdır. Hesab edir ki, məhkəmə bununla ərizədəki tələbdən kənara çıxmış, beləliklə də ədalət mühakiməsinin çəkişmə prinsipini və qeyd edilən prosessual hüquq normasının tələblərini pozmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-250/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-250/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-7201/2018 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ilə X10 arasında Sumqayıt Asan Xidmət mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə bağlanmış, 338 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər anası X5 yanında qalması, 10 sentyabr 2018-ci il tarixdən etibarən xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 154 (yüz əlli dörd) manat miqdarında aliment, hüquqi yardıma görə 50 (əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun 18 (on səkkiz) manatının Cavabdeh tutularaq X7 verilməsi, qətnamənin aliment hissəssinin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. AZ-T seriyalı, 248660 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 10 sentyabr 2018-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə X8r. Sumqayıt ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 sentyabr 2019-cu il tarixli, AZ-İİ seriyalı, 360504 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 arasında 23 sentyabr 2019-cu il tarixdə nikah bağlanmışdır. Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2017-ci il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndi: Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4- 1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.41-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Hazırki işdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-7201/2018 saylı qətnaməsi ilə alimentin məbləği 154 manat müəyyən edilərkən minimum aylıq əməkhaqqının məbləği 130 manat olmuşdur. Yuxarıda istinad olunan qanunvericilik normaların və Ali Məhkəməinin Plenum qərarında əsasən sadə riyazi hesablama aparıldıqda indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 1.18 (154:130=1.18) həddində müəyyən edilmiş olur. Belə olan halda birinci instansiya məhkəməsinin gəlidiyi nəticə əsaslı hesab olunur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qərar qəbul edilən zaman prosessual hüquq normalarının pozulması müəyyən olunmur. Buna görə də şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 250/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin tələbdən kənara çıxması ilə bağlı şikayətin dəlilinə münasibətdə isə qeyd edir ki, alimentin indeksasiyası minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun aparılır ki, bu zaman ərizəçinin alimentin indeksasiyasını hansı həddə tələb etməsi əhəmiyyət kəsb etməməklə, yalnız ərizəçinin aliment məbləğini indeksasiya edilməsini tələb etməsi kifayət edir. Buna görə də birinci instansiya məhkəməsinin ərizəçinin xahişinə görə deyil, minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun olaraq aliment məbləğini indeksasiya etməsi əsaslı hesab olunmaqla, tələbdən kənara çıxma hesab olunmur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vaxtadək uşaq üçün 154 manat aliment ödəmiş borclunun həmin öhdəliyinin birdən-birə hazırki minimum əmək haqqının 1,18 misli həddində artırılması onun vəziyyətinin həddən artıq ağırlaşacağına, qeyri-mütənasib dərəcədə yüklənməsinə səbəb olacağı təqdirdə alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-250/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar