Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-93/2021 28.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, X12 Babacan qızının nümayəndəsi X4, borclu Sumqayıt şəhəri “Lift-Servis” Birliyinin nümayəndəsi və vəkili X1, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 8(060)-117/2021 saylı qərardadından borclu Sumqayıt şəhəri “Lift-Servis” Birliyinin və Sumqayıt şəhəri üzrə İcra idarəsinin şikayətlərinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 8(060)-117/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Aynur Behbudova) X12 Babacan qızının Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayəti təmin edilmiş, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.09.2019-cu il tarixli, 2(105)- 3233 nömrəli icra sənədi üzrə icraata xitam verilməsinə dair 01.07.2020-ci il tarixli qərarı ləğv edilmiş, qanunvericiliyin tələblərinə uyğun olaraq icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmış, borclu və Sumqayıt şəhəri üzrə İcra idarəsi qərardaddan şikayətlər vermişlər. İŞİN HALLARİ: İş materiallarından görünür ki, X12 Babacan qızı şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmurunun Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.09.2019-cu il tarixli, 2(105)-3233 nömrəli icra sənədi üzrə icraata xitam verilməsinə dair 01.07.2020-ci il tarixli qərarının, saxta aktın ləğv edilməsi, qanunvericiliyin tələblərinə uyğun olaraq icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi və işə bərpa edilməyi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTLƏRİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Borclu şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə gəldiyi nəticədə iş materiallarına və məhkəmədə araşdırılmış sübutlara istinad etməmişdir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3233/2019 saylı, 16.09.2019-cu il tarixli qətnaməsi ilə Rzayeva Zivər Babacan qızı Sumqayıt şəhəri Cavabdehnə əvvəlki vəzifəsinə 03.06.2020-ci il tarixli əmrə əsasən bərpa olunmuş və ona tövsiyyə olunmuşdur ki, 04.06.2020-ci il tarixdə işinə çıxsın. Zivər Rzayevanın iş yerinə yaşadığı binadakı lift daxildir, yəni Zivər Rzayeva mənzilindən çıxdığı anda iş yerində olur. Məhkəmə qətnaməsi ölkədə baş verən epidemiya ilə bağlı bir müddət icra olunmamış, lakin epidemiya ilə bağlı müəyyən tədbirlərin yüngülləşdirilməsi ilə bağlı məhkəmə qətnaməsi icra olunmuşdur. Məhkəmə qətnaməsinin icrası ilə bağlı 03.06.2020-ci il tarixdə X11 və Ramil adlı icraçılar Zivər Rzayeva ilə birlikdə Cavabdehnə gəlmişlər. Həmin gün Zivər Rzayevanın məhkəmə qətnaməsinə əsasən əvvəlki işinə bərpa olunması və əmək haqqının ödənilməsi barədə əmr tərtib edilmişdir. Əmr tərtib edildikdən sonra icra məmurları və Zivər Rzayeva Cavabdeh rəhbərinin iş otağına gəldikdə orada hamının eşidə biləcəyi formada elan olunmuş və Zivər Rzayevaya 04.06.2020-ci il tarixdə işə çıxmağı tövsiyyə olunmuşdur. Əmr elan olunduqdan sonra Zivər Rzayevaya əmək kitabçasının Cavabdehnə təqdim olunması təklif edilmişdir. İdarənin maliyyə vəziyyəti ağır olduğundan ödənilməli olan əmək haqqının hissə-hissə icra olunması Zivər Rzayevaya təklif olunmuşdur. Zivər Rzayeva bir neçə gündən sonra Cavabdehnə gələrək əmək haqqı ödənilməzsə, işə çıxmayacağını bildirmiş, eyni tələblə Sumqayıt şəhəri üzrə İcra idarəsinə də müraciət etmişdir. Zivər Rzayevaya 08.06.2020-ci il tarixdə poçt vasitəsilə işə bərpa olunması barədə rəsmi məlumat verilmiş, eyni zamanda şəxsiyyət vəsiqəsinin surətini və əmək kitabçasının əslinin Cavabdehnə təqdim etməyi təklif olunmuşdur. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Zivər Rzayevaya bildiriş göndərilsə də, bildirişin poçt vasitəsi ilə göndərilməsi barədə sənəd məhkəməyə təqdim olunmamışdır. Həmin sənədi almasını Zivər Rzayeva qəbul edib məhkəmədə göstərmişdir ki, bildirişi aldıqdan sonra izahat yazaraq poçt vasitəsi ilə idarənin rəisinə göndərmişdir. Məhkəmə iclası zamanı Zivər Rzayeva 30.06.2020-ci il tarixdə əmək haqqını aldığını bildirmişdir. Bundan başqa, həmin gün poçt vasitəsi ilə Zivər Rzayevaya yeni bildiriş göndərilmişdir. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Zivər Rzayeva məhkəmə qətnaməsinin icrası ilə bağlı məcburi iş buraxmaya görə əmək haqqını 25.06.2020-ci il tarixdə almışdır. 30.06.2020-ci il tarixdə isə işə çıxması barədə bildirişi yenidən poçt vasitəsi ilə almışdır. Məhkəmə qətnaməsi tam icra olunmuşdur. Sadəcə olaraq Zivər Rzayeva işə çıxmaq əvəzinə, yenidən məhkəmə mübahisələrinə qatılmaqla işləmədiyinə görə əmək haqqı almaq istəyir. Məhkəmə Zivər Rzayeva barəsində 2 müxtəlif əmrin olması baxımından əmrləri ləğv edib işə bərpa etmişdir. 2016-cı ilin aprel ayında qısa müddət işlədikdən sonra Zivər Rzayevanın işdən çıxarılması barədə birliyin müdiriyyəti həmkarlar təşkilatına təqdimat göndərmişdir. Lakin həmin təqdimat onun qısa müddət ərzində işlədiyi əsas götürülərək təmin olunmamışdır. Zivər Rzayeva işə ehtiyacı olduğunu, oğlunun İİİ qrup əlil, ərinin xəstə olduğunu göstərir. İşə ehtiyacı olan adam 04.06.2020-ci il tarixdən işə çıxmalı idi. 08.06.2020-ci il tarixdə poçt vasitəsi ilə bildirişi aldıqdan sonra Zivər Rzayeva işə çıxmaq əvəzinə, birliyə gələrək izahat yazmışdır. X10 izahat yazmalı deyil, işə çıxıb işləməli olması izah edilmişdir. 30.06.2020-ci il tarixdə Zivər Rzayeva əmək haqqını alaraq, işə bərpa olunduğunu bilsə də, işə çıxmaqdan imtina etmişdir. Zivər Rzayeva 1 ay 3 gün işə çıxmamışdır. Zivər Rzayevaya 03.06.2020-ci il tarixdə əmrin surəti verilmədiyi qəbul edilsə belə, 08.06.2020-ci il tarixdə göndərilmiş bildirişi, 25.06.2020-ci il tarixdə əmək haqqını bütöv alması, 30.06.2020-ci il tarixdə yeni bildirişi alması onun işə bərpa olunmasını təsdiq edir. Birlik icra vərəqəsinə əsasən icra hərəkətlərini tam başa çatdırmışdır. İşə bərpa olunması barədə əmrin Zivər Rzayevaya verilməməsi iş materialları ilə təkzib olunur. Zivər Rzayeva sadəcə olaraq işləməyib pul almağa daha çox meyillidir. Məhkəmə 01.07.2020-ci il tarixli icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi, icra hərəkətlərini davam etdirilməsi nəticəsinə gələrkən, öz qərarında icra məmuru tərəfindən bundan sonra hansı icra hərəkətləri etməli olmasını müəyyən etməli idi. Məhkəmə qətnaməsi ilə işə bərpa olunarkən əmrin surətinin işə bərpa olunan şəxsə verilməsini tənzimləyən maddi hüquq normaları mövcud deyildir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv olunması və Rzayeva Zivər Babacan qızının şikayətinin rədd olunması barədə yeni qərardad çıxarılması xahiş olunmuşdur. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərar qəbul edərkən bir sıra maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3233/2019 saylı, 16.09.2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən Sumqayıt şəhəri “Lift-Servis” X9 Babacan qızı barəsində 01.04.2019-cu il tarixli, 10 saylı və 01.04.2019-cu il tarixli, 04 saylı əmrləri ləğv edilməli, Rzayeva Zivər Babacan qızı “Lift-Servis” Birliyi üzrə 12-ci mkr., sahəsinin lift nəzarətçisi vəzifəsinə bərpa edilməli və ödənilməmiş aylıq əmək haqqı ona ödənilməlidir. Qətnamə əsasında verilmiş icra sənədi 02.03.2020-ci il tarixdə icraata daxil olmuş və həmin sənədin icrası istiqamətində qanuna müvafiq tədbirlər görülmüşdür. Belə ki, qeyd olunan icra sənədinin icrası ilə əlaqədar olaraq 03.06.2020-ci il tarixdə onun, icra məmuru Ramin Əhmədovun və X12 Babacan qızının iştirakı ilə icra prosesi Sumqayıt şəhər “Lift-Servis” Birliyinin Sumqayıt şəhəri, 9-cu mikrorayonunda yerləşən inzibati binasına təyin olunmuş və həmin vaxt Birliyin direktoru tələbkarın işinə bərpa olunması və ödənilməmiş əmək haqqının ödənilməsi barədə 03.06.2020-ci il tarixli, 24 saylı əmri onlara təqdim etmişdir. Bundan sonra akt tərtib olunmuş, lakin tələbkar Zivər Rzayeva həmin gün ödənilməmiş əmək haqqını almayacağı təqdirdə, akta imza etməyəcəyini və işə çıxmayacağını bildirmişdir. 03.06.2020-ci il tarixli aktla tələbkar Zivər Rzayeva işə bərpa olunmuş, icra sənədinin ödənilməmiş əmək haqqının ödənilməsi hissəsi isə Birlik tərəfindən təqdim edilmiş 25.06.2020-ci il tarixli ödəniş tapşırığı ilə tam icra edilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinə 18.06.2020-ci il tarixdə daxil olmuş Sumqayıt şəhəri “Lift-Servis” Birliyinin məktubunda Zivər Rzayevanın əmək haqqı kartının müddəti bitdiyi üçün banka müraciət olunduğu, kart hazır olan kimi məbləğin tam şəkildə ödəniləcəyi bildirilmişdir. Həmçinin onun tərəfindən tərtib olunmuş akta Zivər Rzayevanın imza etməməsi həmin sənədin etibarsız hesab edilərək tam icra olunmuş icra sənədinin icraatına xitam verilməməsi üçün əsas deyildir. Qərardadda mötəbər sübutların təqdim edilmədiyi qeyd olunsa da, tərəfindən 01.07.2020-ci il tarixli, 9266/38 saylı icraata xitam verilməsi barədə qərarına kifayət qədər sübut və dəlillər əlavə olunmuşdur. Həmin icra sənədinə xitam verilməsi barədə qərara 03.06.2020-ci il tarixli akt, 24 saylı əmrin surəti, 25.06.2020-ci il tarixli ödəniş tapşırığı əlavə olunmuşdur. Qeyd edilən sənədlər Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3233/2019 saylı, 16.09.2019-cu il tarixli qətnaməsində göstərilən tələbləri tam əhatə etdiyindən icraata xitam verilmişdir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv olunması və Rzayeva Zivər Babacan qızının şikayətinin rədd olunması barədə yeni qərardad çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında borclu Sumqayıt şəhəri “Lift-Servis” Birliyinin nümayəndəsi X3 borclunun şikayətində göstərilənlərə uyğun izahat verdi. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X11 məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra idarəsinin şikayətində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında X12 Babacan qızının nümayəndəsi X6 şikayətlərin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qərardadının dəyişdirilmədən, şikayətlərin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. X12 Babacan qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayətlər qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli və X12 Babacan qızının icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan şikayətinə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, borclunun və Sumqayıt şəhəri üzrə İcra idarəsinin şikayətləri iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2(060)-4883/2019 saylı qətnaməsi ilə Rzayeva Zivər Babacan qızının Sumqayıt şəhəri “Lift-Servis” Birliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və ödənilməmiş aylıq əmək haqqının tutulması tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli, 2(105)-3233/2019 saylı qətnaməsinin surətindən görünür ki, Rzayeva Zivər Babacan qızının apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 11 iyun 2019-cu il tarixli, 2(060)-4883/2019 saylı qətnaməsi ləğv edilmiş, Rzayeva Zivər Babacan qızının Sumqayıt şəhəri “Lift-Servis” Birliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və ödənilməmiş aylıq əmək haqqının tutulması tələbinə dair iddiasının təmin edilməsi, Sumqayıt şəhəri “Lift-Servis” X9 Babacan qızı barəsində 01 aprel 2019-cu il tarixli, 10 saylı əmrinin və 01 aprel 2019-cu il tarixli, 04 saylı əmrinin ləğv edilməsi, Rzayeva Zivər Babacan qızının Sumqayıt şəhəri “Lift-Servis” Birliyi üzrə 12-ci mikrorayon sahəsinin lift nəzarətçisi vəzifəsinə bərpa edilməsi və ödənilməmiş aylıq əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22.01.2020-ci il tarixli, 2(102)-533/2020 saylı qərarının surətindən görünür ki, Sumqayıt şəhəri “Lift-Servis” Birliyinin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli, 2(105)-3233/2019 saylı qətnaməsi əsasında Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 25.02.2020-ci il tarixdə icra vərəqəsi verilmiş, həmin icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru tərəfindən 02 mart 2020-ci il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmurunun 01 iyul 2020-ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3233/2019 saylı, 16.09.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra haqqında” qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin qanunun 20.5-ci maddəsinə görə tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İşdən görünür ki, Rzayeva Zivər Babacan qızının Sumqayıt şəhəri “Lift-Servis” Birliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və ödənilməmiş aylıq əmək haqqının tutulması tələbinə dair iddiası üzrə icra sənədi Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Birinci instansiya məhkəməsi şikayətə baxarkən icra sənədinin Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilməsini nəzərə almayaraq Rzayeva Zivər Babacan qızının icra sənədi üzrə icraata xitam verilməsi barədə şikayətini icraata qəbul edərək mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətlərdə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, şikayətlər qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli və X12 Babacan qızının icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan şikayətinə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Şikayətə yenidən baxılarkən yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla, qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 397-398ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu Sumqayıt şəhəri “Lift-Servis” Birliyinin və Sumqayıt şəhəri üzrə İcra idarəsinin şikayətləri qismən təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 8(060)-117/2021 saylı qərardadı ləğv edilsin. X12 Babacan qızının icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan şikayətinə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №8(105)-93/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-93/2021
28.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver