Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-93/2023 11.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 8(060)-141/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərardadı ilə (hakim E.Abdullayev) təqdimatın təmin edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 380/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu “X2 Şirkəti” MMC-yə (VÖEN:**********) məxsus "xxxx" ASC-nin Sumqayıt filialında olan hesablardakı pul vəsaitləri üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu “X2 Şirkəti” MMC tərəfindən qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 10 may 2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-141/2023 nömrəli qərardadından “X2 Şirkəti” MMC tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Borclu “X2 Şirkəti” MMC həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-141/2023 nömrəli, 10 may 2023-cü il tarixli qərardadı ləğv edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-141/2023 nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası haqqında “X2 Şirkəti” MMC tərəfindən verilmiş ərizəyə baxılması xx.xx.2023-cü il tarixə, saat 15:20-yə təyin edilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-141/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış müddətin bərpası haqqında “X2 Şirkəti” MMC-nin vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Borclu “X2 Şirkəti” MMC həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-141/2023 nömrəli qərardadından “X2 Şirkəti” MMC tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Borclu “X2 Şirkəti” MMC həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-141/2023 nömrəli, 07 iyul 2023-cü il tarixli qərardadından “X2 Şirkəti” MMC tərəfindən verilmiş şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Tural İsayev təqdimatla Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-380/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu “X2 Şirkəti” MMC-yə məxsus "xxxx" ASC-nin Sumqayıt filialında olan bank hesablarındakı pul vəsaitləri üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu “X2 Şirkəti” MMC Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və müddətin bərpası barədə ərizənin təmin edilərək şikayətinin baxılaraq təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, həm şikayət, həm də prosessual müddətin bərpası barədə ərizə verilmişdir. Lakin məhkəmə dəlillərə düzgün hüquqi qiymət verməyərək ərizəni təmin etməkdən imtina etmişdir ki, bununla da prosessual və konstitusion hüquqlarını pozmuşdur. Ona görə də belə hesab edir ki, ərizədə göstərilən dəlillər ərizənin təmin edilməsi üçün kifayət etmişdir və məhkəmə bunu təmin etməməklə işimizə daha obyektiv baxılmasının qarşısını almışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi şikayətin rədd edilməsini sözügedən qərardaddan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin ötürülməsi və məhkəməyə müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair vəsatətin daxil olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin 08 iyun 2023-cü il tarixli qərardadı Borclu “X2 Şirkəti” MMC-nin elektron kabinetinə 21 iyun 2023-cü il tarixdə yerləşdirilmişdir. Bununla da qərardaddan şikayət vermə müddətinin axımı başlamış, 10 günlük müddət 01 iyul 2023-cü il tarixədək davam etmişdir. Borclunun şikayəti isə 04 iyul 2023-cü il tarixdə elektron kabinet vasitəsilə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Mülki Prosessual Məcəllənin 128.1. maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur (Mülki Prosessual Məcəllənin 129.1., 129.3. maddələri). Mülki Prosessual Məcəllənin 133.1. maddəsi maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (K.N.Qəribovanın şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi plenumunun xx.xx.2008-ci il tarixli qərarı). “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 13 fevral 2007-ci il tarixli qərarında hüquqi mövqeyini qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquq müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir ("xxxx" ASC-nin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2006-cı il tarixli qərarı). Bu mənada məhkəmə kollegiyası borclunun prosessual müddətin üzrsüz səbəbdən ötürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, sonuncu tərəfindən 08 iyun 2023-cü il tarixli məhkəmə qərardadından şikayət prosessual müddəti üzrlü səbəb olmadan buraxdığından, birinci instansiya məhkəməsi haqlı olaraq şikayətin geri qaytarılması qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Borclu “X2 Şirkəti” MMC-nin şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2023-cü il tarixli və onunla bağlı 17 iyul 2023cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-93/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-93/2023
11.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver