Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-94/2021 28.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, Xaçmaz rayon məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 8(067)-33/2021 saylı qərardadından X3 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz rayon məhkəməsinin 16 fevral 2021-ci il tarixli qərardadı ilə (hakim İ.Xəlilov) borclu X5 Xaçmaz rayon məhkəməsinin 2(067)-481/2019 saylı, 01.02.2019cu il tarixli qətnaməsi üzrə borcun hissə-hissə ödənilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. X3 qərardaddan şikayət vermişdir. Xaçmaz rayon məhkəməsinin 01 aprel 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. ƏRİZƏNİN DƏLİLLƏRİ Borclu X4 rayon məhkəməsinin 01.02.2019-cu il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclu qətnamə çıxarıldıqdan sonra 1110 manat məbləğində ödəniş etmişdir. Hal-hazırda onun 1846.41 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Özü heç yerdə işləmir və himayəsində atası, həyat yoldaşı və 2 azyaşlı övladı vardır. Ailədə işləyən yoxdur. Atası pensiyaçıdır, aldığı pensiya borc olaraq kartından tutulur. Həyat yoldaşının xəstəliyi var və iynə dərmana çoxlu pul lazımdır. Hazırda pandemiya ilə əlaqədar heç yerdə fərdi işlərdə çalışa bilmir. Ona görə də, həmin pulu ancaq hissə-hissə ödəmək qabiliyyətindədir. Gələcəkdə hər hansı bir işə qəbul edilsə, pulu tam ödəməyi öhdəsinə götürür. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ X3 Xaçmaz rayon məhkəməsinin 16 fevral 2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi şikayəti onunla əsaslandırmışdır ki, hazırda onun iddiaçıya 1846,41 manat ödənilməmiş borcu qalmışdır. Özü heç bir yerdə işləmir, ailədə də işləyəni yoxdur. Ona görə də ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin 01.02.2019-cu il tarixli qətnaməsinə əsasən X2 olan borcunun ödənilməsi ilə bağlı həmin borcun hər ay hissə-hissə 50 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə baxış iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 və 397.2. maddələrinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini dinləyib, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz rayon məhkəməsinin 16 fevral 2021-ci il tarixli və onunla bağlı 01 aprel 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini borclu tərəfindən qətnamənin hissə-hissə icra edilməsi üçün əsas gətirdiyi halları təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1 və 2-ci hissəsindən müəyyən edilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 231.1. maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi hər bir kəs üçün icrası məcburidir. Lakin məhkəmə əmlak və digər halları ilə əlaqədar tərəfin ərizəsi əsasında məhkəmə qətnamənin hissə-hissə icra etmək qaydasını müəyyən edə bilər. Bu da yalnız o zaman mümkündür ki, qətnamənin icra edilməməsi üçün real əsaslar mövcud olsun və tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsin. Borclu məhkəmə aktının birdəfəyə ödəməyə maddi imkanın olmamasına dair tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmiş, həmçinin qətnamənin icrası üçün də real hərəkət etməmişdir. Ərizəçidən tutulmalı olan 1846,41 manat məbləğin hər ay 50 manat olmaqla ödənilməsi nəzərə alınarsa bu müddət 37 aya yaxın təşkil edir ki, qətnamənin icraya yönəldiyi tarixdən hazırkı vaxta kimi olan müddət, həmçinin xahiş edilən müddət də nəzərə alınarsa, həmin müddət qətnamə ilə hüquqları bərpa edilən iddiaçının (tələbkarın) hüquqlarının bərpasını xəyali etmiş olmasını qaçılmaz edəcəkdir. Halbuki şəxsin pozulmuş hüququnun bərpasına yönəlmiş məhkəmə aktı həmin hüququn xəyali deyil, real və ağlabatan müddətdə bərpasının təmininə yönəldilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ X1 şikayəti təmin edilməsin. Xaçmaz rayon məhkəməsinin 16 fevral 2021-ci il tarixli və onunla bağlı 01 aprel 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №8(105)-94/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-94/2021
28.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver