Məhkəmə qərarları › İş №8(105)-94/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-94/2025

22.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-94/2025 22.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ ərizəçi ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icra məmurunun icraatın yenilənməsi barədə qərarından verdiyi şikayət üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X5 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli icraatın yenilənməsi barədə qərarından ərizəçi ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət ərizəsinə dair Abşeron Rayon Məhkəməsinin 8(012)-110/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından “X10 LTD” MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. İş materiallarında olan Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli icraatın yenilənməsi barədə qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1265/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraatın təzələnməsi qərara alınmışdır.

2. Ərizəçi ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Anar Cabbarov Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli qərarından şikayət verərək, Maraqlı şəxs1 icra məmuru Orxan Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “icraatın yenilənməsi” barədə qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-110/2025 nömrəli qərardadı ilə (hakim Elman Məmmədov) şikayət təmin edilmiş, Maraqlı şəxs1 icra məmuru Orxan Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “icraatın yenilənməsi” barədə qərarın ləğv edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsi yalnız iş üzrə borclu “X10 LTD” MMC-yə və Abşeron rayon inzibati ərazisində yerləşən əmlaka aid hissədə icra olunması üçün Maraqlı şəxs1nə göndərilmiş, digər borclu X2 və qeyrilərinə aid hissədə isə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmədiyi üçün tələbkar tərəfindən icraatın dayandırılmasına dair xx.xx.2024-cü il tarixli məktubla Maraqlı şəxs1nə müraciət edilmiş, müvafiq qaydada icraata dayandırılmış, icra sənədinin icraatının dayandırılması barədə Maraqlı şəxs1nə müraciət etməkdə məqsəd isə icra sənədi üzrə digər ipoteka predmetlərinə dair hissədə də icra sənədinin icra olunması olmuşdur və tələbkarın müraciətləri əsasında iş üzrə digər əmlakların hərrac vasitəsi ilə realizə edilməsinə dair həmin hissədə yeni icra vərəqəsi verilərək aidiyyəti üzrə icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Lakin buna baxmayaraq tələbkar tərəfin icraatın bərpası ilə bağlı təkrar müraciəti olmadan və yaxud icraatın təzələnməsinə əsaslar olmadan, yalnız borclunun istəyi nəzərə alınmaqla Maraqlı şəxs1 icra məmuru tərəfindən mövcud qanunvericiliyin tələbinə zidd olaraq xx.xx.2025-ci il tarixdə “icraatın yenilənməsi” barədə qərar qəbul edilmişdir.

5. Borclu “X10 LTD” MMC Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-110/2025 saylı qərardadından şikayət verərək, Maraqlı şəxs1 icraatın yeniləməsi barədə qərarının ləğv olunmasına dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-110/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir.

6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-110/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

7. Şikayət onunla əsaslandırılmışdır ki, “X10 LTD” MMC-dən xx.xx.2013-cü il tarixli, 91/2013 saylı və xx.xx.2013-cü il tarixli, 92/2013 saylı kredit müqavilələri üzrə ümumilikdə 4106715,17 manat pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq tələbkar LPO "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın X3 “X10 LTD” MMC-nin nizamnamə kapitalında olan 33 faiz təşkil edən payına, “X10 LTD” MMC-yə məxsus, 9.000.000,00 manat dəyərində qiymətləndirilmiş Xırdalan şəhəri, XırdalanMasazır şosesinin şimalında yerləşən 2484.8 kv.metr sahəsi olan qeyri-yaşayış binasına yönəldilmişdir. İpoteka predmetinin açıq hərracda satılmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-581/2023 saylı icra vərəqəsi xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs1 icraatına daxil olmuş, müxtəlif icra hərəkətləri aparılmışdır. Azərbaycan Respublikası Nazirliyində Elektron hərrac sistemi yaradıldıqdan sonra əmlakın satışı ilə bağlı Hərrac Mərkəzinə sifariş verilmiş, iki dəfə hərrac keçirilmiş, əmlak satılmadığı, eyni zamanda tələbkar təşkilat qəbul etmədiyi üçün geri qaytarılmış, həmin ərəfədə tələbkar LPO "xxxx" ASC icra məmurunun yenilənməyə dair qərarından şikayət vermiş, maraqlı olan tərəf kimi “X10 LTD” MMC məhkəməyə dəvət edilməmiş, başdansovdu, qanunsuz qərardad çıxarılmışdır. Qərar qəbul edilərkən məhkəmə aidiyyəti pozulmuşdur. Çünki bu iş üzrə şikayət Kommersiya Məhkəməsinin aidiyyətindədir. Tələbkar təşkilatın marağı nədir ki, əmlakın satışını istəmir, icranı ləngidir? İki dəfə hərracın keçirilməsi, əmlakın satılmadığı, tələbkar təşkilatın qəbul etmədiyi üçün geri qaytarılması, eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8. və 48-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarı nəzərə alınmamışdır. Qərar qəbul edilərkən məhkəmə aidiyyəti pozulmuşdur. Çünki bu iş üzrə şikayət Kommersiya Məhkəməsinin aidiyyətindədir. Göstərilənlərə əsasən o, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

9. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (...)

10. Maddə 17. İcraatın dayandırılmasının məcburiliyi 17.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: 17.1.1. məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; 17.1.2. borclu fəaliyyət qabiliyyətini itirdikdə; 17.1.3. borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; 17.1.4. icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; 17.1.5. inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; 17.1.6. icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; 17.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; 17.1.8. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; 17.1.9. icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; 17.1.10. tələbkarın müvafiq xahişi olduqda.

11. Maddə 18. İcraatın dayandırılmasının mümkün olduğu hallar 18.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər: 18.1.2. borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda; 18.1.3. borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda; 18.1.4. icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə; 18.1.5. borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda;

12. Maddə 19. İcraatın dayandırılması müddətləri 19.1.Bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat aşağıdakı vaxtlara qədər dayandırılır: 19.1.1. borclu öldüyü, ölmüş elan edildiyi və ya xəbərsiz itkin düşmüş hesab edildiyi, fəaliyyət qabiliyyəti olmayan sayıldığı, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandığı halda - müvafiq olaraq vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək, məhkəmə xəbərsiz itkin düşmüş şəxsin əmlakını idarə olunmaq üçün qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin olunan şəxsə verənədək və ya fəaliyyət qabiliyyəti olmayan borcluya qəyyum təyin edilənədək yaxud iş üzrə qərar qəbul edilənədək; 19.1.2. borclunun və ya tələbkarın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissələrində müddətli həqiqi hərbi xidmətdə olduğu, üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda, stasionar müalicə müəssisəsində olduğu və ya borclunun, onun əmlakının axtarışda olduğu və ya ondan alınmış uşağın axtarışda olduğu halda - müvafiq olaraq hərbi xidmətdən buraxılanadək və ya kontrakt üzrə hərbi xidmətə başlayanadək, icra hərəkətlərinin keçirildiyi yerin hüdudlarına qayıdanadək, müalicə müəssisəsindən çıxanadək yaxud borclunun, onun əmlakının və ya ondan alınmış uşağın axtarışı başa çatanadək; 19.1.3. icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş tələb, məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda - mübahisəyə mahiyyəti üzrə baxılanadək; 19.1.4. icra məmuruna etirazın təmin edilməməsindən şikayət verildiyi halda məhkəmə tərəfindən həmin şikayətə baxılanadək; 19.1.5. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayətə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qəbul olunanadək; 19.1.6. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti ilə əlaqədar həmin məhkəmələrin qərarları qanuni qüvvəyə minənədək; 19.1.7. digər hallarda - icraatın dayandırılması səbəbləri aradan qalxanadək. 19.2. İcraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

14. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

16. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; (...)

17. Maddə 399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.

18. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

20. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

22. Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə əsasən, 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

23. İşdən görünür ki, birinci instansiya məhkəməsi icra sənədi üzrə borclu “X10 LTD” məhdud məsuliyyətli cəmiyyətini işdə iştirak etməyə cəlb etmədən, onun iştirakı olmadan işə baxmış və maraqlarına toxunan qərardad qəbul etmişdir. Borclu bu barədə şikayətində göstərsə də, birinci instansiya məhkəməsi şikayətə baxarkən bu hala diqqət yetirməmiş, o cümlədən şikayətin digər dəlillərinə də qiymət verməmişdir.

24. Halbuki, Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə görə şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən baxılır, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması MPM-in 385.1-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, Abşeron Rayon Məhkəməsinin 8(012)-110/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-110/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar