Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-95/2021 26.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun xx xxxxxx 2019-cu il tarixli 21590/19 saylı icraata başlamaq haqqında qərarından borclular tərəfindən verilmiş şikayət üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından borclular tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə (hakim E.A.Abdullayev) Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmurunun xx.xx.2019-cu il tarixli, 21590/19 saylı icraata başlamaq haqqında qərarından borclular X8 və X9 tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: X8 və X9 (bundan sonra borclular) Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmurunun xx.xx.2019-cu il tarixli, 21590/19 saylı “icraata başlamaq haqqında” qərarından şikayət verərək qərarın müvəqqəti dayandırılmasını xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2019-cu il tarixli icraata başlanması haqqında qərarın ləğv olunması və bununla bağlı məsələyə baxılanadək icraat dayandırılmalıdır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsində Sumqayıt şəhəri, 13-cü mkr, ev 1, mən 8 - 45000AZN dəyərində və Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 31, mən 65 - 59000 AZN dəyərində hərracda satılması göstərilmişdir. İş apellyasiya baxışı zamanı Sumqayıt şəhər 13-cü mkr-da yerləşən 1 saylı evin 2 otaqlı 8-ci mənzili əmlakın qiymətləndirilməsi ekspertizası tərəfindən verilən rəy əsasında 60000 manat, likvid dəyəri 51000 manat qiymətləndirilərək məhkəməyə rəy təqdim edilmişdir. Qətnamədən göründüyü kimi bizim əmlakın ilkin satış qiyməti hal-hazırkı bazar qiyməti ilə uyğun deyildir. Sumqayıt şəhər, 18 mkr, ev 31, mən 65-in hal-hazırkı bazar dəyəri 120-130 min manatdır. Əmlak bazar qiyməti ilə qiymətləndirilsə idi, həmin əmlak borcun tam şəkildə ödənilməsinə yetərli olardı. Hətta bazar qiyməti ilə qiymətləndirilmədiyi halda 1 əmlak borc ödənilmə üçün yetərlidir. Onu da qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsini işi üzrə cavabdehlər X15 , X5, X10 və X12 hal-hazırkı vaxta qədər almamışlar. Buna görə də onların qətnamədən kassasiya şikayəti vermək üçün hüququ məhdudlaşdırılmışdır. Yəni onlar tərəfindən mübahisəli mənzillə bağlı kassasiya şikayəti verilməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Borclular E.S.Məcidov və Elvin Məcidov verdiyi şikayətini onunla əsaslandırmışlar ki, borclu Elman Məcidov ikinci X4 iştirakçısıdır. Həmin müharibədə yaralanıb, hal-hazırda müalicədədir. Belə vəziyyətdə onun evdən çıxarılması yaxşı hal deyil. Digər tərəfdən mübahisəli olan mənzildə 4 nəfərin kassasiya şikayəti vermə hüququ İcraçı məhdudlaşdırmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 8(060)- 51/2021 saylı qərardadını ləğv edib, yeni qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. X13, Elvin Məcidov və Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: “İcra haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır (8.1.). İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir (8.2.). İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir (8.3.). Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər (8.5.). İş üzrə tədqiq edilmiş sənədlərdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1083/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Tələbkar ASC-nin X9 və qeyrilərinə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiası qismən təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3098/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə həmin qətnamədən hazırkı iş üzrə borclular tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə iddianın təmin edilmiş hissəsində qismən ləğv edilmiş və həmin hissədə iddia təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1469/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi iddianın rədd edilmiş hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2078/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, qalan hissədə isə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5522/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi icraya yönəldilmiş və Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında xx xxxxxx 2019-cu il tarixli qərar qəbul edilmişdir. Borclular hazırda həmin qərarı mübahisələndirirlər. Məhkəmə hesab edir ki, icra məmurunun qeyd edilən qərarının ləğv edilməsi üçün maddi və prosessual əsaslar mövcud deyildir. Belə ki, həmin qərarın qəbul edilməsi zamanı icra məmurunun hərəkətlərində hər hansı qanun pozuntusu mövcud olmamışdır. Borclunun nümayəndəsinin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2078/2018 saylı, xx xxxxxx 2018ci il tarixli qətnaməsindən mübahisəli mənzillərdə qeydiyyatda olan şəxslərin kassasiya şikayəti vermək arzusunda olmaları icraata başlamaq haqqında qərarın ləğvi üçün əsas ola bilməz. İcra icraatının dayandırılması ilə bağlı borcluların dəlillərinə gəldikdə qeyd edilməlidir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində icra sənədi üzrə icraatın dayandırılmasının məcburi halları, 18-ci maddəsində isə icra sənədi üzrə icraatın dayandırılmasının mümkün olduğu hallar göstərilmişdir. Həmçinin, həmin Qanunun 21-ci maddəsində göstərilmişdir ki, bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır (21.1.). Bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir (21.2.). Məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır (21.3.). İcraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər (21.4.). İcra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qəbul edilmiş qərarın surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir (21.5.). Tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər (21.6.). Qeyd edilən normaların məzmunundan göründüyü kimi, icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. İcraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Yəni, borclular icra icraatının dayandırılmasını istədikləri halda bununla bağlı icra məmuruna müraciət etməli idilər. İcra məmuru ya icra üzrə icraatı dayandırmalı, yaxud da bununla bağlı məhkəməyə təqdimat verməli idi. Borclular icra qurumu tərəfindən imtina cavabı aldıqları və ya onların tələbinə hər hansı cavab verilmədiyi təqdirdə icra məmurunun qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) məhkəməyə şikayət etməli idilər. Hazırkı halda isə borclular icra məmurunun qərarından şikayət verdikləri halda həmin qərarın ləğv edilməsini deyil dayandırılmasını xahiş etmişlər. Göründüyü kimi ərizə qeyri-müəyyən olmaqla onun təmin olunması üçün hər hansı qanuni əsas mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadıgından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: X1 və X3 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxxxx 2021-ci il tarixli 8(060)-51/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №8(105)-95/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-95/2021
26.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver