Məhkəmə qərarları › İş №8(105)-95/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-95/2022

06.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-95/2022 06.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 2(012)-288/2017 saylı, 18 yanvar 2017-ci il tarixli qətnaməsinə və Abşeron Rayon Məhkəməsinin 2(012)-6752/2016 saylı, 18 oktyabr 2016cı il tarixli qərardadına izah verilməsi barədə Abşeron Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 8(012)-206/2022 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətin mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli qərardadı ilə (hakim M.Abbasova) Abşeron Rayon Məhkəməsinin 2(012)-288/2017 saylı, 18 yanvar 2017-ci il tarixli qətnaməsinə və Abşeron Rayon Məhkəməsinin 2(012)-6752/2016 saylı, 18 oktyabr 2016- cı il tarixli qərardadına izah verilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin ərizəsi təmin edilməməsi qərara alınmışdır. Borclu qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-288/2017 saylı, 18 yanvar 2017-ci il tarixli qətnaməsinə və Abşeron Rayon Məhkəməsinin 2(012)-6752/2016 saylı, 18 oktyabr 2016-cı il tarixli qərardadına izah verilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin ərizəsinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(012)- 206/2022 saylı qərardadından icra sənədi üzrə Borclu tərəfindən verilmiş şikayət geri qaytarılması qərara alınmışdır. Borclu 07 aprel 2022-ci il tarixli qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(012)-206/2022 saylı qərardadından icra sənədi üzrə Borclu tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Borclu tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur (Mülki Prosessual Məcəllənin 128.1. və 129.2. maddələri). İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən 07 aprel 2022ci il tarixli qərardad borclu tərəfindən 26 aprel 2022-ci il tarixdə qəbzə imza çəkilməklə qəbul edilmiş, borclu qərardaddan 05 may 2022-ci il tarixdə şikayət vermiş, lakin qərardaddan verilmiş şikayət onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından, birinci instansiya məhkəməsinin 06 may 2022-ci il tarixli qərardadı ilə geri qaytarılması qərara alınmışdır. Borclu birinci instansiya məhkəməsinin qərardadından yenidən elektron kabinet vasitəsilə 13 may 2022-ci il tarixdə şikayət vermiş, lakin bu zaman birinci instansiya məhkəməsi borclunun şikayət verməsi üçün müddəti ötürməsi barədə əsasların olmasına baxmayaraq müddətin ötürülməmiş hesab edilərək şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3. maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Bundan başqa qərardaddan verilmiş şikayət elektron qaydada Vəkil tərəfindən imzalansa da, iş materiallarına əlavə edilmiş orderdə tapşırığın məzmunu və işin mərhələsi “nikahın pozulması” kimi qeyd edilmiş, birinci instansiya məhkəməsi orderdə göstərilən bu hala diqqət yetirməmişdir. Halbuki hazırkı mübahisələndirilən qərardad şikayətə əlavə edilmiş orderdə göstərilən işdən fərqli olaraq müstəqil işdir. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, şikayət MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, Borclu tərəfindən verilmiş şikayətin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, Borclu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qərardaddan verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 269, 396.1, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Borclu tərəfindən Abşeron Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli qərardadından verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayət Azərbaycan Respublikası MPM-nin 269, 396.1, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar