Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-95/2023 18.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-960/2021 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə iş üzrə (Açar sözlər: qətnamənin hissə-hissə icra edilməsi) X8 Süleymanovanın sədrliyi və məruzəsi, X5 Qafari və X7 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, X1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-960/2021 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)-32/2023 nömrəli 07 iyun 2023-cü il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları :
1. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-960/2021 saylı qətnaməsinə əsasən, iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər Əlizadə (Quliyeva) Nərmin Qalib qızından və X6 əsas borc olaraq 14460 manat və məhkəmə xərci olaraq isə 30 manat, ümumilikdə, 14490 manat pul vəsaitinin iddiaçı X3 xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə rədd edilməsi qət edilmişdir
2. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)- 2173/2021 saylı qətnaməsinə əsasən, cavabdeh N.Q.Əlizadə (Quliyeva) tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 960/2021 saylı qətnaməsi cavabdeh N.Q.Əlizadəyə (Quliyevaya) aid hissədə dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 2795/2022 saylı qərarına əsasən, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-2173/2021 saylı qətnaməsi cavabdeh Əlizadə (Quliyeva) Nərmin Qalib qızına aid hissədə dəyişdirilmədən saxlanılmışdır.
4. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-960/2021 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün xx.xx.2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir.
5. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-960/2021 saylı qətnaməsinin hər ay 150 manat olmaqla hissə-hissə icra edilməsini məhkəmədən xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-960/2021 saylı qətnaməsinə əsasən, iddia ərizəsi qismən təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbində göstərdiyi cavabdehlərdən əsas borc olaraq 14460 manat pulun alınaraq ona verilməsi tələbi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmişdir. Ərizəçi ailəli olmaqla ailə üzvləri 4 nəfərdən ibarətdir. Özü heç bir yerdə işləmir, iş axtaran kimi rəsmi qeydiyyatdadır. Himayəsində 2 azyaşlı uşaq var, sabit qazancı və ya iş yeri yoxdur. Qeyd olunan məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi öhdəliyi də tək ərizəçinin üzərindədir. Ona görə də ailə və maddi vəziyyəti nəzərə alınmaqla ərizənin təmin olunması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunur.
Birinci instansiya məhkəməsində icraat
7. Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 8(012)-321/2023 saylı qərardadına əsasən, ərizəçi-X1 ərizəsi təmin edilməmişdir.
8. Borcu məhkəmə qərardadından şikayət vermişdir.
9. Abşeron Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 8(012)-321/2023 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 8(012)- 321/2023 saylı qərardadından ərizəçi X9 tərəfindən verilmiş şikayətin əsassız hesab edilərək təmin edilməməsi və baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Şikayətin dəlilləri
10. X2 şikayəti onunla əsaslandırmışdır ki, işin məhkəmə iclasında araşdırılması zamanı Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-960/2021 saylı qətnaməsinin icrasına əngəl törədən və X2 üçün əlverişsiz olan hallar öz təsdiqini tapmamış və məhkəmə borclunun ərizəsində istinad etdiyi halları qətnamənin hissə-hissə icrası üçün müstəsna hal kimi qəbul etməməklə yanaşı, tələbkarın mənafeyini nəzərə alaraq ərizənin rədd olunması qənaətinə gəlmişdir. Məhkəmə həmçinin, qeyd edir ki, icra sənədinin hissə-hissə icra edilməsi barədə tələbkarın razılığının olmaması və icra sənədinin hissə-hissə icra edilməsi tələbkarın icra müddətini uzun müddət ərzində gözləyəcəyi ilə nəticələnəcəyindən ərizə əsassızdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 12-ci bəndinə əsasən, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər və məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Hesab edir ki, məhkəmənin bu qənaəti ilə razılaşmaq olmaz. Belə ki, ərizəçi ailəli olmaqla ailə üzvləri 4 nəfərdən ibarətdir. Özü heç bir yerdə işləmir, iş axtaran kimi rəsmi qeydiyyatdadır. Himayəsində 2 azyaşlı uşaq var, sabit qazancı və ya iş yeri yoxdur. Yuxarıda qeyd olunan məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi öhdəliyi də tək ərizəçinin üzərindədir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-321/2023 saylı qərardadını ləğv edərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.
Şikayətə qarşı etirazın dəlilləri
11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. İcra haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-321/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-321/2023 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-321/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
16. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarından görünür ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.
17. Göründüyü kimi qanunvericilik hər bir halda iş üzrə hər iki tərəfin mövqeyinin gözlənilməsini nəzərdə tutur və qətnamənin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən məhkəmə tərəfindən ilk növbədə tərəflərin əmlak vəziyyətinin və borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif hallar nəzərə alınmalıdır.
18. Eyni zamanda qətnamənin hissə-hissə icra edilməsi qərara alınarkən tələbkarın da mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir.
19. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir.
20. Həmin qərarda qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı.
21. İşə baxılmasına ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir.
22. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı».
23. Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir.
24. Məhz bu baxımdan qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir.
25. Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər.
26. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən qaydada (təxminən 8 il müddətində) məhkəmə aktının hissə-hissə icra edilməsi məhkəmə aktının icra müddətini uzatmaqla tələbkarın qanuni mənafeyini, eləcə də məhkəmə qərarlarının icrası ilə bağlı ağlabatanlıq və ədalətlilik meyarlarını pozmuş olar.
27. Şikayətin dəlillərindən göründüyü kimi borclu işsiz olması, sabit qazancı olmamasını göstərmişdir.
28. Məhkəmə kollegiyası şikayətin dəlilini əsassız hesab edir və qeyd edir ki, borclunun işləməməsi, himayəsində iki azyaşlı uşağının olması onu məburi icrası tələb olunan məhkəmə aktının icrasından azad etmir və eləcə də məhkəmə aktının uzun müddət (təxminən 8 il müddətində) daxilində icra edilməsi ilə bağlı nəticəyə gəlinməsinə əsas vermir.
29. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizənin təmin edilməməsi ilə bağlı mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir, tərəflər arasında münasibətlərə düzgün hüquqi qiymət verilmişdir. Ona görə də şikayət təmin olunmamalı, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-321/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
30. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
X1 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli 8(012)-321/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.